XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2018 - 16:08

FTB DİREKTORU ÇİNLİ TƏLƏBƏLƏRİ CASUSLUQDA İTTİHAM EDİB –Qalmaqal

 

Bets Vudrufi

“DAILY BEAST”

15 fevral 2018-ci il

 

Asiya mənşəli amerikalıların müdafiə qrupu FTB direktoru Kris Reyi (Chris Wray) Konqresdəki çıxışına görə tənqid edib. Direktor çıxışı zamanı Birləşmiş Ştatlarda təhsil alan Çin tələbələrini ölkələri üçün gizli kəşfiyyat məlumatları toplamaqda ittiham edib.

Betsi Vudruf (Betsy Woodruff) və Culia Arsiqanın (Julia Arciga) müəllifliyi ilə “The Daily Beast” nəşrində dərc olunan məqalədə deyilir.

Reyin bu şərhi əsasən Amerikanın xarici təhlükələrinə həsr olunan Senatın kəşfiyyat komitəsinin hər il keçirilən açıq iclasında səsləndirilib. Kəşfiyyat idarəsinin rəhbərlərindən biri bütün dünya üzrə təhlükə mənbələrinin qeyd olunduğu uzun siyahını açıqlayıb. Sonra Floridadan olan respublikaçı senator Marko Rubio (Marco Rubio) Reyə müraciət edib: “Belə bir risk mövcuddur ki, Çin tələbələri xüsusilə elm və riyaziyyat sahəsinin qabaqcıl proqramlarında əks-kəşfiyyat işi aparır”.

Sonra Rey təşəbbüsü əlinə alıb.

“Xüsusilə akademik dairələrdə istər professor, alim, istərsə də tələbə kimi qeyri-adi agentlərdən istifadə edilmə hallarına demək olar FTB-nin bütün şöbələrində rast gəlirik, – o, deyib. – Bu nəinki böyük şəhərlərdə, eyni zamanda kiçik şəhərlərdə və demək olar bütün fənlərdə baş verir. Düşünürəm ki, bu məsələ ilə bağlı akademik sektorda müşahidə etdiyimiz sadəlövhlüyün səviyyəsi özü özlüyündə problem yaradır”.

Üstəlik, Rey əlavə edib ki, büro Çin və Amerikanın akademik dairələri arasında dialoq yaradan Çinin bir neçə dövlət qrupu barəsində araşdırma aparır. Bu, FTB araşdırması barədə səslənən yeganə bəyanat olub. Və açıqlama Asiya mənşəli amerikalıların müdafiəçiləri və tələbə birlikləri tərəfindən tənqid obyektinə çevrilib.

“OCA-Asian Pacific American Advocates” qrupu Reyin şərhlərinin “yalnış və təhqiredici” olduğunu bildirib.

“Ali təhsil almaq və ya elm sahəsinə öz töhfəsini vermək istəyən bu qədər insanı casusluqda ittiham etmək onun tərəfindən təhlükəli və məsuliyyətsiz addım olub”, – bəyanatda deyilir.

“Onun şərhləri göstərir ki, kəşfiyyat idarəsi Çin vətəndaşları və Çin mənşəli Amerika vətəndaşlarına irqçi mövqe sərgiləməyə davam edir”, – bəyanatın ardında qeyd olunur.

Stenfordda Asiya mənşəli amerikalı tələbələr assosiasiyasına başçılıq edən Ceyson Li (Jason Li) də tənqidlə çıxış edib. “İmmiqrantlara qarşı hücum və təhqirlərin təkrarlandığı, milli təhlükəsizliyin qeydinə qalmaq adı altında onlardan günah keçisi kimi istifadə edilən bu bəyanatı qəti şəkildə pisləyirik, – o, bildirib. – Müxtəlif ölkələrdən olan tələbələr bizim dostlarımız, həmkarlarımız və ailələrimizin üzvləridir… Milli təhlükəsizlik xidmətlərinin belə bir ifratçılığa varması cəmiyyətimizə ziyan vurur. Və biz irqçilik və ayrıseçkiliyə qarşı apardığımız mübarizədə Reyin bəyanatlarını qınayırıq”.

FTB Reyin açıqlaması ilə bağlı əlavə şərh verməkdən imtina edib. Rubionun mətbuat katibi şərh xahişini dərhal cavablandırmayıb. Çin hökuməti və onun tibbi araşdrımaları ilə bağlı narahatlığını dilə gətirən ilk FTB rəsmisi Rey deyil.

FTB-nin kütləvi qırğın silahları üzrə idarəsinin agenti Edvar Yu (Edward You) ötən ilin mart ayında Konqres üzvlərinə deyib ki, büro Çin hökumətinin Amerika vətəndaşlarının sağlamlığı barədə daha çox informasiya əldə etmək cəhdlərindən narahatdır. Onun sözlərinə görə, bəzi hallarda hakumətin göstərişi ilə hərəkət edən hakerlər tibbi məlumatları oğurlayıblar. Yu, həmçinin qeyd edib ki, bir başqa hallarda Amerika vətəndaşları bu məlumatları Çin hökumətinə işləyən DNT ardıcıllığı və diaqnostik təhlillər üzrə ixtisaslaşdırılmış laboratoriyalara veriblər. Amerikanın səhiyyə və akademik təşkilatları bu laboratoriyalar ilə əməkdaşlıq edir, bu hökumət təşkilatlarına ölkə vətəndaşlarının sağlamlığı barədə şəxsi məlumatlar verirlər. O, bu vəziyyəti “saatlı bomba” adlandırıb.

Bazar ertəsi etdiyi bəyanatı genişləndirən Rubio bildirib ki, əgər Kreml böyük təhlükə kəsb edirsə, onda Çin “dövrümüzün ən böyük problemidir”. “Əqli mülkiyyətimizin rəqibləri… məsələn, Çinin əlinə düşməməsi üçün” elm, texnika və riyaziyyat sahələri üzrə təhsil alan xarici tələbələrin sayının məhdudlaşdırılması imkanını nəzərdən keçirən bu mövqe Tramp (Donald Trump) administrasiyasında getdikcə daha da populyarlaşır.

“Onlar bizim açıq tədqiqat və inkişaf sahəmizdən istifadə edirlər, – sualları cavablandıran Rey deyib. – Ancaq onlar bundan sui-istifadə edilər. Qarşımızda duran tapşırıqlardan biri Çin təhlükəsini sadəcə hökumətə təhlükə deyil, eyni zamanda bütün cəmiyyətə qarşı təhlükə kimi təqdim etməkdir. Düşünürəm ki, biz tərəfdən cəmiyyətin reaksiyası lazımdır. Bu, sadəcə kəşfiyyat idarəsini maraqlandıran məsələ deyil. Bu problem, həmçinin təhlükəsizlik məqsədilə akademik və özəl sektorda şüurumuzu oyatmalıdır”.

Görünür, FTB xarici tələbələrin “əsasən” elm, texnologiya, texnika və riyyaziyyat fakültələrinə daxil olmasını təhlükəsizlik üçün risk hesab edir.

Akademik aləmin ehtimal edilən Çin casusluğu ilə kəsişməsinin bir neçə presedenti olub. 2015-ci ildə ədliyyə nazirliyi altı nəfər Çin vətəndaşına qarşı ittiham irəli sürüb. Onlardan ikisi hələ tələbə vaxtı Cənubi Kaliforniya universitetində təhsil alarkən müdafiə nazirliyinin maliyyələşdirdiyi araşdırma layihəsində işləyib. İttihamda deyilir ki, onlar layihə üzərində işləyərkən kommersiya sirlərini oğurlayıb Çin universitetinə veriblər, universitet isə öz növbəsində hərbi müqavilələr əldə etmək üçün bu məlumatdan istifadə edib.

Məhkəmə sənədlərinə əsaslansaq, araşdırma davam edir.

Casusluq Rubio və Reyin dinləmələr zamanı müzakirə etdiyi yeganə narahatlıq mənbəyi deyil. Rubio Reyə ünvanladığı sualda soruşub: Amerika universitetləri ilə əməkdaşlıq edən Konfutsi İnstitutlarının Çin hökuməti tərəfindən maliyyələşdirilməsi onda narahatlıq doğurmur? Senator bildirib ki, Floridada fəaliyyət göstərən Konfutsi institutu ilə əməkdaşlıq edən universitetlərdə söylədiyi kimi, narahatlığına səbəb bu proqramların Amerika cəmiyyətində Çin hökuməti haqqında düşüncələri dəyişdirməyə çalışması, Çində insan hüquqlarının pozulması hallarına bəraət qazandırmasıdır.

Nə Rubio, nə Rey Konfusi İnstitutları barədə dəqiq heç nə deməyib. Lakin FTB direktoru bildirib ki, büro bu institutlardan bəzisi barədə araşdırma başladıb.

“Həqiqətən Konfutsi İnstitutları ilə bağlı narahatlığı bölüşürük, – Rey bildirib. – Biz bir müddət onları müşahidə etmişik. Bu, onların sui-istifadə etdiyi çoxsaylı alətlərdən yalnız biridir. Konkret bu proqramla bağlı həvəsin azaldığını görürük, ancaq qurumların fəaliyyətini diqqətlə izləyirik, hətta onlardan bəziləri barədə araşdırma işi başlatmışıq”.

“Asian Americans Advancing Justice” təşkilatına başçılıq edən Con.S.Yanq (John C. Yang) bütün bu dialoqu Amerika prinsiplərinə həqarət adlandırıb.

“Təqsirləri sübuta yetirilib, milli təhlükəsizliyə risk olduqları göstərilənədək bütün Çin tələbələrini və alimlərini günahlandırmaq olmaz, – o, deyib. – Çin tərəfdən real təhlükənin daxil olduğunu başa düşürük. Ancaq yüksək ixtisaslı kəşfiyyat agentliklərinin Amerikaya gələn hər çinliyə qarşı irqçi fikirlərdən daha kəsərli vasitəyə sahib olduğuna inanırıq”.

 




Yuxarı Əvvələ Ana Səhifə