Georgi Mirski: “Nüvəli İrandansa Amerikayönlü İran bizim üçün daha təhlükəlidir”
İranın nüvə proqramı üzrə çoxtərəfli çərçivə sazişi imzalanandan dərhal sonra Rusiya Tehrana ən yeni zenit-raket komplekslərini satmaq qərarını bəyan etdi. 2010-cu ildə İrana qarşı sanksiyalar sərtləşdiriləndən sonra Rusiya Qərbə sayğısına görə bu kompleksləri İrana satmaqdan imtina etmişdi.
İranın nüvə proqramı üzrə yekun sazişin bağlanması təhlükə qarşısında olmasına baxmayaraq, Rusiyanın İrana S-300 raket sistemləri satmaq qərarı ABŞ üçün Moskva ilə Vaşinqton arasındakı düşmənçiliyin zəifləmədiyi barədə növbəti siqnal oldu.
Rusiyanın qərarı İsrail üçün təhlükə doğurur. çünki S-300 raketləri İranın nüvə silahı hazırlayan obyektlərinə Tehrana nüvə bombası yaratmağa mane olmaqdan ötrü qabaqlayıcı zərbələri effektli şəkildə zərərsizləşdirə bilər.
İrana S-300-ün satılması barədə qərar Rusiya üçün bir qədər başqa növ xəbərdarlıq zərbəsidir: Rusiya əmin olmaq istəyir ki, beynəlxalq sanksiyalar götürülənədək İran bazarına daxil olmaq üçün əlverişli imkanı əldən buraxmayacaq.
Yaxın Şərq üzrə Rusiyalı ekspert Georgi Mirski deyir: “Bir neçə il əvvəl bir diplomatın dediyini eşitdim: “Nüvəli İrandansa Amerikayönlü İran bizim üçün daha təhlükəlidir”.
Onun sözlərinə görə, Kremlin əksər məmurları məhz bu fəlsəfəni rəhbər tuturlar – xüsusən də ABŞ indi Tehranla münasibətləri yoluna qoymaq üçün təşəbbüslər göstərərkən.
Mirski bildirir: “Bu vəziyyət yalnız bir qalibin ola biləcəyi oyun kimi nəzərdən keçirilsə, o zaman Qərblə İranın yaxınlaşması Rusiyanın mövqelərinin zəifləməsi deməkdir. Buna görə də hələ nüvə sazişinin şərtləri gerçəkləşənə qədər qabaqlayıcı zərbə endirmək zəruridir ki, İrana bizim ən etibarlı tərəfdaş və güvəniləsi yeganə dövlət olduğumuzu sübut edək”.
Gözlənilən nüvə sazişi İran bazarını gözaltı edən investorlara çox böyük gəlirlər vəd edir. ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, İran iqtisadiyyatı hətta təzyiq altında da dünyanın ilk iyirmiliyinə daxildir. İran Türkiyədən bir az geri qalır və Avstraliyanı bir az qabaqlayır. Saziş bağlansa və sanksiyalar götürülsə, neft kimyası və emal sahələrində, həmçinin İranın iri istehlak bazarında ciddi rəqabət başlanacaq.
İranın dirçəlməsi həm də Rusiya üçün potensial riskləri ehtiva edir – xüsusən də neft və qazın hasilatı və satışı sahəsində. İran neftinin dünya bazarına gəlişi neft ixracı qiymətlərinin azalmasına gətirib çıxaracaq. Rusiyanın əsas gəlir mənbəyi bu satışdan gələn qazancdır. İranla Rusiyanın təbii qaz ehtiyatlarının həcminə görə lider olduğu da nəzərə alınsa, onlar xüsusən də artıq çoxdan rus qazına alternativ arayan Avropada rəqiblərə çevrilə bilər.
Bununla belə, son otuz beş il ərzində Moskva ilə Tehran arasında Qərblə qarşıdurmada ehtiva olunan nəsə ümumi bir iş formalaşması duyumu var. ABŞ təzyiqinə müqavimət Rusiya prezidenti Vladimir Putinə öz vətənində güclü siyasətçi kimi görünməyə imkan verir. İran liderləri üçün isə xalqın Qərb təsirindən qorunması İslam rejiminin yaşarılıq qabiliyyəti ilə birbaşa bağlıdır.
Mirskinin hesab etdiyi kimi, məhz buna görə İran nüvə sazşinin imzalanmasından sonra Qərb investorlarını fərəhlə salamlayacağına baxmayaraq, Rusiyadan heç zaman üz döndərməyəcək.
Lakin bu, əndişələrin zəminsiz olduğuna Rusiyanı inandırmaq üçün hər halda yetərli deyil.
Analitik, xarici və müdafiə siyasəti üzrə komissiyanın rəhbəri Fyodor Lukyanovun fikrincə, “Rusiya hökuməti əmindir ki, Qərb Rusiyanın hər hansı bir üstünlük əldə etməsinə mane olmaq üçün mümkün hər şeyi edəcək. Avropanın əksər ölkələrindən və şirkətlərdən qeyri-rəsmi nümayəndə heyətləri artıq İrana gəlir və sanksiyalrın götürülməsini gözləyir. Buna görə də Rusiya sayıqlaşıb”.
S-300-ün tədarükünə 800 milyonluq sövdələşmə – ölkələr səkkiz il öncə müqavilə imzalayıb, lakin Qərb sanksiyalarının tətbiqi üzündən onun həyata keçirilməsi təxirə salınıb – bir çox ölkə və şirkətlərin İranla münasibətləri qaydaya salmağa cəhd etdiyi zamanda Rusiyanın daha arxada qalmayacağını qaranta alan ilk addım oldu.
Moskva Tehranla münasibətləri möhkəmləndirmək üçün başqa bir sıra tədbirlər görüb: Kreml ötən həftə “mallara neft mübadiləsi” proqramının mövcudluğunu təsdiq etdi. Rusiya taxıl və digər mallara mübadilə etməklə İrandan gündə yarım milyon barrelə qədər neft ala biləcək.
Ekspertlərin fikrincə, sanksiyalar götürülsə, ardınca bir sıra müqavilələrin bağlanması, o cümlədən silah tədarükü və atom elektrik stansiyalarının inşası gələcək. çünki Rusiya malları bu sahələrdə rəqabət qabiliyyətlidir.
Rusiya parlamentinin “Vahid Rusiya” hərəkatından deputatı, Dövlət Duması beynəlxalq məsələlər üzrə Komitənin sədr müavini Andrey Klimov bildirir: «Biz ticarət və elmi proqramların yeni iştirakçılarının siyahısında sonuncu olmaq istəmirik. Biz Avropa Birliyi, Fransa və yaxud ABŞ-dakı dostlarımızdan sonra durmaq istəmirik. Mən hökumətin deyil, öz şəxsi fikrimi ifadə edirəm. Biz onların arasında, hətta bir qədər irəlidə olmaq istəyirik. Məhz buna görə artıq indidən başlamışıq”.
Bununla belə, Rusiya hökuməti S-300-ün tədarükü barədə qərar haqda susmağa üstünlük verirlər.
Klimov deyir: “Onlara satmağa vəd etdiyimiz raketləri onlara satmamışıq, sadəcə, vəd etmişik. Belə bir avadanlığı onların ərazisinə dərhal çatdırmaq mümkün deyil. Biz axı bir neçə “Kalaşnikov” avtomatından danışmırıq. Bunu təkcə düyməni basmaqla həll etmək mümkün deyil”.
Bəzi ekspertlərin fikrincə, raket tədarükü və “mal mübadiləsinə neft” proqramı Qərbi Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları yumşaltmağa vadar etmək cəhdidir. Yəni Rusiya Vaşinqtona xatırladır ki, hansısa başqa bir qaydada onun planlarının gerçəkləşməsinə mane ola bilər.
Nüvə sazişinin imzalanması İrandakı mühafizəkarlar və yaxud ABŞ Konqresi tərəfindən pozularsa, Rusiyanın İrana müdafiə silahı satmaq vədi Qərblə gərgin münasibətlər dövründə Moskvaya çox kömək edəcək. Keçən həftə İranın müdafiə naziri Rusiya, çin, Hindistan və İranın NATO-ya qarşı dura biləcək alyans yarada bilməsi barədə ideya irəli sürdü.
Rusiyalı hərbi ekspert Aleksandr Qolts deyir: “Deyəsən, Rusiya təcrid olunmuş dövlətlər içində lider olmaq istəyir. Bu, sadsəcə, Qərbə dəqiq siqnal göndərmək üçün növbəti fürsətdir: “Bizi təcrid etmək istəyirsiniz, bizimlə hesablaşmaq istəmirsiniz? Olsun, onda baxın ki, biz nələr edə bilərik”.
Karun Demircan
“The Washington Post” qəzeti, 18.04.2015