Marina Şaşkova
APOSTROF
21 fevral 2018-ci il
16-18 fevral Almaniyada keçirilən 54-cü Münhen Təhlükəsizlik Konfransı başqa məqamlarla yanaşı Ukraynaya marağın itdiyini göstərib. Prezident Petr Poroşenkonun yarıboş zalın önündə çıxışı da bu tendensiyanı sübut edən hadisələrdən biridir. Qərb Ukraynaya marağını itrir. Bunda kim günahkardır? Həyəcan siqnalları nədən xəbər verir?
“Apostrof” nəşri məsələyə aydınlıq gətirməyə çalışır.
Qərb liderləri bütövlükdə Ukraynaya və xüsusilə Donbas müharibəsinə marağı itirirlər. Münhen konfransında prezident Petr Poroşenkonun azsaylı auditoriya qarşısındakı çıxışı belə bir nəticə çıxarmağa əsas verir. Dövlət başçısı dəfələrlə olduğu kimi bu dəfə də nitqində Rusiyanın nəinki Ukraynaya, həmçinin bütünlükdə dünyaya təhlükə törətdiyini açıq şəkildə və ucadan vurğulayıb.
“Donbasda baş verənlər hamıya aiddir”, – Poroşenko qeyd edib. Ancaq onun sözlərini çox az adam eşidib.
Əvvəllər beynəlxalq arenada böyük maraqla qarşılanan Ukrayna prezidentinin zalı doldura bilməməsini müxtəlif cür izah edirlər. Belə ki, “Petr Poroşenko bloku”ndan olan deputat Vladimir Aryev konfrans təşkilatçılarının “günahkar” olduğunu hesab edir. Deputat bildirir ki, onlar Ukrayna liderinin çıxışını digər vacib panellərlə yanaşı keçirdikləri üçün böyük səhvə yol veriblər.
“Heç də bütün çıxışlar anşlaqla keçməyib”, – deputat “Apostrof”-a açıqlamasında deyib.
Deputat Svetlana Zalişuk vəziyyəti belə izah edir ki, bu cür tədbirlərdə “güclüləri dinləyirlər”. Onun sözlərinə görə, Poroşenko yaşanan qalmaqallara görə belə biri deyil. AB-dəki ab-hava ilə tanış olan həmsöhbət isə bir çox Qərb liderinin Ukrayna prezidenti ilə bağlı inciklik və xəyal qırıqlığı yaşadığını vurğulayıb.
“Almanlar, fransızlar Donbas problemi ilə bağlı danışıqlar prosesinin gedişindən dolayı xəyal qırıqlığı yaşayıblar. Onların danışıqlara dəvət edilməməsi – əlbəttə ki, üzə tüpürmək kimi bir şeydir (hazırda danışıqlar Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volker və Vladimir Putinin köməkçisi Vladislav Surkovun timsalında ABŞ və RF arasında aparılır – “Apostrof”). Onlar üç il Ukraynanı dəstəkləyiblər və birdən bütün qərarları ruslarla amerikanlar verməyə başlayıb”,- AB-nin diplomatik dairələrindən olan mənbə bildirib.
O, baş tutmayan “normand dördlüyü” görüşünü nümunə göstərib. Münhendə keçirilməsi planlaşdırılan bu görüşdə Ukraynanı xarici işlər naziri Pavel Klimkin təmsil etməli idi.
Həmsöhbətin nəşrə açıqlmasında qeyd etdiyi kimi, burada Ukraynada baş verən hadisələr də rol oynayıb. Məhz bu hadisələrə görə “Poroşenko Qərbdə problemlərlə assosiasiya olunur” və çoxları “onunla daha az əlaqə saxlamağa çalışır”.
“Münhen konfransı ərəfəsində Saakaşvilinin Ukraynadan deportasiya edilməsi də öz təsirini göstərib”,- mənbə qeyd edib. O, həmçinin məhz bu dövrdə prezidentə kimin belə bir məsləhət verməsi ilə bağlı çaşqınlığını da dilə gətirib.
Vladimir Aryev bu cür fikirlərlə razılaşmır. Onun fikrincə, Petr Poroşenko və Pavel Klimkinin Münhendə keçirdiyi ikitərəfli görüşlərin sayı daha vacibdir. Bu zaman siyasətçi hazırda Ukraynanın Qərb gündəliyində əsas yerdə olmaması ilə razılaşır. “Bu məsələ Suriya, Yaxın Şərq və KXDR kimi kritik problem hesab edilmir. Çünki hazırda Donbasda elə də gərgin vəziyyət müşahidə edilmir”, – deputat bildirib.
Eyni zamanda o, inandırır ki, dünya, nəhayət, Rusiya təcavüzünün təkcə Ukraynanın problemi olmadığını, Donbas münaqişəsinin isə lokal xarakter daşımadığını başa düşüb, çünki bu müharibə rusların “sivil dünyanı məhv etmək” istəyi ilə əlaqəlidir.
"Ukrayna bu barədə çoxdan danışırdı. Və yalnız indi, konfransda, hamı bunu başa düşüb, qəbul edib. Halbuki Qərbdə buna nail olmaq asan iş deyil. Lakin hələlik onların bununla bağlı konkret cavabı yoxdur”, – Aryev bildirir.
Aryevin “Xalq cəbhəsi”ndən olan koalisiya həmkarı Leonid Yemets onunla razıdır. “Ölkəmizin təhlükəsizlik məsələsi nəinki bizim, həmçinin bütün sivil dünya üçün prioritet olaraq qalır. Aydındır ki, Vladimir Putinin təcavüzü ölkə ərazisini ələ keçirmək istəyindən daha genişdir. Bu aqressiya dünya nizamını pozmağa yönəlib”, – deputat qeyd edir. Amma Poroşenko çıxışında əsasən Ukraynaya toxunub. “Yalnız öz problemlərimizdən danışırıqsa, onda bizi eşidəcəklərinə şansımız azalır”, – Svetlana Zalişuk bildirir. Ekspertlər isə rəsmi Kiyevin ritorikasındakı təkrarları vurğulayıb.
“Poroşenko bir neçə ildir konfranslara eyni mesaj və ritorika ilə yola düşür. Ancaq Donbas münaqişəsinin həlli ilə bağlı konkret təklif yoxdur. Ona görə onun ritorikasından artıq beziblər”, – siyasi ekspert İqor Petrenko qeyd edib.
Politoloq hesab edir ki, əgər indi Ukrayna münaqişənin həllində daha fəal və israrlı olmasa, onda avropalı və amerikalıların marağı qəti olaraq Rusiyaya çevrilə bilər. Və bu halda Ukrayna yeni problemlə üzləşə bilər: Rusiyaya tətbiq edilən sanksiyalar ləğv edilə, Qərb və Rusiya arasında ticarət və başqa əlaqələr bərpa edilə bilər. Bu da Donbasda davam edən müharibə fonunda çox təhlükəlidir.
Xpressa.net