XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

25 Aprel 2018 - 00:29

SARKİSYANIN İSTEFASINA RUSİYADA NƏ REAKSİYA VAR? –BBC-nin şərhi

BBC,

Böyük Britaniya, 24 aprel 2018-ci il

 

Ermənistan Rusiyanın müttəfiqi, istefaya gedən Serj Sarkisyan isə Vladimir Putinin köhnə dostudur. Müxalifətin çıxışından sonra qonşularda hakimiyyət dəyişikliyini Kreml heç vaxt alqışlamayıb. Lakin BBC-nin rus xidməti yazır ki, çoxminlik etirazlardan sonra Sarkisyanın istefa veməsini Rusiyanın rəsmi şəxsləri pisləməyə başlamadılar.

Ermənistanın Baş naziri Serj Sarkisyan birinci gün gündüz, “Elk” müxalifət hərəkatının lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyanın müvəqqəti saxlama təcridxanasından azad edilməsindən bir saat sonra istefa verdi. Sarkisyanın öz mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilirdi: “Nikol Paşinyan haqlı idi. Mən səhv etdim”.

Axşam Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefası haqqındakı fərmanı imzaladı.

Cəmi 6 gün bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Sarkisyanı Baş nazir seçilməsi münasibətilə təbrik etmişdi.

Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB üzrə Rusiyanın tərəfdaşı, KTMT üzrə müttəfiqidir, ölkə ərazisində Gümrü və Yerevanda iki qarnizonu olan 102 saylı rus hərbi bazası yerləşir.

BBC-nin rus xidmətinin Rusiya hökumətində olan mənbəyi xatırlayır ki, zamanında Ermənistan Avropa Birliyi ilə danışıqlarda uzağa getmişdi: ”Onlar, həqiqətən də, çox irəli getmişdilər, lakin 2013-cü ildə AİB lehinə seçim etdilər. Və şüurlu şəkildə belə seçim edən yalnız onlar idi”.

BBC-nin həmsöhbəti əlavə edir ki, AİB-ə qoşulmaq üçün danışıqları və bütün hazırlıqları məhz Sarkisyan administrasiyası aparırdı.

13 apreldən başlayan etirazları Kreml təmkinli şərh edirdi. Prezidentin mətbuat katibi Dmitri Peskov deyirdi ki, Rusiyada Ermənistanı diqqətlə izləyirlər, lakin bunu onun daxili işi hesab edirlər.

Peskov jurnalistlərin “Kreml Ermənistandakı etirazları regional təhlükəsizliyə təhdid hesab edirmi?” sualına cavab verərkən bildirmişdi: “Bu, müstəsna olaraq Ermənistanın daxili işidir, yəqin, mən bundan artıq bir şey deyə bilməyəcəm”.

BBC-nin rus xidməti Rusiyanın müttəfiqinin istefasına rus siyasətçi və ekspertlərinin reaksiyalarını toplayıb.

Rusiya Dövlət Dumasının vitse-spikeri İqor Lebedev (RLDP) : “Erməni xalqı vəziyyəti nəticələndirdi, eşq olsun! Heç kim dövlət başında eyni bir adamın olmasına onillərlə dözmək istəmir. Hakimiyyətlərin və partiyaların əvəzlənməsi lazımdır!”

Mərkəzi Asiya və Zaqafqaziya üzrə ekspert Arkadi Dubnov: “Serj Sarkisyan bir neçə dəfə, o cümlədən bir daha Baş nazir postuna iddia etməyəcəyini deyərək, insanları aldatdı, ermənilərsə qürurlu adamlardı, onlar belə şeyləri çətinliklə bağışlayırlar. Gənclər də, başında onu ələ keçirən Sarkisyanın olduğu hakimiyyətin öz öhdəliklərini yerinə yetirməməsindən çox yorulmuşdu. Ona görə də, müxalifətin lideri ortaya çıxan kimi o, sürətlə gəncləri də öz ətrafında birləşdirə bildi. Sarkisyanın davranışındakı həyasızlıq vəziyyəti qızışdırdı – o, fövqalədə dərəcədə hakimiyyət hərisi olan və özünə güvənən bir adamdır. Lakin onun davranışı göstərdi ki, artıq dünən o, ölkədəki vəziyyətə nəzarət etmir.

Sarkisyan ermənidir və o, sərt tədbirlərə getmədi, ona görə ki, bu, bir millət olaraq erməniləri təhdid edir.

Baş verənlər Rusiya və Ermənistanın əlaqələrinə əhəmiyyətli təsir etməyəcək. Ermənistan iqtisadi planda əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır, onun energetikasının və ehtiyatlarının böyük hissəsi, təhlükəsizliyinin təmin edilməsi isə, ümumiyyətlə, rus kapitalının əlindədir”.

Müxalif lider Aleksey Navalnı: “Ermənistanda baş verən hadisələrə şərh aydındır: öz vəzifələrində ömürlük qalmaq istəyən siyasətçilərlə ən yaxşı qarşılıqlı əlaqə və təsir üsulu küçələrə çıxmaqdır. Bir az cəsarət və inadkarlıq – həmən hər şey öz yerini tutur. İstədiklərinə nail olduqlarına görə Ermənistan vətəndaşlarını təbrik edirəm”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova: “Öz tarixinin ən mürəkkəb anlarında belə, qəti fikir ayrılıqlarına baxmayaraq, parçalanmamaq üçün özündə güc tapan və bir-birinə hörməti qoruyub saxlayan xalq böyük xalqdır. Ermənistan, Rusiya daima səninlədir!”

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin: “Bu, dövlətin suveren işidir”.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov: “Serj Sarkisyan küçənin təzyiqiylə, həmçinin indi hakimiyyətdən əl çəkməyib dirənsə, deməli, hərbi strukturları da cəlb etməli və qan tökməli də olacağını dərk etməsi nəticəsində getdi. O, buna da gedə bilərdi. O, müxtəlif ciddi vəziyyətlərdə olub, qan da tökülüb, lakin bununla birlikdə, o, bunun vəziyyətdən çıxış yolu olmadığını anlayaraq, buna getmədi.

Ermənistan ciddi iqtisadi böhranda olan kiçik respublikadır, bunda Sarkisyan özü də günahkardır, çünki çox-çox illər ərzində respublikaya rəhbərlik edib, bununla birlikdə, ölkə geopolitik baxımdan çox çətin vəziyyətdədir, xüsusilə mal axınlarından kənarda qalıb.

Lakin bütün bunlarla birlikdə, Sarkisyanın qərarı onun tərəfindən atılan cəsur və ləyaqətli addımdır. Adam öz səhvlərini etiraf edə, digər tərəfdən də qan tökməyə bildi.

İstənilən halda, hamı başa düşür ki, Rusiya ilə Ermənistanı geopolitik olaraq çox şey bağlayır və heç kim bu əlaqəni kəsmək istəməyəcək. Digər tərəfdən, hansısa bir savadlı Baş nazir gələcək. Yəqin ki, Ermənistanda qeyri-siyasi bir namizədi seçəcəklər”.

Tarixçi Andrey Zubov: “Ermənistandakı hadisələr öncə Moskvaya kifayət dərəcədə əhəmiyyətsiz gəldi, onlara diqqət verilmədi və hesab etdilər ki, etirazlarla  mübarizə aparmaq üçün daxili qüvvələr yetərli olacaq – 2011-ci ildə olduğu kimi özləri yatıracaqlar.

Vəziyyət çox tezliklə və gözlənilmədən nəzarətdən çıxdı, Moskva anında reaksiya verə bilmədi. Məhz Sarkisyanın istefasının sürətli olması üzündən “Ermənistanın daxili işi” olaraq qaldı və Ukrayna “Maydan”ında olduğu kimi, Rusiyanın müdaxiləsinə keçmədi”.

Rusiya Elmlər Akademiyasının (REA) İqtisadiyyat institutunun elmi əməkdaşı Aleksandr Karavayev: “Kreml atipik reaksiya verməyi öyrənib. Hər bir konkret ölkə unikal mənzərə göstərir və Rusiyanın maraqları və orada iştirakı müxtəlif sferalarda özünü fərqli göstərir. Ermənistanın vəziyyəti onunla unikaldır ki, o, Rusiyanın həm iqtisadi, həm də geopolitik təsir orbitinin dərinliyində yerləşir.

Ermənistan çox güclü şəkildə Rusiyaya bağlıdır və Moskvada bunu başa düşürlər – hakimiyyətə kim gəlirsə-gəlsin, əgər söhbət radikallardan deyil, hakim elitadan gedirsə, o, istənilən halda rus-erməni əlaqələri konstruksiyasının sərt çərçivəsinə düşəcək.

Moskvada Sarkisyanın istefasını gözləyirdilər. Bir rəhbərin şəxsiyyətinə yönəlik güclənən etiraz qaçılmaz olaraq bütün kursu şübhə altına qoyur, görünür, Kremldə belə nəticəyə gəldilər ki, əgər Sarkisyanın gedişi çıxış yoludursa, nə üçün o getməsin?!

Sarkisyanın səhvi odur ki, o, Baş nazir qalmağa qərar verərək, nəticələri hesablamadı, öz aşağı reytinqini və vətəndaşların narazılıq dərəcəsini nəzərə almadı.

Yaranmış vəziyyətdə Sarkisyanın çəkilməsi Moskva üçün ən az  ziyan kimi görünür. Əgər bu çəkilmə etiraz dalğasını “soracaqsa”, Baş nazir olacaq adam Moskvaya münasibətdə Sarkisyanın oynadığı rolu oynamağa davam edəcək.

Kombinasiya Sarkisyanın yaratdığı nifrət və qıcıqlanmanın ölkənin bütün kursuna proyeksiyasından qaçmağa imkan verdi. İstefa etirazların daha da böyüməməsi, parlament koalisiyasının, Respublika Partiyasının ayaqda durması və Ermənistanın Rusiya ilə yaxınlaşma kursunun saxlanması məhz onun hesabınadır, —  zərər görməməsi üçün edilən məcburi hərəkətdir”.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə