XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

27 Aprel 2018 - 08:00

KARAPETYANA QARŞI KONSENSUS:Ermənistan hökuməti dağılır - TƏHLİL

Sarqis Arçuruni

“1in.am”, Ermənistan, 26 aprel 2018-ci il

 

Proqnozlaşdırmaq olardı ki, Erməni İnqilabi Federasiyası Daşnaksütun (EİFD) koalisiyadan çıxdıqdan sonra öz nazir və qubernatorlarını geri çağıracaq. Bu gün artıq bu, baş vermiş faktdır, şübhəsiz, Karen Karapetyanın mövqeyinə zərbədir. Belə təəssürat yaranır ki, Karen Karapetyan mövcud olmayan, dağılmış, iki gün ərzində 4 naziri istefa haqqında ərizə vermiş bir kabinetdə Baş nazir vəzifəsini icra edəndir.

Hələlik, Ermənistan Respublika Partiyası (ERP) 1 mayda keçiriləcək Baş nazir seçkisi ilə əlaqədar konkret mövqe bildirməyib. Hərçənd, böyük ehtimalla, ənənəvi partiyanın seçimi sonda Nikol Paşinyan olacaq, ona görə ki, indi bizim gerçəklik “qaralara və ağlara” bölünməni diqtə edir, bu da onu nəzərdə tutur ki, əgər EİFD Karen Karapetyana qarşı durursa, onda böyük ehtimalla, Paşinyanın düşərgəsində mövqe tutur.

Ümumiyyətlə, belə təsəvvür yaranır ki, sanki hakimiyyətin total təslim olması prosesi başlayıb, bu da Karen Karapetyanın Baş nazirlik ambisiyalarına qarşı ictimai və siyasi konsolidasiyadan başqa bir şey deyil.

Prezident Armen Sarkisyan bu sabah çox diqqətəlayiq bir bəyanat yaydı. O, qeyd etdi ki, “Bütün siyasi qüvvələr, xüsusilə Milli Məclisdə təmsil olunanlar, eynilə Serj Sarkisyan kimi, ayıq qiymətləndirmə ilə Yeni Ermənistana qapı açdılar, Konstitusiyanı rəhbər tutmaqla, koordinasiyalı şəkildə bu yolu qurmalıyıq”.

Armen Sarkisyanın işarəsi olduqca diqqətəlayiqdir: o, əslində, parlament çoxluğunu Serj Sarkisyanın nümunəsində təslim olmağa çağırır. Demək olar, heç bir şübhə yoxdur ki, Serj Sarkisyanın ERP ilə dünənki görüşünün daxili mənası da belə olub. Ola bilsin, paradoksal səslənəcək, lakin əgər ERP siyasi qərar əsasında 1 mayda Nikol Paşinyanın namizədliyini dəstəkləyərsə, özünün müəyyən təsirini və nisbi birliyini saxlaya bilər.

Digər tərəfdən, Nikol Paşinyan bu gün formal motivasiya əsasında – ehtimal olunan təxribatlardan yayınmaq üçün Yerevan küçələrinin bağlanmasının dayandırılması haqqında qərar qəbul etdi. Paşinyanın bu qərarı da çoxqatlıdır. Məxməri inqilabın lideri 1 mayda qalib gələcəyinə şübhə etmədiyi haqqında meydana mesaj göndərməklə, qalib mövqeyindən çıxış edir.

Başqa bir tərəfdən, Paşinyanın bu addımı onu göstərir ki, onun baş nazirliyi məsələsi ətrafında, ehtimal ki, həm də ERP-nin iştirakı ilə geniş konsensus formalaşıb. Bu da, mahiyyət etibarilə, hakimiyyətin sivil yolla – Karen Karapetyanın ambisiyalarının qurban verilməsi hesabına təslim olmasıdır.

O da diqqətəlayiqdir ki, Baş nazirin müavini vəzifəsini icra edən Armen Gevorkyan və Xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan bu gün səhər işçi müzakirələr aparmaq üçün Moskvaya yollandılar. Bu daha açıq bir şeydir ki, Moskva səfəri, müstəsna olaraq, dramatik Yerevan hadisələrilə bağlıdır. Hökumətin nüfuzlu nümayəndələrinin Rusiya paytaxtına dəvət olunması üçün Moskvada siyasi qərar verilib, yoxsa Ermənistanın dağılan hakimiyyətinin elitası özü Moskvaya müəyyən bir hərəkət ssenarisi təklif edir?

Maraqlıdır, Gevorkyan- Nalbandyan cütlüyü Moskvaya hansı mandatla yola düşüb? Onlar Rusiya elitası ilə görüşlərdə Karen Karapetyanın maraqlarını təmsil edəcəklər, yoxsa gözlənilən kəskinləşmələrdən, ola bilsin, həm də qan tökülməsindən yayınmaq üçün Moskvanı Ermənistan hakimiyyətinin tam təslim olmasını tanımağa çağıracaqlar?

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə