XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

19 Avqust 2018 - 19:51

KREML HƏLƏ DƏ TRAMPA ÜMİD EDİR:“Administrasiyanı tənqid etməyə tələsmirik”

 “Bloomberg”-in jurnalistləri Yevgeniya Pismennaya və İlya Arxipov yazır ki, ABŞ ötən həftə Rusiyaya qarşı yeni sanksiyalar barədə elan etdikdən sonra da Kreml Trampa kin saxlamır.

Yüksək vəzifəli məmurlar ümid edir ki, ABŞ prezidenti hələ də münasibətlərin yaxşılaşdırılması ilə bağlı verdiyi vədini yerinə yetirə biləcək, ya da heç olmasa, Konqresin israr etdiyi son dərəcə ağır sanksiyaların qarşısını alacaq. Rusiya Beynəlxalq Məsələlər Şurasının başçısı Andrey Kortunov bildirib: “Kreml Trampın məntiqini, bazarların və cəmiyyətin reaksiyasının həddindən artıq böyük olduğunu başa düşür, çünki dəhşətli heç bir şey baş verməyib. Hamı Trampın Konqresin fəaliyyətinə cavab verməli olduğunu və onları ləngitməyin onun üçün vacib olduğunu başa düşür”.

Jurnalistlər xəbər verir: “Hazırda Rusiya yeni sanksiyalara cavab tədbirlərini təxirə salıb, reaksiyasını qəzəbli ritorika ilə kifayətləndirib, senatın daha geniş məhdudiyyətlərlə bağlı qanun layihəsi üzrə debatların nə ilə bitəcəyini görmək üçün payızı gözləyir. Liderlər arasında səmimi şəxsi münasibətlər olduğu və gözlənildiyi kimi əlaqələri davam edəcəyi üçün Kreml əmindir ki, Tramp Vaşinqtonda belə bir siyasi imkan əldə etsə, həqiqətən əlaqələri bərpa etmək istəyir”.

Məqalədə deyilir ki, bu zaman Rusiya hökuməti sakitcə “gizlin yerə çəkilir”. Məmurlar əmindir ki, rus iqtisadiyyatının həcmi və Trampın münasibətləri yaxşılaşdırmaq istəyi Rusiyanı dağıdıcı sanksiyalardan müdafiə etsə belə, onun maliyyə və iqtisadi təcridi uzun illər çəkə, hətta dərinləşə bilər.

 “Kreml Vaşinqton siyasətində tez-tez dəyişən küləklərə öyrəşməyə macal tapmır və insayderlərin çoxu ABŞ-ın nə qədər gözlənilməz bir ölkəyə çevrilməsindən şikayətlənir”, – məqalə müəllifləri qeyd edir.

Kortunovun sözlərinə görə, Kreml ümid edir ki, Dövlət Departamentinin sanksiyaları daha sərt məhdudiyyətləri sürətləndirən Senatın “qazını alacaq” və noyabrda keçiriləcək aralıq seçkilərindən sonra münasibətlərin istiləşməsi üçün imkan yarana bilər. “Administrasiyanı tənqid etməyə tələsmirik və Trampın hər şeyi korladığını düşünmürük”, – Kortunov deyib.

 “Amma Kreml risk etmək niyyətində deyil. Sanksiyalarla bağlı artan əndişələr fonunda Rusiya cari ilin yazında ABŞ-ın xəzinə kağızlarına investisiyalarını kəskin azaldıb. Bu il neftin qiymətinin artmasına baxmayaraq, hökumət kəsrin və onun maliyyələşməsi üçün xarici investorlardan asılılığı aradan qaldırmağa xüsusi diqqət yetirir”, – jurnalistlər xəbər verir.

Dövlət Dumasının Maliyyə Bazarı Komitəsinin sədri Anatoli Aksakov bildirib: “Hər şeyə hazırıq. Hökumət istənilən hadisəyə hazır olmaq üçün xüsusilə ehtiyatlı davranır”.

Xərclərin azaldılması ilə bağlı bir sıra qeyri-populyar tədbirlər fonunda Putinin reytinqi aşağı düşüb, amma Kreml geri çəkilmir və neftin qiymətinin 50 dollara düşəcəyi ehtimal üçün büdcəni balanslaşdıranadək xərcləri azaltmaq niyyətindədir. “Müəyyən mənada böyük dövlət layihələrinin planlaşdırılmasına xüsusi investisiyalardan daha çox üstünlük verilir”, – məqalədə deyilir.

Aksakov deyir ki, Mərkəzi Bank və Maliyyə Nazirliyi “daha konservativ fəaliyyət göstərir”. İqtisadçılar hesab edir ki, nəticədə Kremlin məqsədi – zəif iqtisadiyyata təkan vermək – getdikcə real görünmür.

Rusiya Bankları Assosiasiyası nəzdində maliyyə ombusdmeni, keçmiş deputat Pavel Medvedyev deyib: “Bizim üçün yeni əsr başlayıb. Sanksiyalar uzun müddət qüvvədə qalacaq. Biz ipdən asılı marionetlər kimiyik, tamamilə onların əlindəyik”. (Xpressa.net)