XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 15:44

PUTİN ELİTASI “QARA SİYAHI”DA –"Forbes"dəki 96 milyarderin hamısı siyahıya salınıb – TƏHLİL

C. Uover

“Financal Times”, 31 yanvar 2018-ci il

 

Tramp administrasiyası “Putin rejiminə yaxın olan” və böyük sərvətə malik rusiyalı iş adamları və yüksək vəzifəli məmurların uzun siyahısını tərtib edib. Bu zaman administrasiya Kremlin “bunu etmək lazım deyil” xəbərdarlığına məhəl qoymayıb.  Məruzədə bir çox iş adamı və məmurun adı hallanıb, lakin Tramp yeni sanksiyalara müqavimət göstərir.

Konqresmenlərin tələbinə baxmayaraq,  administrasiya siyahıdakı şəxslərə qarşı yeni sanksiyalar tələb etməyib. Moskvanın işgüzar elitası məhz bu tədbirlərdən ehtiyat edirdi. Administrasiya qüvvədə olan tədbirlərin artıq Rusiyanın xaricdəki fəaliyyətinə təsir göstərdiyini bildirib.

Gecəyarı Vaşinqtonda maliyyə nazirliyinin məruzəsi dərc edilib. Belə bir məruzənin tərtib edilməsini ötən il qəbul edilmiş qanun tələb edirdi. Bu qanun Putin qarşısında yaltaqlıqda ittiham edilən Tramp administrasiyasının Ukraynaya hərbi müdaxiləsinə görə Kremlə qarşı təzyiqini azaltmamaq üçün nəzərdə tutulub.

Lakin Dövlət Departamenti bəyan edib ki, yeni sanksiyalar olmayacaq, çünki ötən il qəbul edilmiş qanun kifayət edir.

“Xarici dövlətlər və özəl sektorun hüquqi şəxslərinə xəbərdarlıq olunub ki, siyahıya düşən rus təşkilatları ilə böyük kommersiya əməliyyatlarına getmək sanksiyalara gətirib çıxaracaq, – Dövlət Departamenti bildirib. – Qanun işləsə, konkret fiziki və hüquqi şəxslərə qarşı sanksiyalara ehtiyac olmayacaq, çünki qanunun özü məhdudlaşdırıcı tədbirdir”.

Administrasiyasının yeni sanksiyalardan imtina etməsi Rusiyanın maliyyə bazarlarını ruhlandırıb. Mətbuat katibi Dmirti Peskov da daxil olmaqla Putinin yaxın ətrafından, demək olar, bütün yüksək vəzifəli məmurların adı keçən siyahı dərc olunduqdan sonra qiyməti düşən Rusiyanın qiymətli kağızları Avropa hərracları başlamadan öncə mövqeyini bərpa edib.

Rusiyanın aparıcı səhmlərinin kotirovkası həyata keçirilən “MosBirja”nın indeksi hərracın əvvəlində 0,5% düşsə də, Moskva vaxtı ilə günorta radələrində 0,3% artıb. Amma siyahıda adı çəkilən şəxslərlə əlaqəli olan bəzi şirkətlər zərər çəkib. “Noril nikel” şirkətinin səhmləri 1%, “Rusal”ınkı isə 2,9% azalıb.

Siyahının dərc edilməsi Rusiya rəhbərlərini qıcıqlandırıb. Rusiyanın “Rosneft” şirkətinin başçısı İqor Seçinin artıq 2014-cü ildə Amerika sanksiyalarına məruz qalan rəsmi nümayəndəsi adların yanlış prinsip əsasında tərtib edildiyini deyib.

“Prinsip etibarilə, sanksiyaları şərh etmirik, çünki bu, məhsuldar davranış şəkli deyil. Ancaq belə bir şeyə hazır idik, hərçənd bu sanksiyalarda düzgün və məntiqli heç nə görmürük, – nümayəndə Mixail Lyontev bildirib. – Siyahının tərtib edildiyi prinsipləri nəzərə alsaq, təəccüblü bir şey yoxdur… bu prinsiplər elə əvvəldən yanlış idi”.

Maliyyə nazirliyinin siyahısına Rusiyanın dövlət idarələrinin və dövlət şirkətlərinin başçıları, habelə məşhur merlər, qubernatorlar və parlament deputatları daxil edilib. Seçindən başqa siyahıya özəl sektor və dövlət şirkətlərindən məşhur şəxslərin adı salınıb.

Siyahıda “Sberbank”ın rəhbəri German Qref və “VTB”-nin prezidenti Andrey Kostinin adı hallanır. Həmçinin sənədə Roman Abramoviç, Oleq Deripaska və Alişer Usmanov da daxil olmaqla 100 milyarder daxil edilib.

Respublikaçılar və Konqresdən olan demokratlar təkid etdikdən sonra maliyyə nazirliyi belə bir məruzə dərc edib. Bu səbəbdən tətbiq edilən sanksiyaları zəiflətmək prezident Donald Trampa çox çətin olacaq.

Hesabatın dərc edilməsi fonunda Trampın Rusiya və Putinlə əlaqələri ciddi şəkildə yoxlanılır. Andiçmə mərasimindən sonra Tramp çox nadir halda Putini və Kremli tənqid edib. Bununla yanaşı, Amerika Ədliyyə nazirliyindən xüsusi prokuror Robert Müller (Robert Muller) Trampın seçki qərargahı ilə Moskva arasında mümkün razılaşma ilə bağlı böyük araşdırma işini davam etdirir.

Sanksiyalar vasitəsilə Amerikanın rəqibləri ilə mübarizə haqqında qanun (CAATSA) Ədliyyə naziliyindən Putin rejiminə yaxınlığına və sərvətinin həcminə görə yüksək vəzifəli siyasətçi və oliqarxların təyin edilməsini tələb edir.

Məruzənin məxfi olmayan versiyasında 1 milyard dollardan çox sərvətə malik 96 nəfər oliqarxın adı çəkilib. İctimaiyyətə açıqlanmayan məxfi versiyada isə bu insanların Putinə və hakim elitaya nə qədər yaxın olması, həmçinin onların korrupsiya fəaliyyətinə aydınlıq gətirən istənilən məlumat daxil edilib.

Rəsmi qadağaya baxmayaraq, mart seçkilərində Putinə meydan oxumağa çalışan korrupsiya mübarizi və fəal Aleksey Navalnı hesabatı “Putin mafiyasından olan şəxslərin adı hallanan real siyahı” adlandırıb. Bu şəxslərin başqa funksiya yerinə yetirdiyi aydındır, ancaq onlar korrupsiya rejiminin əsasını təşkil edir və bundan şəxsi qazanc əldə edirlər.

Bir çox mütəxəssis hesab edir ki, bu, açıq məruzə Putinlə sıx əlaqə saxlayan rus iş adamlarını və məmurlarını ifşa edəcək və gələcək sanksiyalar üçün “yol xəritəsi” olacaq. Lakin məruzənin məxfi olmayan hissəsində siyasi təsir, demək olar, nəzərdən keçirilmir.

Baş nazirin müavini Arkadi Dvorkoviç müxbirlərə bildirib ki, bu siyahı faktiki olaraq Rusiya siyasətində kimin kim olduğunu göstərən kitabdır. Dvorkoviçin bu sözləri “İnterfaks” informasiya agentliyinin məqaləsində yer alıb: “Hökumət üzvü kimi, mən bu siyahıda olmalıyam”.

Parlamentin yuxarı palatasının xarici işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev “Facebook”-da yazıb ki, Amerika xüsusi xidmət orqanları “rus siyasətçiləri ilə bağlı vəd etdikləri kompromatı tapmaqda ümidsizliyə qapılıblar və sadəcə Kremlin telefon kitabçasının üzünü köçürüblər”.

Bununala belə, siyahıda bəzi yüksək vəzifəli liberal məmurun, o cümlədən, Mərkəzi bankın rəhbəri Elvira Nabiullina, “Rosnano”n baş direktoru Anatoli Çubays və keçmiş iqtisadiyyat naziri, Putinin iqtisadi məsələlər üzrə müşaviri Aleksey Kudrinin adı yer almayıb.

Siyahıya daxil edilmiş bəzi oliqarxların mətbuat katibləri şərh xahişini cavablandırmaq yerinə, siyahıda bir milyard dollar sərvətin kriteriya kimi göstərildiyi hissəni skrinşot edib göndəriblər. Siyahıya, həmçinin Kreml ilə aşkar əlaqələri olmayan bəzi iş adamları, o cümlədən “Yandeks” şirkətinin rəhbəri Arkadi Voloj, supermarketlər maqnatı Sergey Qalitski və onlayn bankinq sahəsində fəaliyyət göstərən iş adamı Oleq Tinkov da yer alıb.

Siyahıdakı 96 oliqarxın adı ötən il “Forbes” jurnalının siyahısına daxil edilən 96 milyarderin adı ilə birə-bir eynidir. Məruzənin məxfi versiyasına sərvəti 1 milyard dollardan az olan iş adamları da daxil edilə bilər.

Xpressa.net