XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

07 Fevral 2018 - 20:45

Almaniya:koalisiya hökumətində postlar necə bölüşdürüləcək

Almaniyanın üç partiyası – mühafizəkar Xristian-demokratik və Xristian-sosialistlər ittifaqları (XDİ/XSİ) bloku və Almaniya sosial-demokratik partiyası (ASDP) uzunsürən danışıqlardan sonra bu gün səhər koalisiya sazişinin əsas müddəalarını razılaşdırıblar. Bununla da ölkə hökumətinin formalaşdırılmasına yol açılıb.

Azərtac TASS informasiya agentliyinə istinadla verir ki, koalisiya sazişinin layihəsində nazir postlarının partiyalar arasında bölgüsü aparılıb. Sənədə əsasən, XDİ kanslerin namizədliyini irəli sürür, bu postu artıq dördüncü dəfə Angela Merkel tutur. Müdafiə naziri vəzifəsini mühafizəkar Ursula fon der Lyayen özündə saxlayır, İqtisadiyyat Nazirliyinə isə Merkelin yaxın silahdaşlarından biri olan Peter Altmayer başçılıq edir.

Sosial demokratlara gəlincə, onlar özlərində Xarici İşlər Nazirliyini saxlayırlar. Ölkənin xarici siyasətinə Martin Şultsun rəhbərlik edəcəyi gözlənilir. O, bu vəzifədə Ziqmar Qabrieli əvəzləyəcək. KİV-in məlumatına görə, Şults məhz bunun naminə partiya sədri vəzifəsindən çəkilir.

Yeni Nazirlər Kabinetində XSİ iqtisadi əməkdaşlıq və inkişaf idarəsinə, Nəqliyyat Nazirliyinə, həmçinin Daxili İşlər Nazirliyinə rəhbərlik edəcək. Daxili işlər naziri postunu Bavariyanın hazırkı Baş naziri, partiyanın sədri Xorst Zeexofer tutacaq.

Maliyyə naziri vəzifəsi Hamburq burqomistri Olaf Şoltsa veriləcək. Onun, eyni zamanda, kansler müavini olacağı gözlənilir. Bundan əlavə, sosial-demokratlara daha dörd idarə – əmək, ədliyyə, ailə işləri və ekologiya nazirlikləri həvalə olunacaq.

Koalisiya sazişinin imzalanması ölkə hökumətinin formalaşdırılmasına yol açsa da, liderlər bu yolda hələ bir neçə mərhələ adlamalıdırlar. XDİ idarə heyətinin iclasını Berlində, XSİ isə Münxendə keçirəcək. Sonra hər iki partiyanın vahid parlament fraksiyasının da sazişlə bağlı iclası olacaq. Fevralın sonunda isə XDİ-nin qurultayı çağırılacaq və nümayəndələr koalisiya sazişinə səs verəcəklər.

ASDP-də vəziyyət bir qədər də mürəkkəbdir. Belə ki, 440 min partiya üzvü koalisiya sazişinə dair rəy bildirməlidir. Təxmini hesablamalara görə, səsvermənin təşkili və keçirilməsi üç həftəyə yaxın vaxt aparacaq. Beləliklə, yeni hökumət yalnız apreldə, yaxud martın ortalarında yaradıla bilər.

Xatırladaq ki, Almaniyada parlament seçkiləri ötən il sentyabrın 24-də keçirilib. Amma artıq 136 gündür ölkədə yeni hökumət qurulmayıb.