İran prezidenti Həsən Ruhani beynəlxalq sanksiyalar götürüldükdən sonra Avropa paytaxlarına baş çəkib Qərblə münasibətləri qaydaya salır. Ruhaninin Avropa turnesində ilk dayanacaq İtaliya oldu. Səfərin gedişində ümumən 17 milyard avroluq müqavilələr imzalanıb. Ev sahibləri varlı qonağı incitməmək üçün Kapitoliya muzeyindəki antik ilahə heykəllərini gizlətmək qərarına gəliblər. Antik dövrün şedevrləri İran təmsilçilərinin mətbuat konfransı zalına keçdiyi dəhliz boyu düzülmüşdü.
Britaniya qəzeti Telegraph-ın yazdığı kimi, guya Ruhaninin köməkçiləri elə etməyi xahiş ediblər ki, prezident rəsmi fotoşəkillərdə Mark Avrelinin (qədim Roma imperatoru-red.) heykəlinin fonunda görünməsin. Problem tamamilə ədəbli şəkildə xirqəyə bürünmüş imperatorun özündə deyil, onun atındadır. Bir İtaliya qəzetinin məlumat verdiyi kimi, “Eramızın II əsrinin bürünc atı iranlıları pərt etdi”.
Hətta rəsmi naharda ali qonağıın hisslərini çaşdırmamaq üçün süfrəyə şərab qoymayıblar.
Hörmət deyil, “sayıqlama”dır
Bu cür “hörmət” heç də hamıya xoş gəlməyib. İtaliya parlamentinin üzvü və Silvio Berluskoninin keçmiş mətbuat katibi Daniele Kapessone bildirib ki, heykəllərin gizlədilməsi dövlət görüşünü “səfehliyə” çevirir və “iranlılara bu cür yaltaqlanmaq ayıbdır”.
Kapessone sual edir: “Məgər İtaliya o qədər alçalıb ki, heç kimin qəlbinə dəyməmək üçün nahar süfrəsinə şərab qoymur?”
Sağ mərkəzçi “İtaliya qardaşları” partiyasının lideri Corciya Meloni öz Facebook səhifəsində zarafat edib ki, Matteo Rensinin solçu hökuməti açıq şəkildə Qətər əmirinin gəlişinə hazırlaşır: “Maraqlıdır, Rensi onun üçün nə hazırlayıb? Gəlin, Müqəddəs Pavel kilsəsini bütünlüklə qutuda gizlədək!”
Bədii tənqidçi və məşhur İtaliya teleaparıcısı Vittorio Sqarti daha dərinə gedərək bildirb ki, yalnız “cahil qoyunlar” heykəlləri gizlətməyə qədər düşünə bilərdilər: “Düşünmürəm ki, prezident Ruhani Romada çılpaq heykəlləri görərkən güclü şəkildə heyrətlənərdi”.
Eyni zamanda, Britaniyanın Guardian qəzetinin qeyd etdiyi kimi, İtaliya Baş naziri birinci dəfə deyil ki, özünü bu cür aparır. О, Florensiyada anadan olub və məlum olduğu kimi, antik çılpaqlığa tolerantlığı ehtiva edən İtaliya mədəni irsinin önəmini vurğulamaqdan heç vaxt yorulmur. Bununla belə, keçən ilin oktyabrında Əbu Dabi taxtının şahzadəsi Xəlif ibn-Zəyd Əl-Nəhəyanın Florensiyaya səfəri zamanı Rensi göstəriş verdi ki, Amerika heykəltəraşı Cef Kunsun “Pluton və Prozerpina” əsəri gizlədilsin, lakin onun düz yanında Mikelancelonun “David” əsərinin surəti yerləşir.
Söz yox, Roma və Avropa tarixi çılpaq insan bədəninin təsvirindən dəfələrlə daxili rahatsızlıq hiss edib.Antik dövrdən ilkin xristianlığa keçid buna səbəb oldu ki, çılpaqlıq istisnasız olaraq İblislə səsləşdi. Nahaq deyil ki, idrak ağacını dadan Adəm və Həvva dərhal əncir yarpağına büründülər.
İntibah insan bədəninin ilahi haləsini geri qaytardı, lakin hər şey qaydasında getmirdi. Məsələn, 1560-cı ildə papa IV Piy Mikelancelonun Sikstin kapellasındakı freskalarındakı əndamları əncir yarpaqları və sarğılarla örtməyi əmr etdi. Freskalar orijinal kimi yalnız 1999-cu ildə tam bərpa edildi.
Cenni Nortonun şərhi
Bi-Bi-Si-nin Fars xidməti
İran prezidenti Həsən Ruhani və İtaliya Baş naziri Matteo Rensinin Kapitoliya muzeyindəki görüşündə aşkarca nəsə çatmırdı: qəbul edən tərəf çılpaq antik heykəllərin nəhəng kolleksiyasını gözdən uzaq etməyi qərara aldı. Baş nazirin dəftərxanası bildirdi ki, bu, yüksək qonağa hörmət əlaməti kimi edldi, lakinİranın sosial şəbəkələrində çoxlu şərhlər peyda oldu: müəlliflər İtaliyanı tənqid edirdilər ki, öz vətəndaşlarının baxışlarına sayğı göstərməyən adama sayğı göstərir. Lakin İranın bəzi şərhçiləri qeyd etdilər ki, prezident Ruhani olduqca mürəkkəb durumdadır. O, cəmiyyətin daha mühafizəkar hissəsi tərəfdən daim tənqid atəşi altındadır. Bu qism onun İranı beynəlxalq təcriddən çıxartmaq və ölkəni Qərbin təsirinə açmaq cəhdlərindən narazıdır. Qərbdə yaşamış və təhsil almış Ruhaninin antik Roma heykəllərinin görünüşündən şoka düşdüyünü təsəvvür etmək çətindir. Lakin ona siyasi opponetlərinə əl verən istənilən yöndəmsizlikdən imkan daxilində yayınmaq lazımdır.
Onun liberal sayılan sələfi Məhəmməd Hatəmi 2007-ci ildə İtaliyaya səfər edərkən bəzi italyan qadınlarının əlini sıxdığına görə tənqidçilərin əlindən əməlli-başlı çəkməli oldu.
Prezident Ruhani İtaliyadan sonra Parisə yollandı. Keçən ilin noyabrında səfər planlaşdırılarkən iranlılar xahiş etdilər ki, Yelisey sarayında rəsmi naharda ortalığa şərab qoyulmasın. Əldə olan məlumatlara görə, Fransa hökuməti bu xahişi yerinə yetirməkdən imtina etdi və Le Monde qəzetinin yazdığı kimi,bunu “sadəcə mənasız” saydı.
Yana Litvinova
BBC.com. 28.01.2016