XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 14:41

ALMANİYA RUS QAZINDAN İMTİNA EDİR –Merkel Trampın təziyqlərindən qorxub? (TƏHLİL)

Angela Merkel (Angela Merkel) Amerikanın təbii maye qazına girişin açılmasına istiqamətlənən səyləri hökumət səviyyəsində dəstəkləməyi təklif edib.

“The Wall Street Journal” nəşrinin jurnalisti Boyan Pançevski (Nojan Pancevski) bu təklifin Avropanın ən böyük enerji bazarında rus təsirini zəiflətməyə çalışan Trampa prinsipial güzəşt olduğunu hesab edir.

Müxbir məlumatlı mənbəyə istinadən xəbər verir ki, bu ay Merkel səhər yeməyi zamanı deputatlardan ibarət kiçik qrupa hökumətin Almaniyanın şimalında 500 milyon avroya başa gələcək MTQ-terminalının tikintisini maliyyələşdirməkdə iştirak etmək qərarına gəldiyini xəbər verib.

Tramp ticarət sazişlərinin mübadiləsi kampaniyası çərçivəsində Avropanın böyük həcmdə MTQ alması üçün intensiv lobbiçilik fəaliyyəti ilə məşğul olub. Almaniya və Amerika rəsmilərinin sözlərinə əsasən, Berlin Amerika qazına giriş icazəsinin ticarət mübahisəsini həll etməyə, hətta “Şimal axını – 2” qaz kəmərinə qarşı sanksiya təhdidinin qaldırılmasına kömək edəcəyinə ümid edir.

“Mənbələrə əsasən, Almaniyanın şimal bölgəsindən deputatlarla danışan Merkel fikir dəyişikliyini məğlubiyyət kimi deyil, uzunmüddətli perspektivdə özünü doğruldacaq “strateji” qərar kimi xarakterizə edib. Ekspertlər etiraf edirlər ki, enerji bazarının açılması dərhal Almaniya üçün iqtisadi cəhətdən faydalı olmayacaq, amma nəticə etibarilə diverfikasiya məsələsində ölkəyə kömək edəcək”, – Pançevski yazır.

Yazıda qeyd olunur ki, MTQ terminallarının inşası ilə bağlı planlar hökumət tərəfindən dəstək almadığı üçün uzun illər yerində sayıb. Görüşdən bir həftədən az bir müddətdən sonra, oktyabrın 16-ı beynəlxalq konsorsium Ştade şəhərində terminala dövlət dəstəyi əldə etmək üçün ilk ərizə ilə müraciət edib. Mərasim yüksək vəzifəli siyasətçilərin və amerikalı səfir Riçard Qrenellin (Richard Grenell) iştirakı ilə Berlində Brandenburq qapılarına mənzərənin açıldığı terrasda keçirilib.

“İş yerləri açırıq, habelə transatlantik münasibətləri möhkəmlədirik. ABŞ istehsal etdiyi MTQ-ni Avropa və Almaniyaya tədarük etməyə tam hazırdır”, – Qrenell bildirib.

Berlinin hansı həcmdə və hansı formada dəstək göstərəcəyi bəlli deyil. Ancaq hökumət artıq ərizəni nəzərdən keçirməyi tezləşdirmək qərarına gəlib və çox güman, ilin axırınadək qərar qəbul ediləcək.

“Ştadedəki layihə Avstriyanın “Macquarie Ltd” maliyyə qrupu, Çinin “China Harbour Engineering Company” və Amerikanın “DowDuPont Inc.” şirkətləri tərəfindən dəstəklənir”, – məqalədə deyilir.

“İki rəqib konsorsiumun Ştadedən 30 mil şimalda yerləşən Brunsbyutell və konteyner daşıyıcılar üçün dərinsulu terminalın olduğu hərbi dəniz bazasının yaxınlığındakı Vilhemsxafendə MTQ terminalının tikintisinə dövlət dəstəyi əldə etmək üçün ərizə verəcəyi gözlənilir. Almaniya rəsmilərinin sözlərinə görə, Ştade və Brunsbyutell liderlik edir, çünki onlar daha irəli mərhələdədirlər və yer baxımından üstünlüyə malikdirlər”, – məqalə müəllifi yazır.

“Yerli deputatlarla söhbətdə Merkel xəbər verib ki, MTQ terminalı ən azı 10 ildən sonra itkisiz işləyəcək və uzunmüddətli hökumət dəstəyi tələb edəcək. Almaniya hökumətinin mətbuat katibi bildirib ki, terminalın maliyyələşməsi ilə bağlı qərar ABŞ-ın təzyiqi altında deyil, kommersiya maraqlarına uyğun qəbul edilib”, – məqalədə deyilir.

ABŞ-ın qeyd etdiyi arqumentlərdən biri ondan ibarətdir ki, Amerikadan MTQ-i tədarükü Almaniyanın enerji təhlükəsizliyini möhkəmlədəcək, Moskvadan asılılığını azaldacaq. ABŞ energetika nazirinin müavini Den Brulett (Dan Brouillette) qeyd edib ki, ABŞ hökuməti Berlinin bütün yumurtaları bir səbətə yığmamalı olduğuna “qəti” əmindir. “MTQ şəxsən prezident və hökumət üçün prioritet tapşırıqdır”, – o, deyib. (Xpressa.net)