XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

12 İyul 2018 - 15:14

“Hörmüz”ün bağlanma ehtimalına rus və türk ekspertlərindən baxış:dünya enereji böhranına və İranla savaşa yuvarlanır – Təhlil

Olqa Samofalova

Vzqlyad.ru, 10.07.2018

 

ABŞ Tehranı əsas gəlir qaynağından, dünyanı isə xeyli həcmdə karbohidrogendən məhrum edərək İran neftini tam təcrid etmək hədəsi gəlir. Vaşinqton Hindistan və Çini İrana qarşı öz tərəfinə meylləndirməyə çalışaraq onlarla sövdələşir. Tramp məqsədinə nail olsa, dünyanı nə gözləyir?

Vaşinqton öz müttəfiqlərini 2018-ci il noyabrın başlanğıcına doğru İran neftinin alqısını tam dayandırmağa məcbur etmək niyyətindədir. ABŞ hətta Hindistan və Çini də İran neftindən imtinaya vadar  etmək istəyir. İran artıq yetərincə böyük həcm ixrac edir və bunu əvəzləmək çətin olacaq. İxracat apreldə gündə 2,62 milyon, mayda yeni rekord – 2,7 milyon, iyunda 2,61 milyon barrel təşkil edib. İyun məlumatlarına görə, İran Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya ümumilikdə 1,8 milyon barrel ixrac edib. Yəni bütün ixracatın, demək olar, 70%-i Asiya ölkələrinə düşür.

Sanksiyalar götürüləndən sonra İran hasilat və ixracatı fəal artırmağa başlayıb. İqtisadiyyat neft gəlirləri sayəsində inkişaf edib. İran yeni ilinin təkcə birinci rübündə (21 mart – 21 may 2018) İranın gəlirləri keçən illə müqayisədə, haradasa, 60% artıb. Bu zaman ölkədə neft gəlirləri 74% çoxalıb.

İran tam təcridə düşsə və heç kimə neft satmasa, nə olacaq?

Milli energetik təhlükəsizlik Fondunun (METF) aparıcı eksperti İqor Yuşkov deyir: “İran neftini ixrac etməkdən imtina bazarda nəhəng kəsir ifadə edəcək, barrelin qiyməti göylərə qalxacaq. Bütün ixracatın dayanması İran və bütün hakim rəhbərlik üçün fəlakətli olacaq”.

Təəccüblü deyil ki, Tehran kozırı köynəyin qolundan çıxarıb və radikal tədbirlər hədəsi gəlir – bütün dünya neftinin, ən azı, 20%-nin keçdiyi Hörmüz boğazını bağlamaqla. Əlbəttə, İran buna yalnız ən ifrat halda əl atacaq, çünki nəticələr dəhşətli olacaq.

Yuşkov qeyd edir: “İranın Hörmüz boğazını bağlamaq hədəsinin əsası var. İranın bütün neftinin ixracı bağlanarsa, onda İranın itiriləsi heç nəyi qalmayacaq. Çünki ölkənin bütün iqtisadiyyatı və siyasəti onsuz da çökəcək. İran dövləti dağılma təhlükəsi altında Hörmüz boğazını doğrudan bağlaya bilər. Bu, dünya neft bazarında əzəmətli qıtlığa səbəb olar. 1973-cü ilin enerji böhranından daha pis böhran qopar. Dünya təkcə İran neftindən məhrum olmaz. Küveytdən neft, Qətərdən STQ çıxa bilməz, Səudiyyə Ərəbistanı da yanacaq ixrac edə bilməz”.

Aydındır ki, bunun ardınca ABŞ tərəfdən Tehrana hərbi zərbə gələcək. Ekspert əlavə edir: “Bütün sünni dövlətləri, habelə İsrail onu dəstəkləyəcək. Bu, çağdaş görkəmdə İranın sonu olacaq”.

ABŞ bu dəfə İranın neft ixracatının tam qadağasına təkid edir. Keçən dəfə İran sanksiyalar altına düşərkən belə bir şey olmayıb. O zaman AB ən sərt qadağanı öz şirkətləri üçün tətbiq edib. Özü də o vaxt İran nefti əsasən məhz Avropa bazarına gedirdi. İran ixracatın quruluşunu tədricən yenidən formatladı və öz neftini daha çox Çin və Hindistana satmağa başladı. 2012-ci il sanksiyalarına bənzər sanksiyalar İrana çox da güclü zərbə vurmazdı, buna görə də ABŞ Çin və Hindistanı öz tərəfinə çəkmək istəyir.

Lakin ekspertlər İran neftinin tam təcridinə inanmırlar. AKRA korporativ reytinqlər qrupunun direktor müavini Vasili Tanurkov deyir: “Asiya ölkələri hətta geniş beynəlxalq konsensusun mövcud olduğu əvvəlki sanksiyalar şəraitində də İran neftinin idxalını davam etdirib. Hazırda isə hətta Avropanın da İran neftinin idxalından imtina edəcəyi yəqin deyil”.

2K İnjinirinq şirkəti” direktorlar şurasının sədri İvan Andriyevski hesab edir ki, İran nefti ixracatının tam deyil, üçdə ikiyə qədər azalması mümkündür. O deyir: “Avropa və Hindistan hər halda İran neftindən imtinaya hazırlaşır. Yaponiyanın, Cənubi Koreyanın da imtinası önəmsiz olacaq. ABŞ-ın gerçək problemi Çinlə olacaq. Pekin bunu eləməkdən imtina edə bilər. Çin hətta bu həcmləri özü üçün sərfəli şərtlərlə qismən ələ keçirə bilər”.

ABŞ hazırda Çin və Hindistanla İranla bağlı sövdələşir. ABŞ-ın BMT səfiri Xeyli İran neftini idaxldan imtina əvəzində Hindistan baş naziri Modiyə İranın Hindistandan Əfqanıstana və Pakistandan  yan keçməklə Orta Asiyaya ticarət yolu açacaq Çabahar dəniz limanının inkişafı üzrə Hindistan layihəsinə dəstək vəd edib. Yuşkov əlavə edir: “Bundan başqa, hindlər İran nefti alır və neft məhsullarını başqa ölkələrə ixrac etmək üçün ölkə daxilində emal edirlər. Bu zaman orada emalla əcnəbilər məşğul olurlar”.

Bu isə bildirir ki, onlar ABŞ sanksiyalarına düşmək istəməzlər.

Bu planda Çinin işi daha asandır, çünki İran nefti ölkənin öz ehtiyaclarına gedir. Pekin qətiyyətlidir – Çin XİN təmsilçisi iyunun 4-də bildirib ki, İran neftinin ixracatı haqda Trampın çağırışına hay verməyi planlaşdırmır. Yuşkov təxmin edir: “Çinlilər daha müstəqildir və Amerikanın qadağasına getməyəcəklər. Onlar əlyeri tapacaqlar, məsələn, ancaq İrandan neft idxal edən və ABŞ-da biznesi olmayan şirkət yaradacaqlar, buna görə də sanksiyalar onun üçün qorxulu olmayacaq”.

Məsələn, 2012-ci il sanksiyaları İran neftini daşıyan tankerləri sığortalamağı qadağan edirdi, bu üzdən dənizə çıxa bilmirdi, amma çinlilər o zaman vəziyyətdən asanlıqla çıxıblar. Tankerləri öz şirkətlərində sığortalamağa və sakitcə neft idxal etməyə başladılar.

Bütün bu əhvalat yekunda Çin üçün hətta sərfəli çıxa bilər. Andriyevski deyir: “Vaşinqtonun göstərişlərinə daha həssas ölkələr üçün nəzərdə tutulan neft əlverişli şərtlərlə Çinə çata bilər. Amerikalılar da bunu anlayırlar”.

Yuşkov əlavə edir: “Avropalılar və amerikalılar İran bazarını tərk edəndə Çin İranın neft bazarı və iqtisadiyyatın qalan bütün sahələrinə daha möhkəm girişəcək”.

Hadisələrin inkişafının daha nikbin variantı var – Tramp İranla nüvə proqramı üzrə yeni saziş bağlayaraq yeni sanksiyalardan imtina edərsə. Yuşkov hesab edir ki, bu, İranın Suriyanı xırda pul kimi təklif edəcəyi halda mümkündür. O deyir: “İran Suriyanın əyalətlərindən çıxmaq haqda ABŞ-la sövdələşə bilər ki, İsrail də bunu fəal şəkildə yeridir”. Əslində, bu, İranın dövləti indiki görkəmində qoruyub saxlamağa imkan verəcək yeganə kozırıdır.

Rusiya İranı diplomatik səviyyədə dəstəkləyəcək və sanksiyalara qarşı çıxacaq. Amma bütün bu əhvalat iqtisadi planda bizə də əlverişlidir. METF eksperti qeyd edir: “İran dünya bazarlarında bizim rəqibimizdir. Buna görə də onunla iqtisadi dialoqumuz çox da əmələ gəlmir. İran Venesuela ilə birlikdə OPEK-də neft hasilatının yüksəldilməsi üzrə sazişdə bizim opponentimiz idi”.

Hər şeydən əlavə, Yaxın Şərqdəki qarışıqlıq Rusiya büdcəsini və Milli Rifah Fondunu da doldurmağa yardım edən neft qiymətlərinin artımını doğurur. Və hətta hasilatın artırılması üzrə Rusiyanın OPEK-lə sazişi də buna mane olmur.

Hazırda qara qızılı yüksəkdə saxlayacaq amillər son dərəcə çoxdur. Hörmüz boğazının mühasirəsi neft qiymətlərini ümumiyyətlə hər barrelə xəyali 400 dollara çatdıra bilər. Amma bütün bunlar hələlik yenə də fantastika seriyasındandır – çətin ki, İran bu cür intihara əl atar.

ABŞ sanksiyalarla dünyanı İran neftinin bir qismindən məhrum etsə, onda hər şey başqa oyunçuların öz hasilat və ixracat həcmini artırmaq imkanından asılı olacaq. OPEK+ sıradan çıxan İran neftini əvəzləməsə, Tanurkov hesab edir ki, bu, qiymətin 30-40% kəskin sıçrayışına səbəb olacaq. Yəni yanacaq qiymətləri 2014-cü ildəki çöküşə qədərki 100-115 dollara qədər tam qayıda bilər.

Rusiya Maliyyə Nazirliyi 2014-cü il neft çöküşü ilə bağlı tarixçənin təkrarından narahatdır…

Muhərrəm Günəş

Yeni Akit (Türkiyə), 11.07.2018

Neft müharibələri və Hörmüz boğazı  

 

İran prezidenti Həsən Ruhani İranın neft ticarətinə mane olmaqda Amerika təhdidlərinə cavabda Hörmüz boğazının mümkün bağlanması haqda hədəni yenidən səsləndirib. İran rəsmiləri bu ruhda cavab veriblər: “Hörmüz boğazından ya hamı istifadə edəcək, ya da heç kim”.

Hörmüz boğazının bağlanması daim – nüvə sazişinin ləğvi kimi mövzular vasitəsilə İrana qarşı sanksiyalar tətbiqi meydana çıxanda hər dəfə dünyanın diqqətini məşğul edir.

 

Hörmüz boğazının önəmi hansıdır?

 

Hər şeydən qabaq, bu sahədəki ekspertlərin izahatları üzrə fikir yürütsək, İranın Hörmüz boğazını bağlaması Amerika və İsrailin törətməyə çalışdığı müharibənin qığılcımını alovlandıra bilər. Bölgə ölkələrinin də qatılacağı böyük savaş nəticəsində İranı işğal etmək üçün bəhanə meydana çıxa bilər. Hazırda iqtisadi problemlər üzündən xalqın narazılığıyla bağlı çətin durumda olan İranın neft ticarətinə mane olmaq bu ölkəni tam iqtisadi iflasa aparar.

Neftin kəşfiyyatı, hasilatı, nəqliylə bağlı Trampın törətdiyi bir sıra maneələr İranın neft hasılatı gücünün ciddi şəkildə azalmasında əsas səbəb olub. Hindistan kimi böyük bazarlar göstərilən basqı nəticəsində İran neftini almaqdan imtina edir. İrana qarşı iqtisadi savaş başlandığı andan neft satışının azalması fonunda ərzağın qiyməti qalxıb və İran rialı tarixdə ən aşağı nöqtəyə düşüb. Əlbəttə, bu da xalq hiddətini törədib.

İran qaynama nöqtəsinə çatarsa və Hörmüz boğazı haqda öz hədəsini yerinə gətirərsə, bunun hansı nəticələri olacaq?

Boğaz bölgə ölkələrinin neft ticarəti üçün həyati önəmə malikdir. Hörmüz boğazı Oman və Fars körfəzlərinuin arasında yerləşir. Yaxın Şərqin neft istehsalçılarını Sakit okean bölgəsi, Asiya, Avropa və Şimali Amerika bazarlarını birləşdirən bu arteriya üzərindən dünya neft daşımalarının 40%-i keçir. İrann özündən savayı ən böyük neft istehsalçılarından Səudiyyə Ərəbistanı özünün xam neft ixracatının 88%-i, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər bütün ixracatını, İraq 99%-i Hörmüz boğazı üzərindən daşıyır. Hər gün müxtəlif ölkələrin 20-30 tankeri bu boğazdan keçir. Fars körfəzinin bəzi dövlətləri indiki durumu ciddi qəbul edib və artıq alternativ marşrutlar üzərində işləməyə başlayıb. Səudiyyə Ərəbistanı İran ixracatının bağlanmasından meydana çıxacaq boşluğu doldurmaq üçün istehsal gücünü çoxaldıb.

Boğazın bağlanması hər şeydən qabaq özlərinin neftə ehtiyacını xeyli dərəcədə İranın hesabına təmin edən Çin, Yaponiya kimi Asiya ölkələrinə, Avropanın bütün ölkələrinə ziyan vuracaq, kürəsəl neft ticarətinə və iqtisadi tarazlıqlara həyati önəmli təsir göstərəcək.

Tramp administrasiyası keçən mayda İranla nüvə sazişindən çıxandan sonra Avropa ölkələrini də antiiran sanksiyalarının gərəkdiyinə inandırmaq cəhdlərinə başlayıb. Bununla yanşı, ABŞ cari ilin noyabrında İranın neft satışından gəlirlərini sıfırlaşdırmağı planlaşdırır. Amma bunun birbaşa toxunacağı seqment olan Avropa ölkələri Trampın planını bəyənmir. Çünki 2008-ci ildə İranın boğazı bağlamaq hədələri nəticəsində neft qiymətlərinin ciddi rekord yüksəlişi baş verib. ABŞ silahlı qüvvələri Mərkəzi komandanlığının təmsilçisi Bill Urban ABŞ Hərbi-Dəniz Qüvvələrinin mümkün reaksiyası haqda suala cavabında qeyd edib: “Biz müttəfiqlərimizlə birlikdə beynəlxalq hüququn imkan verdiyi hər yerdə yerdəyişmə və ticarət azadlığını təmin etməkdən yana gərəkən hər şeyi etməyə hazırıq”.

1988-də İranın Amerikanın “Semüel B.Roberts” gəmisini partlatmasının cavabında Amerika donanması İranın iki döyüş gəmisini batırıb və Hörmüz boğazı bir gün ərzində dəniz döyüşünün şahidi olub. ABŞ-ın 5-ci donanması bölgədən keçən ticarət gəmilərini qorumaq üçün o vaxtdan Bəhreyndə əsaslanıb.

İran keçmiçdə də (2002, 2008, 2012 və nəhayət, 2015-də) bu cür fitnəkarlıqların cavabında boğazı bağlamaq hədəsi gəlsə də, hələlik bu vədi əməldə yerinə yetirməyib, çünki bilir ki, əsas uduzan onun özü olacaq.

Görünür, bölgəmiz ən yaxın aylarda bütün dünyaya və kürəsəl güclərə yaxından toxunan böyük ticarət savaşlarına şahid olacaq.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə