XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2015 - 08:57

“Türk axını” layihəsinə Mərkəzi və Cənub-Şərqi Avropa dövlətlərinin maraqları

Rusiyaya məxsus “Cənub axını” qaz boru kəməri layihəsinin “Türk axını” ilə əvəz edilməsi qaz idxalçıları olan bir sıra Mərkəzi və Cənub-Şərqi Avropa dövlətlərinin enerji siyasətinə təsir edib. Bolqarıstan yeni layihədən kənarda qalıb, boru kəmərinin keçməsi nəzərdə tutulan Yunanıstan, Makedoniya, Serbiya və Macarıstan üçün isə mürəkkəb vəziyyət yaranıb. Bir tərəfdən bu dövlətlər üçün Rusiya əsas qaz təchizatçısı kimi çıxış edir, digər tərəfdən isə xüsusilə Ukrayna böhranından sonra ABŞ və Aİ Avropa dövlətlərinin Rusiyadan enerji asılılığının azaldılması üçün qaz idxalının diversifikasiyalaşdırılması strategiyasını irəli sürür. Qeyd etmək lazımdır ki, “Türk axını” kəmərində iştirakı nəzərdə tutulan dövlətlər bu layihənin əsas tərəfdarları kimi çıxış edirlər.

Layihədə Avropaya giriş nöqtəsi hesab edilən Yunanıstan “Türk axını” layihəsində mühüm əhəmiyyət daşıyır. Yunanıstan hökuməti layihəni dəstəklədiyini, ölkə ərazisindən Rusiya qazının nəql edilməsi üçün istifadəsinin mümkünlüyünü bəyan edir. ölkənin enerji naziri Panayiotis Lafazanis mart ayının sonunda Moskvaya etdiyi səfər zamanı rəsmi Afinanın kəmərin Yunanıstan ərazisindən Avropaya doğru uzadılmasında maraqlı olduğunu bildirib. O, Rusiya qazına qiymət baxımından alternativin olmadığını bildirmişdir. Lafazanis Avropanı öz maraqlarını müdafiə etməyə çağırıb, Rusiya və onun qazının təcrid olunmasının Avropanın maraqlarına zidd olduğunu bəyan edib.

Aprelin 8-də Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşündən sonra baş nazir Aleksis Tsipras “Türk axını” ilə nəql ediləcək qazın Yunanıstan ərazisi ilə Avropaya çatdırılmasının ölkəsi üçün mənfəətli olduğunu bildirmişdir. Tsipras Rusiya qazını nəql edəcək kəmərə dair Aİ ilə məsləhətləşmələr aparılacağını qeyd edib. Dövlət rəhbərlərinin görüşündə Yunanıstana məxsus enerji ehtiyatlarının işlənməsində Rusiya şirkətlərinin iştirakı da müzakirə edilib.

Maraqlıdır ki, hakim Siriza ilə birgə koalisiya hökumətinin üzvü olan ANEL fərqli mövqe nümayiş etdirir. Belə ki, martın 30-da ABŞ-da səfərdə olan ANEL lideri və ölkənin müdafiə naziri Panos Kammenos Yunanıstanın enerji yataqlarının işlənməsində Amerika şirkətlərinin iştirakını dəstəklədiyini və bölgədə mövcud olan qaz və neft yataqlarının işlənməsində ABŞ-ın vacib sabitləşdirici rol oynadığını vurğulayıb.

Rəsmi Afinanın “Türk axını” layihəsini dəstəkləməsini Rusiya qazının idxalından asılılığı (illik qaz ehtiyacının 65%-i) ilə izah etmək olar. Digər tərəfdən, bunu TAP layihəsinə də müsbət yanaşan hazırkı hökumətin ölkədə qaz satış mərkəzinin (hub) yaradılması planları ilə əlaqələndirmək mümkündür. ölkədə sıxılmış qaz terminalının (Revithoussa LNG Terminal) yeniləşdirilməsi, Bolqarıstan ilə qaz kəmərinin çəkilməsi üçün işlərin başlanması, gələcəkdə “Türk axını” və TAP-ın işə düşməsi Yunanıstana bu məqsədini həyata keçirməyə imkan verə bilər.

Makedoniya “Türk axını”nı iqtisadi baxımdan mənfəətli layihə kimi dəstəkləyir. ölkənin baş nazirinin müavini Vladimir Pesevski Makedoniyanın tranzit ölkə olmağa hazır olduğunu söyləyib. Lakin eyni zamanda bu sahədə qlobal vəziyyətin necə olacağının nəzərdən keçirilməsinin zəruriliyini qeyd edib. Qaz idxalından asılı olan Makedoniya əvvəllər TAP vasitəsilə də çatdırılacaq qazdan da pay almaq istəyini nümayiş etdirib. Rusiyalı ekspert Andrey Korbiko Makedoniyanı “Türk axını” boru kəməri və çinin Yunanıstan-Ukrayna arasında iqtisadi dəhliz layihələrində əsas nöqtə adlandırıb. Onun fikrincə, Rusiya və çin tərəfindən irəli sürülən bu layihələr Makedoniyanın inkişafına böyük töhfə verəcəkdir. Korbiko bu layihələrin əhəmiyyətliliyinin hazırkı baş nazir Nikola Qruyevskiy tərəfindən müsbət dəyərləndirildiyini bildirib. Onun fikrincə, müxalif Sosial Demokratik İttifaqın lideri Zoran Zaev isə bu layihələrin əhəmiyyətini xarici qüvvələrin təsiri ilə inkar edir.

Serbiya “Türk axını” layihəsini dəstəkləyir. Lakin ölkənin Aİ-yə üzvlük perspektivi baxımından rəsmi Brüsselin mövqeyi ilə uyğunlaşmağa məcburdur. ölkənin xarici işlər naziri İvitsa Daçiç bildirib ki, “Cənub axını”nda olduğu kimi problemlərlə üzləşməmək üçün layihənin hüquqi cəhətdən Türkiyə, Rusiya və rəsmi Brüssel tərəfindən təsdiqlənməsinə ehtiyac var. Daçiç Serbiya vətəndaşlarını Qərb və Rusiya arasında geosiyasi oyunlara qurban verməyəcəklərini və buna görə də layihə ilə bağlı bütün razılaşmaların Aİ qaydalarına uyğunlaşdırılmalı olduğunu bəyan edib.

Macarıstan neft və qaz məhsullarının təchizatçısı kimi Rusiyadan asılı vəziyyətdədir. ölkədə istifadə olunan neft məhsullarının təqribən 80%-i və təbii qazın 70%-i Rusiyadan idxal olunur. “Türk axını” Macarıstanın hazırkı hökuməti tərəfindən dəstəklənir. ölkənin baş naziri Viktor Orban Macarıstanın layihəyə qoşulmaq üçün yollar axtardığını bəyan edib və layihənin bütövlükdə Avropa üçün vacibliyini dəfələrlə vurğulayıb. Orban boru kəmərinin 4 ölkədən keçməsi planını Vladimir Putinin fevral ayının sonunda Budapeştə etdiyi səfər zamanı təqdim edib. Qeyd edək ki, aprel ayının 7-də Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin xarici işlər nazirlərinin enerji təhlükəsizliyi ilə bağlı Budapeştdə keçirilmiş birinci görüşü Macarıstan hökumətinin təşkilatçılığı ilə baş tutub.

Görüşdə Yunanıstan, Makedoniya, Serbiya, Macarıstan xarici işlər nazirləri və Türkiyənin Aİ işləri üzrə naziri Volkan Bozkır iştirak edib. Görüşdə “Türk axını” ilə nəql olunacaq qazın Avstriyaya çatdırılması üçün 4 ölkə ərazisində müvafiq boru kəmərlərinin inşası müzakirə olunub. Bundan başqa, bu dövlətlər arasında birləşdirici boru kəmərlərinin çəkilməsi haqqında da fikir mübadiləsi aparılıb. Görüşdən sonra nazirlər ölkələrinin boru kəmərinin inşasında iştirak etməyə hazır olduqlarını bəyan ediblər. Macarıstan xarici işlər naziri Peter Siyyarto bildirib ki, layihə 5 ölkənin hər birinə 5 milyard avroya başa gələcəkdir. O, iyul ayında keçirilməsi planlaşdırılan növbəti görüşə Albaniya və Bosniya-Herseqovinanın da dəvət olunacağını deyib. Türkiyəli nazir Volkan Bozkır layihənin bütün regionun marağında olduğunu və onun əhəmiyyətini göstərmək üçün texniki qiymətləndirmənin keçirilməsinin vacibliyini vurğulayıb. Görüş iştirakçıları tərəfindən layihənin Aİ-nin ümumi qaydalarına uyğunluğunun əhəmiyyəti də qeyd olunub.

Qaz təchizatında əsasən Rusiyadan asılı olan bu ölkələr “Türk axını” layihəsinin reallaşmasında maraqlıdırlar. Rusiyanın bir sıra Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə təbii qazın qiymətləri və
təchizat müddəti ilə bağlı manevrləri rəsmi Moskvaya layihənin dəstəklənməsi üçün təsir vasitəsi kimi imkanlar yaradır. Lakin Aİ-nin Enerji İttifaqının strategiyası və 3-cü enerji paketindəki müddəalar (qaz idxalının diversifikasiyalaşdırılması və hər bir Aİ dövlətinin ikitərəfli enerji müqavilələrini rəsmi Brüssel ilə razılaşdırma tələbi) tədricən Rusiyanın təsir vasitələrini zəiflədə bilər.

“Türk axını”nda nəzərdə tutulduğu kimi, Yunanıstandan Avstriyaya qədər kəmərlərin çəkilməsi üçün sərmayənin tapılması problem yarada bilər. Bu səbəbdən Rusiyadan qaz idxal edəcək yeni kəmərin işə düşməsinin gecikməsi mümkündür. Rusiya maliyyə institutları tərəfindən kəmərin inşası üçün bu ölkələrə sərfəli kreditlərin verilmə ehtimalı var. Lakin rəsmi Brüsselin bu prosesi müxtəlif vasitələrlə dayandırmaq imkanlarını işə sala biləcəyini söyləmək olar. Digər tərəfdən isə Moskva rəsmi Brüsselin ölkələrarası enerji şəbəkələrinin birləşdirilməsi taktikasından onun özünə qarşı istifadə edə bilər. Görünür, Rusiyanın kəmərin Yunanıstan sərhədinə qədər çəkiləcəyini elan etməsi buna hesablanıb. Maraqlıdır ki, Budapeşt görüşündə də “Türk axını” layihəsinə paralel müzakirə olunan məsələ Avropa ölkələri arasında birləşdirici şəbəkələrin yaradılması olub.

Nurlan Əliyev,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi-eksperti

Newtimes.az