XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 12:39

“Qara qızıl” ölkəsinin “cəngavər”ləri:PUTİNİN OLİQARXLARI TRAMPIN KOMANDASINA NECƏ YOL TAPIB?

 

Rusiyanın ABŞ-dakı seçkilərə təsir kampaniyasında ən mühüm rolu oliqarxlar oynayıb.

Bu barədə “Time” nəşrinin jurnalisti Saymon Şuster (Simon Shuster) yazıb. O, qeyd edir ki, Rusiya prezidenti ölkənin zəngin şəxslərini sadiq agent qrupuna çevirib.

“Hökumətlə faydalı sövdələşmə, ya da sadəcə hakimiyyətdən müdafiə müqabilində bu milyarderlər ABŞ-ın yüksək siyasi dairələri ilə əlaqə qurublar. Özü də bunlar Rusiya dövlətinin maraqları daxilində siyasətə təsir etmək üçün kifayət qədər yüksək dairələr olub”, – Şuster yazır. “Onlar Kremlə ölmüş siçan gətirməyi xoşlayan pişiklərdir”, – Praqa Beynəlxalq Əlaqələr İnstitutunun eksperti Mark Qaleotti (Mark Galeotti) bildirib.

“Və Trampların simasında oliqarxlar sağlam qurban tapıblar. Rusiyalı milyarderlərdən biri 2014-cü ildə İvanka Tramp (Ivanka Trump) və onun əri, prezidentin baş köməkçisi Cared Kuşneri (Jared Kushner) Moskvada təntənəli ziyafətdə qəbul edib. Bir başqası ötən il Trampın şəxsi vəkili Maykl Koenə (Michael Cohen) 500 min avro ödəyib. Üçüncüsü milyonlarla amerikalı seçicinin xəbərlər lentində trampyönlü kontentin yayılması üzrə təxribatçı əməliyyata rəhbərlik edib. Dördüncü maqnat prezident seçkilərinin ən qızğın çağında görüş təşkil edib və Trampın ən yaxın mübarizə yoldaşlarına Klintonla bağlı kompromat təklif edib. Və nəhayət, illərlə Vaşinqtonda dost axtarışına çıxan və sonda qarmağına Trampın seçki qərargahının sədrini keçirən Deripaska olub”, – məqalədə deyilir.

Şuster “2002-ci ilin qızmar günlərindən birini” xatırlayır. Onda Putin Moskva yaxınlığında ölkənin ən imkanlı şəxsləri ilə görüş keçirib. Görüş onun ideyası olmayıb, Kremlə yaxın bankir tərəfindən irəli sürülüb. Həmin maliyyəçi Sergey Puqaçov deyir ki, “o, qara qutu idi, heç kim içində nə olduğunu bilmirdi”. Onda oliqarxların çoxu Putinin öhdəsindən asanlıqla gələ biləcəklərini düşünüblər. Onlar yeni prezidentin də köhnə dövlət başçısı kimi üzüyola olacağını fikirləşiblər. Putin onların səhvini düzəltməyə tələsib və görüş üçün yer seçməklə birmənalı mesaj göndərib.

“Görüş Stalinin bağ evində baş tutub. Bu, çox rəmzi xarakter daşıyırdı”, – Puqaçov bildirib. Onun sözlərinə görə, oliqarxlardan heç kim gənc prezidentə çətin suallarla meydan oxumayıb: “Bizim getməyimizə icazə verməsi kifayət idi”.

“O istəyirdi, biz başa düşək ki, bizim, böyük biznesmenlərin müəyyən gücü ola bilər, amma bu güc onun dövlət başçısı kimi gücü ilə müqayisə edilə bilməz”, – mesajı ciddi qəbul etməyən və sonra 10 ilini bəbsxanada keçirən Mixail Xodorkovski bildirib.

Dərs aydın idi. 2007-ci il Oleq Deripaska “Financial Times” qəzetinə müsahibəsində deyirdi: “Mən özümü dövlətdən ayırmıram. Mənim başqa maraqlarım yoxdur”.

“Oliqarxlar ixtisaslaşdıqları sahəni davam etdiriblər. Bəziləri bank işi və maliyyədə, digərləri faydalı qazıntıların hasilatı və energetikada fəaliyyət göstəriblər. Və onların hər biri dövlətə müxtəlif cür xərac verib”, – məqalədə deyilir.

Prezident 2012-ci ildə Rusiyanın şərq hissəsində yerləşən boş adada sammit keçirmək qərarına gələndə Araz Ağalarov kampusun, yeni yolların və infrastrukturun inşası üçün öz vəsaitindən 100 milyon dollar xərcləyib. Yevgeni Priqojin 2015-ci il Ukrayna və Suriyadakı hərbi əməliyyatların əsas iştirakçısına çevrilib: onun şirkətini “Vaqner” özəl hərbi təşkilatla əlaqələndirirlər. O, həmçinin sosial şəbəkələrdə yüzlərlə saxta hesabdan Kreml təxribatını yayan trol fabrikini – “İnternet araşdırmalar mərkəzin”i maliyyələşdirib.

“Amerika və Qərbi Avropada hakim dairələr arasında təsirin yaradılması baxımından ən incə və həssas iş, bir qayda olaraq, ən zəngin rus maqnatlarına tapşırılıb. 2000-ci ildə Stalinin bağ evində baş tutan görüşün qonaqlarından biri Viktor Vekselberq onların arasında ən görkəmli yerlərdən birini tutur”.

Vekselberq sərvətini əsasən neft və metallardan toplayıb, sonra Kremlin xeyir-duası ilə onu texnoloji sektora yönəltmək qərarına gəlib. O, qismən əmisi oğlunun Nyu Yorkdakı şirkəti tərəfindən investisiyalar yolu ilə Silikon Vadisində tez bir zamanda özünə dost tapa bilib. Yeri gəlmişkən, onun Amerika şirkətləri ilə tərəfdaşlığı tezliklə FTB-nin diqqətini cəlb edib. Büro 2014-cü ildə sənaye dairələrinin ünvanına kifayət qədər qeyri-adi xəbərdarlıqla çıxış edib. “Amerika hökumətinin narahatlığı Deripaskanın halında daha kəskin olub”, – Şuster qeyd edir. 2006-cı ildə ABŞ onun vizasını ləğv edib, amma Deripaska yenə də Vaşinqtonda ən nüfuzlu lobbiçilərdən biri, o cümlədən Pol Manafort (Paul Manafort) və Rik Qeyts (Rick Gates) ilə əlaqə qura bilib.

“Manafort-Deripaska tərəfdaşlığı xüsusilə Kreml üçün geniş imkanlar yaradıb”, – məqalə müəllifi qeyd edir. Amerikalı lobbiçi 2005-ci ildə hətta Deripaskaya ABŞ və Avropanın böyük bir hissəsində siyasi hadisələrə təsir planı təklif edib. “Associated Press” agentliyinin məlumatına əsasən, məqsəd “Putin hökumətinə böyük fayda gətirmək olub”. Məlumatda deyilir ki, Manafortun inkişaf etdirdiyi taktikalardan biri “gələcək hökumətlərdə etibar edə biləcəyi liderlərin heyətinin öyrədilməsi” olub.

“Manafort planını Deripaskaya göndərdikdən bir il sonra onlar birlikdə Avropa xəritəsini büsbütün dəyişdirəcək layihə üzərində işləyiblər, – Şuster yazır. – 2006-cı ilin yazında Monteneqroda qonşu Serbiyadan müstəqillik haqqında referendum keçirilib. Manafort etiraf edib ki, Deripaskanın maliyyə yardımı ilə səsvermənin təşkil edilməsinə kömək edib”. Referendumla məşğul olan Monteneqro məmurlarından biri deyir ki, “onların köməyi olmadan, çox güman, heç nə baş verməzdi, onlar çox yaxşı komanda idilər”.

“Son iyirmi il ərzində oliqarxların qurduğu əlaqə şəbəkəsi ölkə daxilində və xaricində bütün təsir dairəsini əhatə edib və Tramp ora qismən təsadüfən düşüb”, – Şuster davam edir.

“Tramp hələ Putin və oliqarxlar hakimiyyətə gəlməzdən çox əvvəl Rusiyada bizneslə məşğul olmaq istəyib”, – jurnalist qeyd edir. Sovet İttifaqının Vaşinqtondakı səfiri tərəfindən 1987-ci ildə Moskvada təşkil edilən birinci səfər zamanı Tramp yeni hotel üçün əraziyə baxıb. Həmin vaxt KQB-nin baş zabiti Vladimir Rubanovun sözlərinə görə, onlar Trampı izləyə biliblər. “Deyərdim ki, şans 50-50-ə olub”, – Rubanov məlumat verib. “Onun əlaqələri var idi, o, məşhur və varlı idi. Ona görə biz tərəfdən bu insana sadəcə növbəti turist kimi münasibət göstərilməyəcəkdi”, – o, deyib.

Moskvada “Trump Tower” haqqında danışıqlar bir də 25 il sonra bərpa edilib. Bu dəfə onu Putinin sevimli memarı Ağalarov başladıb. 2013-cü ilin payızında onlar Trampla birlikdə Moskvada “Kainat gözəli” müsabiqəsi keçiriblər və 3 milyard dollar dəyərində hotel, ticarət mərkəzi və ofis kompleksi tikməyi planlaşdırıblar. “Lakin görünür, Trampın siyasi iddiaları buna mane olub”, – Şuster qeyd edir.

“Seçkilər yaxınlaşdıqca Ağalarovlar ailəsi Tramplarla əlaqə saxlayıb”,  – jurnalist yazır. Ağalarovun oğlu Emin oğul Donald Trampa 2016-cı ilin iyun ayında görüş təşkil etməklə bağlı təklif irəli sürüb. Həmin görüş hazırda xüsusi prokuror Müllerin (Robert Mueller) diqqət mərkəzinə düşüb. Müller hələ həmin görüş barədə araşdırmanın gəldiyi nəticələri elan etməlidir, amma Ağalarovların onun təşkilindəki rolu Tramplar  dünyasında onların əlaqələrinin nə qədər irəlilədiyini göstərir.

Bir də Vekselberq olub. Onun əmisi oğlu Endryu İntraterin (Andrew Intrater) şirkəti “Columbus Nova” ötən il Trampın şəxsi vəkilinə konsultasiya üçün 500 min dollar ödəyib. “Ola bilsin, Vekselberq və Trampın kampaniyasında iştirak edəcək şəxslər arasında daha əvvəl də başqa əlaqələr olub”, – Şuster bildirir.

Məqalədə deyilir: “Time” nəşrinin əldə etdiyi sənədlər göstərir ki, 2016-cı il mart-sentyabr aylarında Trampın xarici siyasi məsələlər üzrə müşaviri Karter Peyc (Carter Page) 2013-cü ildə qaz biznesinə başlayanda vasitəçilərin köməyi ilə Vekselberqə müraciət edib. Sənəddə Vekselberq üstünlük verilən investor kimi adlandırılıb, onun fondunun top-meneceri isə əlaqələndirici şəxs kimi qeyd olunub. Sənəd Peycin həmin menecerlə 2013-cü il iyulun 3-ü şam yeməyi planlaşdırdığını göstərir. Həmçinin materialda Peycin şirkəti ilə Rusiyanın enerji nəhəngi “Qazprom” arasında qarşılıqlı anlaşma haqqında memorandum layihəsinə toxunulub.

Elə həmin vaxt Nyu Yorkda rus kəşfiyyatının əməkdaşı Peycin rəğbətini qazanmağa çalışıb, ölkənin enerji sektorunda müqavilələr vəd edib. 2015-ci ilin yanvarında Ədliyyə nazirliyi tərəfindən ittihamedici aktın tərkibinə daxil edilən, ələ keçirilən söhbətlərə əsasən, casuslardan biri digərinə belə yazıb: “Onun “Qazprom”-a gözü düşüb, elə fikirləşir ki, onların layihəsi varsa, yüksələ bilər. Boş vədlərlə başını qatacam”. Məqalədə deyilir ki, həmin iki şəxs FTB tərəfindən həbs olunduqdan sonra deportasiya edilib.

Ekspertlər hesab edir ki, Trampın Klinton üzərində qələbəsinə yardım göstərməklə prezidentin minnətdarlığını əldə edəcəklərini başa düşmək üçün oliqarxların heç birinə konkret instruksiya gərək olmayıb. “Onlar beyinlərini işə salıb, əllərində olan bütün resurs və əlaqələri hərəkətə keçiriblər”, – Qaleotto deyib. Görünür, müdaxilənin bədəli onların gözlədiyindən böyük olub: onların çoxu ABŞ-ın ayrı-ayrı biznesmenlərə qarşı tətbiq etdiyi ən sərt sanksiyalarla üzləşməli olub.

Putin yeganə qalib təəssüratı yaradır. Oliqarxların ram edilməsi ona siyasi dividentlər gətirməyə davam edir. “Bu, ona Helsinkidə kameralar qarşısında rus dövlətinin üzərindən məsuliyyəti atmağa imkan yaradıb. Xaricdə məxfi təsir vasitələrinə gəldikdə isə Putin çətin ki, oliqarxların təqdim etdiyi vasitələrdən daha yaxşısını arzulaya bilərdi”, – Şuster yazır.

(Xpressa.net)