“Çinin “Bakı-Pekin-Tiflis münasibətləri bərabərlik prinsipi üzərində qurulub və iqtisadi mənfəət yeganə motivasiyadır” bəyanatlarına baxmayaraq siyasi dominantlığın yaratdığı təəssüratın qarşısını almaq çətindir. Çinin qərbə doğru genişlənməsi və onun regional stabilizatora çevrilməsi ilə regional rəqabətin köhnə modelləri bundan sonra da dəyişəcək”.
Bu barədə beynəlxalq təhlükəsizlik məsələləri ilə məşğul olan polşalı jurnalist Malqosia Krakovska (Malgosia Krakowska) “NEE” dərgisində çap olunan məqaləsində yazıb.
Müəllif hesab edir ki, Çinin “bir qurşaq bir yol” təşəbbüsü Cənubi Qafqazda hazırki geosiyasi status-kvonun bağlarını qırır. Bundan başqa görünən odur ki, Çinin ambisiyaları ticarət və investisiya kimi iqtisadi məsələlərdən daha artıq bir şeydir. Çinin regionda artmaqda olan iştirakı Rusiyanın və ABŞ-ın regionda oynadığı rolu ciddi şəkildə azaltmaq üçün ona imkan yaradır.
Çinin Avrasiyaya marağı onun Avropa Birliyi ilə əlaqələrini də möhkəmlədib. Bununla belə Çinin regiondakı iştirakı analitiklər üçün müəmmalı olaraq qalır. Uzun illər Kremlin “baş barmağının altında” qalmaqla region ciddi siyasi çatışmazlıqlara məruz qalıb. Bəziləri Gürcüstanın, Azərbaycanın, Ermənistanın Putinin ağuşundan qurtula biləcəklərini vurğulayır. Digərləri isə əməkdaşlığın yalnız bir qism seçilmişlərə fayda gətirəcəyi və regionun təhlükəsizlik dinamikasını çalxalayacağı riski barədə xəbərdarlıq edir.
Bölgənin yavaş-yavaş Çinin imkanlarına uyğunlaşmağa başlayacağı təqdirdə hansı təhlükəsizlik dəyişiklikləri gözlənilir?
Müəllifin fikrincə, Əfqanıstandan, Suriyadan və İraqdan sonra Vaşintonun yorğunluğu Pekin üçün imkanlar pəncərəsini açıb və Çin keçmiş postsovet Qafqazında Rusiyanı balanslaşdıra bilər. Çin rəhbəri Si Tsinpinqin (Xi Jinping) Çin Kommunist Partiyasının sonuncu qurultayında ölkəsinin dünyada tutduğu mövqeyi barədəki və qədim “İpək Yolu” ilə parallelər göstərdiyi çıxışından sitat gətirən jurnalist oktyabrın 30-da açılışı olan 846 kilometrlik Bakı-Tiflis-Kars dəmir yolu xəttinin əhəmiyyətini vurğulayır. Bu dəmir yolu ilə Asiyadan Avropaya 15 gün ərzində beş milyon tona yaxın çin malı daşımaq mümkün olacaq.
Çinin Cənubi Qafqazdakı inkişaf imkanları yanvarda Davosda keçrilən beynəlxalq iqtisadi forumda müzakirə olunub. Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Georgi Kvirkaşvili “İpək Yoli İqtisadi Forumu” layihəsindən yana olduqlarını bildiriblər. Azərbaycan və Gürcüstan regionun inkişafı baxımından Çini əhəmiyyətli investor kimi dəyərləndirirlər.
2000-ci illərin əvvəllərində Çin Cənubi Qafqazda ikinci dərəcəli oyunçu hesab edilirdi. Ənənəvi olaraq bura iri regional subyektlərin – Rusiya, İran və Türkiyənin maraqlarının kəsişdiyi yer idi. Rusiya regionu hər zaman özünün əlahəddə təsir sahəsi hesab edib. Bununla belə Çinin səhnəyə çıxması ilə köhnə geosiyasi status-kvonun bağları tədricən qırılır.
1960-cı illərin sonuna qədər Çin müxtəlif yönlü xarici siyasət məqsədləri güdüb. Pekinin təhlükəsizlik maraqları daha çox Uzaq Şərqlə bağlı idi. Ancaq soyuq müharibənin bitməsi ilə Pekin təhlükəsizliyin daha geniş perspektivləri üzərində düşünməyə başlayıb. Rasel Onq (Russell Ong) “Mərkəzi Asiyada Çinin təhlükəsizliyi” adlı məqaləsində yazdığı kimi çinli strateji plan quranlar “böyük milli güc” (quan mian hua) dedikdə artıq təkcə hərbi deyil, həm də onu iqtisadiyyat və qlobal siyasətlə ( quan qiu hua) əlaqələndirilmiş anlamda qəbul etməyə başlayıblar. Odur ki, Çinin təhlükəsizliklə bağlı indiki baxışları həm də Cənubi Qafqazın regional təhlükəsizliyində Pekinin təsirinin gücləndirilməsindən ibarətdir.
Müəllif hesab edir ki, Çinlə Gürcüstanın əlaqələrinin dərinləşməsi, həmçinin Rusiyanın təsirinin azaldılması üçün alət ola bilərdi. Hətta Pekin Moskva ilə Tiflis arasındakı münaqişənin həll olunmasında iştirak etmək istəməsə belə. Digər tərəfdən Gürcüstanın AB və NATO ilə yaxşı əlaqələri və Avropa və Avrasiya bazarlarına rəqabətli girişi onu Çin üçün cəzbedici tərəfdaşa çevirib. Lakin Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə davam etməkdə olan təcavüzü, Asiya ilə Avropanı birləşdirən yerdə – Cənubi Asetiyada demarkasiya xəttində sərhəd işarələrinin yerini dəyişdirməsi Çinin iqtisadi maraqlarını təhlükə altında qoyur.
BTK layihəsinin Ermənistanı təcrid vəziyyətində qoyduğunu bildirən jurnalist bu ölkənin Rusiyadan daha da asılı vəziyyətə düşdüyünü yazır. Ancaq buna baxmayaraq Ermənistan Çinlə əlaqələrini inkişaf etdirməyə çalışır. Müəllif qeyd edir ki, Çin də Ermənistana böyük maraq göstərir və iki ölkə arasındakı hərbi əməkdaşlığın meydana çıxması buna sübutdur.
Jurnalistin fikrincə, regional təhlükəsizlik üçün digər təhlükə isə Rusiya, İran və Azərbaycan arasındakı genişlənməkdə olan əməkdaşlıqdır. 2017-ci ilin noyabrında Tehranda baş tutan Azərbaycan-İran-Rusiya sammiti regional iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb. Bu plan Rusiya investorları və özəl sektoru üçün sənaye, energetik və dəmir yolu xəttlərindən ibarət İranın infrastrukturuna daxil olmağa imkanlar açır.
Müəllif yazır ki, bu kimi geosiyasi manevrlər gələcəkdə Gürcüstanın da bir parçası olduğu transatlantik təhlükəsizlik quruluşu üçün təhdid ola bilər. ABŞ-la əks qütblərdə yerləşən İran Rusiya üçün müəyyən mənada geosiyasi rahatlığı təmin edərək və Çinin “bir qurşaq bir yol” təşəbbüsündə daha bir kərpic olmaqla bölgədə təhlükəsizliyin gələcək arxitekturasını formalaşdıra bilər. İqtisadi imkanlardan başqa İran digər subyektlərə, məsələn, ABŞ-a Cənubi Qafqazdan aralıq meydança kimi istifadə etməyə mane ola bilər.
Cənubi Qafqaz hər zaman geosiyasi rəqabətdə pillə olub. Hələ aydınlaşdırmaq lazımdır ki, Çinin “bir qurşaq bir bir yol” təşəbbüsünün regional təhlükəsizlik üçün müsbət, yaxud mənfi təsiri olacaq. Regionun bəzi ölkələri Qərblə təhlükəsizlik əlaqələrini möhkəmlədərək Çinlə iqtisadi əməkdaşlığın aktivləşməsinə üstünlük verə bilər və bununla da qonşu Rusiyadan asılılığı azaltmış olarlar. Digərləri isə Çinin təşəbbüsündən iqtisadi mənfəətlər üçün, özlərinin daha neytral (qarşıdurmasız, alyansız) mövqe tutmaları üçün, dostluq deyil, tərəfdaşlıq üçün istifadə edə bilərlər. Buna baxmayaraq bir şey müəyyəndir: Çinin regionda iştirakı faktdır və indi sual ondan ibarətdir ki, bu dəyişmiş reallığa necə uyğunlaşmalı?
Xpressa.net