XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 13:55

“İNADKARIN RAM EDİLMƏSİ”-Avropa İttifaqı və Rusiya ABŞ-a qarşı birləşib (TƏHLİL)

Endryu Rettman

“EUobserver

27 sentyabr 2018

 

Sentyabrın 25-i Nyu Yorkda baş tutan dünyanın ən böyük diplomatik tədbiri – BMT Baş Assambleyasının iclası AB, Rusiya və Çinin ABŞ-a qarşı həmrəylik nümayişinə çevrilib.

İran ətrafında cərəyan edən hadisələr Amerika lideri Donald Trampın (Donald Trump) birtərəfli yanaşmasına görə alt-üst olan dünyanı simvolizə edib.

ABŞ dövlət katibi Mayk Pompeo (Mike Pompeo) “narahat və həqiqətən məyus olub”. “Transatlantik münasibətlər çərçivəsində ABŞ və AB-nin Rusiya kimi ümumi rəqiblərə qarşı birgə müqavimət apardığı 70 ildən sonra bu, regional və qlobal sülh və təhlükəsizlik üçün təsəvvür edə biləcəyimiz ən faydasız tədbirlərdən biridir”, – o, jurnalistlərə bildirib.

Yeni tədbirlər deyəndə Pompeo ödəmə sisteminin yaradılmasını nəzərdə tutub. Belə bir sistem AB və başqa ölkələrə Trampın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalardan yan keçməklə İran neftini almağa icazə verəcək.

Rusiyanın yüksək vəzifəli diplomatı Vladimir Yermakov jurnalistlərin qarşısında çıxış edərkən AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerinini (Federica Mogerini) nəzərdə tutaraq qeyd edib ki, “xanım Mogerinin dediyi hər şey çox pozitiv xarakter daşıyır”.

O, Mogerininin Nyu Yorkda Rusiya, Çin, İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə görüşündən sonra çıxış edib.

“AB-yə üzv dövlətlər İranla qanuni maliyyə tranzaksiyalarını təmin etmək üçün xüsusi mexanizm (SPV) yaradacaq. Sistem Avropa şirkətlərinə AB qanunlarına əsasən İranla ticarəti davam etdirməyə imkan yaradacaq və bu, dünyada başqa tərəfdaşlarımız üçün də açıq ola bilər”, – İranın xarici işlər naziri Cavad Zəriflə (Javad Zarif) birlikdə BMT Baş Assambleyasının kulluarlarında çıxış edən Mogerini jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yaxın zamanda AB-nin texniki ekspertləri detalları dəqiqləşdirmək üçün bir araya gələcək. “Dünyada münaqişə və böhranlar zamanı danışıqlardan daha yaxşı alternativiniz varmı? Diplomatiya və dialoqdan daha yaxşı alternativ varmı? Məgər müharibə ən yaxşı alternativdir?” – Mogerini çərşənbə axşamı “CNN” televiziya kanalına müsahibəsində deyib.

AB, Rusiya və Çin nümayəndələrinin bəyanatlarına əsasən, onlar Trampın qərarına görə “dərin təəssüf hissi keçirirlər”.

Onlar əlavə ediblər ki, Trampın sanksiyaları “BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi çoxtərəfli diplomatiyaya” ziddir.

“E3+2 və İran” adını almış, AB-nin başçılıq etdiyi qrup 2015-ci ildə, hələ “E3+3 və İran” adı daşıdığı vaxtlarda bundan əvvəlki ABŞ administrasiyası ilə birgə Tehranın uranın zənginləşdirilməsi proqramını dondurması müqabilində sanksiyaların ləğvi barədə saziş imzalayıb.

Lakin Tramp mayda sənədin kifayət qədər etibarlı olmamasını əsas gətirərək, sazişdən çıxıb.

Amerika sanksiyaları təhlükəsinə görə Fransa və Almaniyanın “Daimler”, “Peugeot” və “Renault” kimi avtomobil istehsalçıları, Almaniyanın mühəndis-texniki profilli “Siemens” şirkəti və Fransanın “Total” enerji şirkəti İranda yeni birgə müəssisələrin tərkibindən çıxır.

Nyu Yorkda İran prezidenti Həsən Ruhani (Hassan Rouhani) ilə görüşündən sonra Belçikanın baş naziri Şarl Mişel (Charles Michel) bildirib ki, “biz [AB] ABŞ-ın Avropa şirkətlərinin hansı regionlarla biznes aparıb aparmayacağını müəyyənləşdirməsi ilə razılaşa bilmərik”.

“Avropalı tərəfdaşlarımızla birgə bunun [SPV] üzərində aktiv işləyirik”, – Almaniya xarici işlər naziri Hayko Maas (Heiko Maas) deyib.

AB və ABŞ arasında nifaq

İrana görə AB və ABŞ arasında fikirayrılığı Tramp Avropa və Çin ilə ticarət müharibəsinə başladıqdan, ABŞ-ın NATO-dan çıxacağı ilə hədələdikdən və Amerikanı Paris iqlim sazişindən çıxardıqdan sonra start götürüb.

Avstriya, Hollandiya, Almaniya və Fransa şirkətləri Rusiya və Almaniya arasında çəkilən “Şimal axını – 2” qaz kəmərinin maliyyələşməsində iştirak edəcəyi təqdirdə Tramp həmin şirkətləri cərimə cəzası ilə təhdid edib. Bundan sonra da fikirayrılığı başlayıb. Çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) BMT-dəki çıxışında Trampı “millətçiliyi” və “proteksionizmi” qızışdırdığı üçün tənqid edib. (Xpressa.net)




Yuxarı Əvvələ Ana Səhifə