XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 12:07

İdxal azaldı: manat rahatlaya bilərmi? –Rövşən Ağayevin analizi

rovsen-agayev

 
"İstənilən ölkədə milli valyutanın sabitliyi ödəmə balansının durumundan asılıdır. Sadə dillə deyilsə, ödəmə balansı ölkəyə ən müxtəlif kanallarla daxil olan və ölkədən çıxan xarici valyuta axınlarının nisbətini əks etdirir. Daxil olan valyuta çıxan xarici valyutadan çox olanda milli valyuta ucuzlaşmır, həm də ölkənin valyuta ehtiyatları artır"
 
Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev deyib.
 
Onun sözlərinə görə, ölkədən çıxan valyuta daxil olan xarici valyutadan çox olanda isə milli valyuta ucuzlaşır, ölkənin valyuta ehtiyatları isə məzənnəni qorumağa xərcləndiyi üçün azalır. Necə ki, son ilyarımda Azərbaycanda bu proses müşahidə edilir:
 
"Bunları qeyd etməyimizn səbəbi var: bu ilin yanvarında xaricdən əmtəə idxalı 30%-dək azalıb. Çoxları düşünür ki, bu, artıq manatın sabitliyi üçün yetrəlidi. Reallıqda belədirmi?
 
Əgər idxalın azaldığı şəraitdə ixrac artırsa, yaxud sabit qalırsa, ən azından idxal ixracdan daha üstün sürətlə azalırsa, bu arqument müəyyən qədər əsaslı ola bilər. Doğrudur, 2016-cı ilin yanvarında Azərbaycanın idxalı 131 milyon dollar (23%) azalıb, amma ixrac bundan daha çox – 620 milyon dollar (təxminən 50%) azalıb. Ölkənin idxala xərclədiyi xarici valyutanın azalan hər dolları müqabilində ixracdan qazandığı valyuta təxminən 5 dollar azalıb. Nəticədə ötən ilin yanvarına nisbətən aylıq xarici ticarət balansının müsbət saldosu 3.5 dəfəyədək azalaraq 700 milyon dollardan 215 milyon dollara enib.  Hələ onu demirəm ki, beynəlxalq ticarət statistikası ilə bağlı mənbələrin məlumatına görə, Azərbaycan gömrüyündə uçota alınan faktiki idxal real idxal səviyyəsindən heç olmazsa 30-35% azdır. Bu fərq də nəzərə alınsa, real saldo daha kiçik rəqəmlərlə ifadə olunar…"
 
İqtisadçı bildirib ki, ticarət balansının müsbət saldosu valyuta bazarında dayanıqlığın təmin edilməsi üçün vacibdi, amma kafi deyil. Önəmli göstərici cari hesablar balansının saldosudu. Cari hesablar balansına əmtəə axınlarından savayı daha 2 kanalla valyuta hərəkəti daxildir: xidmətlər hesabı və gəlirlər (ilkin və təkrar) hesabı:
 
"Son 5 ilin statistikası göstərir ki, Azərbaycanda həm xidmətlər, həm də gəlirlər hesabının saldosu daima mənfi olub – yəni bu kanallarla ölkədən çıxan valyuta ölkəyə gələn valyutanı üstələyib. Və son 3 illik statistika göstərir ki, bu 2 hesab üzrə orta aylıq kəsir təxminən 500-600 milyon dollar aralığında dəyişib. Lakin həmin illərdə xarici ticarət balansınınn orta aylıq müsbət saldosunun 1-1.2 milyard dollar olması nəticəsində cari hesablar balansının yekunu (+) 5-6 milyard dollardan az olmayıb.  Bir vacib faktoru da nəzərdən qaçırmaq olmaz: o ölkələrdə ki, ölkəyə kapital axını ölkədən kapital axınından azdırsa, belə şəraitdə nəinki ticarət balansının, hətta cari hesablar balansının saldosunun müsbət olması da milli valyutanın sabitliyi üçün yetərli olmaya bilər. Bunun üçün vacib olan şərt kapital axınlarının mənfi nisbətinin cari hesablar balansının müsbət saldosundan kiçik olmasıdır. 2015-ci ildə Azərbaycanda biz bu prosesin canlı şahidi olduq: kapital axınlarının mənfi nisbətinin cari hesablar balansının müsbət saldosunu 9 milyard dollara yaxın üstələdi. Bu nisbət isə məhz Mərkəzi Bankın ehtiyatlarının əriməsi hesabına qapadıldı.
 
Beləliklə, ölkəyə əmtəə idxalı ilə yanaşı, xidmət idxalının azalmadığı, xidmət ixracının ən azı əvvəlki səviyyədə qalmadığı, ölkəyə kapital axınının (investisiyalar, kreditlər, depozitlər formasında) ölkədən kənara kapital axınını üstələmədiyi şəraitdə ticarət balansının hazırkı kiçik həcmli müsbət saldosu manatın rahatlaması üçün yetərli deyil.
 
Bu sullara daha dəqiq cavablar yanvar ayı üzrə tədiyyə balansının göstəriclərinin açıqlanması ola bilərdi. Amma heyf ki, biz bu rəqəmləri may ayından tez görə bilməyəcəyik. O zaman isə geri qayıdıb yanvarı təhlil etməyin əhəmiyyəti qalmayacaq".



Yuxarı Əvvələ Ana Səhifə