Lragir.am
Ermənistan, 10 sentyabr 2018-ci il
Bu gün Gürcüstanın Baş naziri Mamuka Baxtadze Ermənistana rəsmi səfər edəcək (Material tərcümə edilən ərəfədə səfər artıq gerçəkləşdirilib – red.). O, Ermənistanın Baş naziri, Prezidenti və parlamentinin spikeri ilə danışıqlar aparacaq.
Görüşlərdə, yəqin ki, erməni-gürcü münasibətlərindəki dolaşıq məsələ – buğdanın tranziti problemi müzakirə ediləcək.
Məlum olduğu kimi, Gürcüstan buğdanın öz ərazisindən avtomobullərlə tranzitini 15 sentyabrdan qadağan edib. Bunu rəsmi olaraq buğda daşıyan ağır yük maşınlarının yolları xarab etməsilə izah ediblər. Təklif edirlər ki, bu, daşımaların maya dəyərini artırsa da, buğda bərə ilə Potiyə, oradan da dəmir yolu ilə Ermənistana daşınsın.
Məlum olub ki, Ermənistan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə aparılan danışıqların nəticəsində Cənubi Qafqaz Dəmir Yolları və Gürcüstan Dəmir Yolları dənli bitkilərin Poti limanından Ermənistana daşınması tariflərinin 1 sentyabr 2018-ci il tarixdən 52% azaldılması barədə razılıq əldə ediblər. Əgər aparılan hesablar düzdürsə, nəticədə taxılın bir tonu 50 dollar deyil, 25 dollar bahalaşacaq.
Söhbət strateji əhəmiyyətli zəruri ərzaq məhsulundan gedir və sürətli regional inkişaf, həmçinin Azərbaycan və Türkiyənin Ermənistana yönəlik iddiaları nəzərə alınarsa, Gürcüstanın qərarı perspektivdə ciddi nəticələrə səbəb ola bilər.
Ermənistan hakimiyyəti Gürcüstanla münasibətlərə daima həssas yanaşıb və Ermənistanın xarici aləmə yeganə çıxışını təhlükə altına sala biləcək problemlərin yaranmasına imkan verməməyə cəhd edib. Gürcüstan da Ermənistanın problemlərinə anlayışla yanaşıb, onlar bu və ya başqa yolla həll edilib və gürcülər Ermənistanın durumu ilə alver etməyib.
Lakin Türkiyə və Azərbaycanın Gürcüstanda iqtisadi iştirakı getdikcə daha çox nəzərə çarpır. Bu iki ölkə Ermənistanı beynəlxalq təcrid siyasəti aparır və bu siyasətdə Gürcüstana mühüm platforma kimi baxılır.
Azərbaycanın Gürcüstandan keçən kommunikasiyalara – dəmir yollarına, qaz boru kəmərlərinə və s. marağı haqqında informasiyanın dövri olaraq yayılması təsadüfi deyil. Əgər Ermənistandakı bütün strateji kommunikasiyaların Rusiyaya məxsus olduğunu nəzərə alsaq, onda mənzərə tamamlanır və buğdanın tranzitinin qadağan olunması ilə bağlı məsələ iqtisadi problem və 100 illik regional status-kvo çərçivəsindən kənara çıxır.
100 il bundan öncə Türkiyə və Rusiya erməni torpaqları (mətndə belə gedib – tərc.) hesabına regionu böldülər – Qars, Ərdahan və Sürməli Ararat dağı (mətndə belə gedib – tərc.) ilə birgə Türkiyəyə, Qarabağ və Naxçıvan Azərbaycana verildi, əvəzində Türkiyə Batumini Rusiyaya güzəştə getdi. O da Gürcüstana verdi. Faktiki, Batumi erməni ərazisi olaraq mübadilə edildi. Eyni zamanda, Batumi limanının eksteritorial qaydada Ermənistana verilməsi haqqında danışıqlar vardı. Bəlkə, bu, buğda ilə bağlı məsələdə həll və özünəməxsus “kompensasiya” ola bilər.
100 il bundan öncə Türkiyə və Rusiya erməni dövlətini məhv etmək vəzifəsini ortaya qoydu. İndi Azərbaycan və Türkiyə bu siyasəti davam etdirir, buğda və enerji daşıyıcıları ilk hədəflər ola bilər.
Ermənistan hakimiyyəti bu problemi bütün ciddiyyətilə məhz perspektiv planda müzakirə etməlidir. Gürcüstan erməni arxasının özü üçün mühümlüyünü layiqincə qiymətləndirməlidir.
Tərcümə Strateq.az-ındır