XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 17:38

AŞPA RUSİYAYA QARŞI SANKSİYALARI LƏĞV ETMƏYƏ HAZIRLAŞIR –  TƏHLİL

DW

09 oktyabr 2018-ci il

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası oktyabrın 8-i Strasburqda öz işinə başlayıb. Sessiyanın ikinci günü oktyabrın 9-u assambleya “Səlahiyyət və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbulu prosesinin təkmilləşdirilməsi” başlıqlı qətnaməni müzakirəyə çıxaraq.

Bu məsələ ilə bağlı səsvermə cari sessiyanın sensasiyası ola bilər. Axı sənədin sırf texniki xarakterinə baxmayaraq, onun AŞPA-nın gündəliyinə çıxarılmasına üç il ərzində baş verən siyasi intriqalar, səs-küylü qalmaqallar və səhnəarxası danışıqlar səbəb olub. Oktyabrın 9-u deputatlar qətnaməni dəstəkləsələr, onda AŞPA-nın növbəti yanvar sessiyası Rusiya Federasiyası Dövlət Dumasının nümayəndə heyətinin tamhüquqlu iştirakı ilə keçəcək. Mətndə ümumiyyətlə Rusiyanın adı hallanmasa da, qətnamənin əsl səbəbi heç kimə sirr deyil.

Rus faylı

AŞPA-da Rusiyanın nümayəndə heyətinə qarşı sanksiyalarla bağlı əhvalat öz başlanğıcını 2014-cü il Rusiya tərəfindən Krımın qanunsuz ilhaqından sonra qəbul edilən aprel qətnaməsindən götürür. Sənəddə Dövlət Duması deputatlarını səs hüququndan məhrum etmək məsləhət görülüb. Bu qətnamədən sonra sanksiyalar bir neçə dəfə uzadılıb.

Assambleyanın Krımı Ukraynaya qaytarmaq tələblərinə Donbasda hərbi təcavüzü dayandırmaq və ukraynalı siyasi məhbusları azad etməklə bağlı Moskvaya ünvanlanan çağırışlar da əlavə olunub. Lakin Kreml AŞPA-nın qəbul etdiyi qətnamələrin heç bir bəndini yerinə yetirməyib və assambleyanın qərarlarına etiraz əlaməti olaraq Rusiya nümayəndə heyəti 2016-cı ildən etibarən AŞPA sessiyalarında iştirak etmir.

Hər yanvar sessiyasında milli nümayəndələr səlahiyyətlərin təsdiqi prosedurundan keçir. Avropa Şurasına (AŞ) üzv ölkə tərəfindən təşkilatın prinsiplərinin ciddi şəkildə pozulması əsas gətirilərək,  bu səlahiyyətlərə etiraz edilə bilər. Dolayısıyla, Moskva başa düşür ki, AŞPA-nın tələblərini yerinə yetirmədən Rusiyanın nümayəndə heyəti yeni sanksiyalardan qaça bilməyəcək.

Otuz qaydası

Hazırda səlahiyyət proseduru aşağıdakı şəkildə fəaliyyət göstərir. Assambleyanın açılışında AŞPA prezidenti bütün nümayəndə heyətlərinin səlahiyyətlərini təsdiqlənməsi ilə bağlı məsələni səsverməyə qoyur. Əgər həmin an iştirak edənlərdən kimsə kiminsə hüquqlarına etirazını bildirmək istədiyini bəyan edirsə və onu beş ölkədən 30 deputat dəstəkləyirsə, onda monitorinq komitəsinin adından məruzənin hazırlanma mexanizmi işə düşür.

Məruzəçi məsələnin bütün təfərrüatlarını araşdırdıqdan sonra qətnamə mətni hazırlayır. Bu sənəddə ya səlahiyyətləri təsdiqləməyi, ya təsdiqləməməyi, ya da məhdudiyyətlə təsdiqləməyi təklif edir. Qətnamə assambleyanın səsverməsinə çıxarılır və çoxluğa əsasən qəbul edilir.

Rahat yeni qaydalar

İndiyədək bu cür prosedur Rusiya nümayəndə heyətinin assambleyaya qayıtmasına heç bir şans saxlamayıb. Mexanizmə edilən dəyişikliklər qətnamənin predmetinə çevrilib. Bu qətnaməni oktyabrın 9-u Sosialistlər partiyasından belçikalı deputat Petra de Sutter (Petra de Sutter) təqdim edəcək.

Qətnamə layihəsinə əsasən, nümayəndə heyətinin səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsini başlatmaq üçün deputatların sayı zalda iştirak edənlərin altıda bir hissəsini təşkil etməlidir. Səlahiyyətlər haqqında qətnamənin özünü qəbul etmək üçün isə səsvermədə iştirak edən deputatların üçdə ikisinin dəstəyi lazımdır.

Bundan başqa, qətnamədə deyilir ki, nümayəndə heyəti assambleyada hər hansı hüquqdan məhrum olsa belə, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakimlərin, insan hüquqları üzrə AŞ komissarı və AŞ baş katibinin seçilməsi ilə bağlı səsvermədə iştirak edə bilər.

Siyasi mətbəxin sirləri

Qaydaları “Rusiyaya uyğun” dəyişmək ideyası 2016-cı ildən AŞPA-da dolaşıb. Birinci dəfə bu ideya həmin vaxt AŞPA prezidenti postunu tutan ispaniyalı deputat Pedro Arqamuntun (pedro Argamunt) əli ilə müzakirəyə çıxarılıb. O, Rusiya ilə dialoq tərəfdarlarından olub və rus nümayəndə heyətinin qeyd-şərtsiz AŞPA-a qayıtması ideyasını dəstəkləyib. Lakin iki il əvvəl demək olar bütün deputat qrupları, hətta bəziləri Rusiyaya simpatiya bəsləsə də, bu ideyanı rədd edib, mövcud reqlamenti bir ölkənin maraqlarına uyğunlaşdırmaqdan imtina edib.

Daha sonra səs-küylü qalmaqal baş verib. Belə ki, Arqamunt Dövlət Duması deputatları ilə Rusiya Müdafiə Nazirliyinin təyyarəsində Suriyaya səfər edib, orada Bəşər Əsədlə görüşüb. Arqamuntu nalayiq davranışına görə prezident postundan vaxtından əvvəl uzaqlaşdırmaq üçün AŞPA reqlamentə yeni maddə  daxil etmək məcburiyyətində qalıb. Bu, assambleya deputatlarını o fikrə gətirib ki, reqlament mükəmməl deyil və onu dəyişmək lazımdır.

Pedro Arqamuntun istefasından sonra AŞPA-nın yeni prezidenti, italiyalı sosialist Mikelle Nikoletti (Michelle Nicoletti) aktiv şəkildə bəyan etməyə başlayıb ki, AŞ-a üzv olan bütün ölkələr təşkilatın işində tamhüquqlu iştirak hüququna malikdirlər. Və Rusiya AŞ Nazirlər Komitəsində tamhüquqlu fəaliyyət göstərdiyi üçün AŞPA-da da iştirak etməlidir.

“AŞ-nin hər iki qanunverici orqanına üzv dövlətlərin iştirakını və nümayəndəliyini tənzimləyən qaydaların uyğunlaşdırılmasına” dair müvafiq qətnamə ötən ilin oktyabr ayında qəbul edilib.

Maliyyə şantajı

Bu arada Moskva AŞ ilə ünsiyyətdə tonunu sərtləşdirib. Ötən il Rusiya üzvlük haqqı 33 milyon avronun üçdə iki hissəsini təşkilatın büdcəsinə ödəməyib. Rusiya hökuməti bildirib ki, ölkənin nümayəndə heyəti AŞPA-a qayıtdıqdan sonra ödəmələr bərpa ediləcək.

Moskvanın maliyyə arqumenti AŞ baş katibi Turbörn Yaqland (Thorbjørn Jagland) üçün inandırıcı arqument olub. Yaqland etiraf edib ki, təşkilat Rusiya tərəfdən ödənilməyən üzvlük haqqının yoxluğunu hiss edəcək. O, Rusiyanın AŞPA sıralarından çıxarılmaması və rusları AİHM müdafiəsindən məhrum etməmək üçün təşkilatı Rusiya ilə dialoqa çağırıb.

Bütün bu hadisələrdən məhz hansının həlledici rol oynadığını söyləmək çətindir, amma oktyabrın 9-u keçirilən səsvermə onun finalı olacaq. Yeri gəlmişkən, səsvermənin nəticəsini də əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

Yeni münaqişə yetişir

Moskva Rusiya nümayəndə heyətinin AŞPA-a qayıtma ehtimalı ilə bağlı məmnunluğunu dilə gətirmir. “Avropa Şurasını tərk etməklə bağlı daxildə qərar yetişir. Bunu sizə səmimi deyirəm”, – Federasiya Şurasının spikeriValentina Matvienko reqalament dəyişiklikləri barədə qətnamə layihəsi dərc olunan gün bildirib. Ekspertlərin çoxu bu manevri səsvermədən öncə vəziyyəti qızışdırmaq cəhdi kimi qiymətləndirir. Onların fikrincə məqsəd nəticəyə təsir göstərməkdir.

Ukraynanın reaksiyasına gəldikdə isə Ali Radanın ötən həftə qəbul etdiyi qərarda deyilir ki, “AŞPA-da Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların ləğvi ilə bağlı siyasi məqsəd güdən cəhd” uğurlu olsa, Kiyev assambleya ilə əməkdaşlığını yenidən nəzərdən keçirəcək.

(Xpressa.net)