XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2018 - 19:47

VAŞİNQTON “XAŞUQCİ CİNAYƏTİ” İLƏ BAĞLI TÜRKİYƏDƏN NİYƏ ÇƏKİNİR? –Ankara İsraillə Səudiyyə Ərəbistanı arasında qurulan ABŞ strategiyasını hər an çökdürə bilər - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

NBC televiziya kanalının “nbcnews” saytında ABŞ Prezidenti Donald Trampın Gülənin təhvil verilməsi və ya ən azı, başqa bir ölkəyə göndərilməsi yollarının araşdırılmasını istədiyi haqqında xəbər çıxan kimi, bu, təbii olaraq, jurnalistlər arasında həyəcan və “Görəsən, böyük bir xəbəri qaçırdıqmı?” qorxusu yaratdı. Bu xəbəri xüsusi diqqətlə dəfələrlə oxuduqdan sonra mənbələrimi axtarmağa başladım. Sonda anlaşıldı ki, bəli, ötən ay – oktyabr ayının ortalarında Prezident Tramp müvafiq qurumlardan məsələnin araşdırılmasını istəyib.

Burada önəmli olan ötən aya vurğu edilməsidir. Bu sahədə mütəxəssis olan mənbəm bu zaman vurğusunun önəmli olduğunu söylədi, çünki ötən ay baş verən hadisələr hazırda davam etmir. Yəni, baş verən hadisələr ötən ayın şərtləri, o günlərdə olan hadisələr nəzərə alınmaqla analiz edilməlidir.

 

O günlərdə nə baş verib?

 

Birincisi, o günlərdə bütün Orta Şərq siyasətini və xarici siyasətinin ən həssas məsələlərinin həllini Məhəmməd bin Salmanla qurulmuş tərəfdaşlıq əlaqəsinə bağlamış ABŞ hakimiyyəti Xaşuqcinin öldürülməsi hadisəsinin ona bağlanmasına görə panik durumdadır. Çünki bu, ABŞ-ın vasitəçiliyilə İsraillə Səudiyyə Ərəbistanı arasında qurulan strategiyanın tamamilə çökməsi anlamına gələcəkdi.

İkincisi, həmin günlərdə Vaşinqton Türkiyənin əlində istintaqı bu nəticəyə gəlməyə məcbur edəcək bəzi sübutların olduğu ehtimalı ilə hərəkət edirdi.

Məhz bu üzdən, bir gecədə MKİ Direktoru Cina Haspel Ankaraya, Xarici işlər naziri Maykl Pompeo isə Məhəmməd bin Salmanla görüşmək üçün Səudiyyə Ərəbistanına göndərildi. Haspelə Türkiyənin əlində olan kasetin bəzi hissələri dinlədildi. Pompeo da Salmanla görüşdükdən sonra, ABŞ-a dönmədən öncə Ankaraya baş çəkdi və dövlət rəhbərliyi ilə danışıqlar apardı.

Xəbər mənbələrimə görə, bütün bunlardan sonra Vaşinqtonda belə bir qorxu yaranıb ki, əgər Türkiyə istəyərsə, ABŞ-ın Orta Şərq planlarına byük zərbə vura bilər.

Üçüncüsü, bu arada ABŞ rəhbərliyi Xaşuqci işinin Məhəmməd bin Salmana bulaşdırılmadan bağlanmasına qərar verib. Bununla əlaqədar, Türkiyəni də qane edəcək, ən azı, qəzəbləndirməyəcək addımlar atılmasının faydalı olacağına oktyabr ayı içində qərar verilib.

ABŞ rəhbərliyinin bu qərarının altında bir ehtimal da varmış. Müşahidələrə görə, həmin dövrdə Vaşinqtonda Türkiyənin bu işlə bağlı gərginliyi artırmayacağı və hadisənin ABŞ-ın istədiyi formada yekunlaşdırılmasına yardımçı olacağı düşünülürmüş.

Tramp da Gülən məsələsinin araşdırılmasını buna görə istəyib. Düşünürmüş ki, bu, təbii olaraq, Türkiyəni məmnun edəcək bir addım olacaq.

 

Bu gün gəlinən nöqtə

 

Vaşinqtondakı mənbələrimin anlatdığına görə, bütün bunlar söylənilərkən daim oktyabr ayının şərtlərinə vurğu edilir. Bu gün gəlinən nöqtədə isə, ABŞ iqtidarı artıq Türkiyənin ortaya cinayəti Məhəmməd bin Salmana bağlayacaq sübut çıxarmayacağına inanmış vəziyyətdədir. Bu üzdən Vaşinqton, Səudiyyə Ərəbistanında günahkar olaraq göstərilən şəxslərin edam edilməsilə bu işin Məhəmməd bin Salmana bulaşdırılmadan bağlanacağını düşünür.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə