Aleksandr Alikin
EURASIANET
01 oktyabr 2018
Xarici investorlar sürətlə Rusiyanın səhmlər və qiymətli kağızlar bazarından öz pullarını çıxarmağa başlayıb. Paralel şəkildə ümumilikdə iqtisadiyyata xarici investisiyaların həcmi azalır.
Səbəblər arasında rublun dəyər itirməsini, Rusiyanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrə investorların etimadının azalmasını və ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını qeyd etmək olar. Ölkədəki zəif biznes mühiti vəziyyəti daha da çətinləşdirir.
Fond bazarı
Mərkəzi Bankın maliyyə sabitliyi departamentinin direktoru Yelizaveta Danilovanın bəyanatlarından və “VTB kapital”-ın hesablamalarından belə məlum olub ki, Federal istiqraz bazarı (FİB – alıcılarına faiz ödənilən qiymətli kağızlar) sentyabrda 116 milyard rubl dəyərində xarici kapital itirib.
Mərkəzi Bankın məlumatına əsasən, avqustda bu göstərici 71 milyard rubl təşkil edib. Doqquz ay ərzində FİB bazarında xarici investorların payı 31,1%-dən təxminən 25%-ə düşüb.
Dövlət qiymətli kağızlar bazarı ilə yanaşı xarici investorlar Rusiya iqtisadiyyatına investisiya ilə məşğul olan fondlardan da kapitallarını çıxarmağa başlayıblar. Fondların adı qeyd olunmur. “Kommersant” qəzeti “Renessans kapital” şirkətinin hesabatına istinadən məlumat verir ki, bir həftə ərzində (5-12 sentyabr) xarici investorlar bu cür fondlardan 103 milyon dollar çıxarıblar ki, bu da bir öncəki həftə ilə müqayisədə (25 milyon dollar) 4 dəfə çoxdur və iyun ayından bu yana maksimal çıxarış hesab edilir.
İlin əvvəlindən fondlar 340 milyon dollar itirib. “Rayffayzen kapital” şirkətinin investisiyalar şöbəsinin rəisi Vladimir Vedeneyev sayta bildirib ki, bu, iki səbəbdən – inkişaf etməkdə olan dövlətlərdə zəif şəraitdən və ABŞ tərəfdən Rusiyaya qarşı gözlənilən yeni sanksiyalardan dolayı baş verib.
Mərkəzi Bankın məlumatında deyilir ki, 2018-ci ilin ilk yarımilliyində xarici investorlar, həmçinin rus banklarında cari və depozit hesablarında vəsaitlərinin həcmini azaldıblar, xaricdən rus təşkilatlarına cəlb edilən borcluluq səviyyəsi, eləcə də xarici portfellərdə olan rublla dövlət qiymətli kağızları üzrə hökumətin öhdəlikləri aşağı düşüb.
İqtisadiyyata investisiyalar
Mərkəzi Bankın məlumatında deyilir ki, 2017-ci ilin yekunlarına əsasən, birbaşa investisiyalar 4 milyard dollar azalaraq 28,7 milyard dollarda qərarlaşıb. Cari ilin ilk rübündə bu göstərici 7 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, böhrandan əvvəl 2013-cü ildə bu, 69,2 milyard dollar olub.
Müstəqil araşdırmalar rəsmi statistika ilə müqayisədə daha neqativ mənzərə nümayiş etdirir. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının məlumatına əsasən, ötən il Rusiyaya birbaşa investisiya həcmi 17% aşağı düşərək 31 milyard dollarda qərarlaşıb. Bu zaman ötən ilki nəticə 2013-cü ildə müşahidə olunan göstəricidən (94 milyard dollar) 3 dəfə azdır.
Qeyd etmək lazımdır ki, rus biznesmenləri arasında böyük tələbatın olduğu ofşor zonalara malik ölkələr əksər hallarda birbaşa investisiya mənbəyi qismində çıxış edir. Belə ki, Mərkəzi Bankın məlumatına əsasən, ötən il birbaşa investisiyaların 90%-i (25,9 milyard dollar) yeddi dövlətin – Kipr, Baham adaları, Lüksemburq, Sinqapur, Birləşmiş Krallıq, Bermud adaları və İsveçrənin payına düşüb. Birbaşa xarici investisiyalar strukturunda rus investisiyalarının faktiki payı məlum deyil. Əsas investor ölkələri nəzərə alsaq, bu pay çox yüksək ola bilər.
Əsas kapitala (tikinti, bərpa, maşınların, avadanlığın, əqli mülkiyyət obyektlərinin əldə edilməsinə xərclər) investisiyalar tərkibində xarici yatırımların statistikası da pis görünür. Rəsmi olaraq, ötən il əsas kapitala xarici investisiyalar böhrana qədərki dövrü üstələyib (2013-cü ildə 76,4 milyard rubl olan bu göstərici 83,5 milyard rubla qalxıb), amma bu dövr ərzində rublun iki dəfə dəyər itirməsini nəzərə alsaq, birbaşa investisiya həcmi təxminən iki dəfə azalıb.
“Rosstat”-ın məlumatından belə çıxır ki, 2017-ci ilin göstəricisi 2016 və 2015-ci ildə müşahidə olunan göstəricidən aşağıdır (müvafiq olaraq 86,7 milyard və 120,4 milyard rubl).
Xarici investorların açıq-aşkar Rusiyaya marağını itirməsinə baxmayaraq, yüksək vəzifəli məmurlar bu sahədə vəziyyətin yaxşılaşdığını deyir. Prezident Vladimir Putin və İqtisadi İnkişaf naziri Maksim Oreşkin ötən il birbaşa xarici investisiyalarda artımın olduğunu bildirib. (Xpressa.net)