XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 09:56

Norveç mətbuatı Ərdoğana pərəstişin səbəbini araşdırıb:“Siyasi sehrbaz, yoxsa müsəlmanların həqiqi lideri?” – Təhlil

Sissel Boll

NRK (Norveç), 05.07.2018

 

İslam üzrə türk ekspertləri və “Quran” biliciləri Ərdoğanın nə qədər yaxşı müsəlman olduğu haqda həmfikir deyillər. Amma hamısı ona bu qədər çox adamın niyə pərəstiş etdiyini izah edə bilir.

Ərdoğanın çoxsaylı tərəfdarları “NRK”-nın sualına cavabda qışqırırlar: “Biz onun uğrunda ölərik!”

Hicablı qadın deyir: “Ərdoğan olmasaydı, həyatımız dəhşət olardı!”

Hansısa kişi qışqırır: “Ərdoğana səs verməyən cəhənnəmə düşəcək”.

Bir başqası and içir: “Hamımız həyatımızı ona qurban verməyə hazırıq”.

Bizi Rəcəb Tayib Ərdoğanı sevən mühafizəkar kürdlər əhatə edir. Onlar indicə Ərdoğanın Diyarbəkirdəki çıxışını dinləyiblər.

Düşünürəm – bu mübtəlalıq haradandır?

Bu, müxalifləri həbsxanaya atan həmin adamdır. Türkiyədə jurnalistlər ən çox onun dönəmində həbsxanaya düşüb. O, Avropa liderlərini tənqid edir və türklərlə ölkənin Qərb müttəfiqləri arasında gərginlik yaradır.

Şərhçi və yazıçı Rahim Ər izah edir – bununla belə, Ərdoğanı sevməkdə  dörd səbəb var ki, bəziləri onun uğrunda ölməyə hazır olduğunu deyir. “O, yaxşı ailə başçısıdır və çox işləyir. Tez-tez ibadət edir və adamlar ona görə çox dua edirlər”.

Rahim Ər bir ədəbiyyatçı kimi artıq 25 ildir Ərdoğanı müşahidə edir. Hesab edir ki, prezident səmimi adamdır, verdiyi sözü yerinə yetirir. Dəfn mərasimlərinə qatılır və ramazan vaxtı kasıb ailələrlə iftar açır. Ər izah edir: “Adamlar dua edəndə tez-tez deyirlər: “Mənim ömrümdən bir neçə ili kəsib Ərdoğanın ömrünə əlavə et”. Adamlar buna inanırlar və bu, Ərdoğanı daha güclü edir”.

O, hesab edir ki, Ərdoğan 2009-cu ildə Nobel mükafatına layiq idi.

 

Məşhur televiziya imamı

 

Əli Riza Dəmircan televiziyada məsləhətlərlə çıxış edən məşhur islam mürəbbisidir. O, prezidentin  möhkəm mövqeyini sıradakı kimi izah edir: “O, gündə beş dəfə ibadət edir, pəhriz saxlayır, alkoqol içmir, qumar oynamır və zövcəsindən savayı başqa arvadı yoxdur”.

Dəmircan “NRK” ilə söhbətdə vurğulayır ki, Ərdoğan həm də “homoseksuallığa mənfi yanaşır”.

İmam prezidentin necə ibadət etdiyi və kasıblarla birgə yemək yediyindən danışarkən, gözlənilmədən göz yaşı axıdır.

Qəlbinin dərinliklərinə qədər sarsılmış imam söyləyir: “150 il bizim bu cür liderimiz olmayıb. Millət ona onu qoruyan öz atası, ya da abisi kimi baxır”.

NRK: “Bəs din Ərdoğanın siyasətinə necə təsir edir?”

Əli Riza Dəmircan: “Onu ruhlandıran dini dəyərlər NATO-ya, AB-yə və dünyəvi təhsil sisteminə müqaviməti ifadə edir. Amma Türkiyə o halda deyil ki, biz NATO-ya, AB-yə, ya da dünyəvi təhsil sisteminə qarşı qalxa bilək”.

 

Təbriklər

 

Ərdoğan iyunun 24-də prezident seçkilərində qalib gələndə bütün dünyanın müsəlmanlarından təbriklər yağıb. Türkiyə lideri fələstinlilərə əl uzadıb, ABŞ səfirliyinin Qüdsə köçməyini tənqid edib, hələ rohincaların da (Myanmada yerli hökumət tərəfindən soyqırımına məruz qalan müsəlman azlıq-red.) taleyi onu narahat edir. Bunlar onu narahat edən mövzuların yalnız bəziləridir.

Rahim Ər hesab edir ki, Ərdoğan müsəlman aləmində güclü islam liderinə dönüb.

Əli Riza Dəmircan deyir: “Ərdoğan təkcə islam dünyasının lideri deyil, onu dünyanın bütün məzlum xalqlarının lideri sayırlar”.

 

O, ləkəsiz müsəlman deyil

 

İhsan Əliaçıq antikapitalist müsəlmanların lideri, islam avtoriteti və islam haqda bir sıra kitabların müəllifidir. O, Ərdoğan haqda Rahim Ərdən tamamilə fərqli fikrə tərəfdardır: “Düşünmürəm ki, Ərdoğan yaxşı müsəlmandır, çünki islamın əsas dəyərləriylə yaşamır. İslam deyir ki, təvazökar yaşamaq gərəkdir, cah-cəlaldan qaçmaq lazımdır. Təqlid üçün əsas örnəyimiz və nümunə peyğəmbərdir”.

O, hesab edir ki, prezident əvvəlcə xalqın adamı görünürdü, amma sonra bunu yadırğadı: “Milyonlarla türk yoxsulluqda yaşadığı halda Ərdoğanın həm qış, həm də yay sarayı var”.

O və həmfikirləri 2013-cü ildə Gəzi parkında iğtişaşlar zamanı Ərdoğanın mühafizəkar siyasətinə etiraz edərkən “The Economist” nəşrinə bildirib:  “İslam gündə beş dəfə ibadət etməyin gərəkdiyindən deyil, ədalətdən danışır. Qaydalar sadədir: “Başqalarına ziyan vurma, oğurlama və yalan danışma””.

 

Siyasi sehrbaz

 

Əliaçıq prezidenti özünü əslində olmadığı kimi göstərən sehrbaz – siyasi sirk artisti kimi təsvir edir.

O, “NRK” ilə söhbətdə deyir: “O, yaxşı mühafizəkardır, amma ləkəsiz müsəlman deyil. Ərdoğan düşünür ki, müsəlman varlı yaşamalı və çoxlu hakimiyyətə malik olmalıdır”.

İlahiyyatçı deyir ki, prezidentin özü kimi seçiciləri də islamın əsas dəyərləriylə tanış deyillər və izah edir: “Prezident də, onun seçicilərinin əsas kütləsi də hesab edirlər ki, Türkiyədə mühafizəkarları elita əzib. Onları qırağa itələyiblər. Möminlər indi isə düşünürlər ki, hakimiyyət haqqına və ondan faydalanmağa malikdirlər. Özü də seçicilərin baxış nöqtəsi Ərdoğanın baxış nöqtəsiylə üst-üstə düşür”.

Qərbdə çoxları anlamır ki, türklərin əksəriyyəti Ərdoğanı təkrar-təkrar necə seçə bilir? Onlar nəyi başa düşmürlər?

“Ərdoğan millətçilik və dindən faydalanır. O, vətəndən, dindən, Allah və Qurandan danışanda adamların ən həssas yerinə toxunur. Bu, mühafizəkar türklərə hesablanıb, o, onların qəlbiylə danışır”.

Antikapitalist müsəlmanların lideri yekun vurur – əksinə, əgər siyasətçilər iqtisadiyyatdan, yoxsulluqdan və işsizlikdən danışmağa başlasaydılar, Ərdoğan bu qədər çox səs almazdı.

 

Tərcümə Strateq.az-ındır.