XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 20:10

TÜRKİYƏ YENİDƏN ABŞ-la ÜZ-ÜZƏ… –Vaşinqton geri çəkilməsə, Fəratın şərqində əməliyyat qaçılmazdır - TƏHLİL

Sedat Ergin

“Hürriyet”, Türkiyə, 19 dekabr 2018-ci il

 

12 dekabrda Prezident Ərdoğan Fərat çayının şərqinə yönəlik hərbi hərəkatın “bir neçə gün içində başlayacağını” açıqlayıb, dünən də ”hər an başlaya biləcəyini” söyləyib.

Verilən bu bəyanatlar Suriya sərhəddində hərbi hazırlıqların artması xəbərlərilə birləşincə, Türkiyə ilə ABŞ arasındakı münasibətlər yüksək gərginlik xəttinin içinə girmiş olur.

Ərdoğanla Prezident Tramp arasında ötən cümə günü olan telefon danışığına rəğmən, gərginliyin artmağa davam etməsi və nəzarətdən çıxması durumunda bu əlaqələrin öz nəticələri etibarilə 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi zamanı yaşanan “tezkere” (parlamentin razılıq qərarı – tərc.) və ardınca baş verən “çuval” böhranlarını belə aşa biləcək bir qırılmaya doğru sürükləndiyini söyləmək mümkündür.

Prezident Ərdoğan ictimaiyyət qarşısında üzərinə bu ölçüdə məsuliyyət götürdüyünə və gözlənilən hərbi hərəkatı Türkiyənin maraqları baxımından həyati önəmli hesab etdiyinə görə, ABŞ tərəfi mənalı bir jest etmədiyi və ya hər hansı bir formada geri addım atmadığı halda, Ankaranın bu əməliyyatı təxirə salması, durdurması ehtimalı uzaq görünür.

Türkiyənin girişdiyi bu güc tətbiqi ABŞ hakimiyyətinin Fəratın şərqindəki Suriya torpaqlarına yönəlik niyyətlərini cilovlamağı, onu mövqe dəyişikliyinə məcbur etməyi hədəfləyən strateji həmlə kimi qiymətləndirilməlidir.

Ancaq iki tərəfin Fəratın şərqi və YPG/PYD ilə bağlı təməl mövqeləri arasında ortaya çıxan uçuruma baxılarsa, buradakı fikir ayrılıqlarının ortadan qaldırılması üçün “qalıq ehtiyat”, əgər realist olarsaq, bu gün etibarilə mövcud deyil.

Bu münaqişənin bir ucunda ABŞ-ın İŞİD təhdidi ortadan qaldırıldıqdan sonra da Suriyanın Fəratın şərqində qalan, ölkə ərazisinin təqribən üçdə birinə yaxın olan sahəsində öz mövcudluğunu davam etdirmə, yəni bölgəyə yerləşmə niyyəti yatır.

ABŞ buradakı iştirakını PKK-nın Suriyadakı uzantısı olan YPG/PYD ilə qurduğu ittifaq vasitəsilə davam etdirməyi planlaşdırır. ABŞ Silahlı Qüvvələri Baş qərargah rəisi, ordu generalı Cozef Danfordun Washington Postun 6 dekabrda təşkil etdiyi müdafiə forumunda verdiyi açıqlamalar da bu niyyət baxımından diqqətçəkəndir.

General Danford öz çıxışında İŞİD sonrası dövrdə ABŞ-ın bölgədə iştirakının sabitləşdirilməsi üçün Suriya Demokratik Güclərini (SDG) nəzərdə tutaraq, öncə təhlükəsizliyin təmin edilməsi məqsədilə 35-40 minlik yerli gücə təlim verilməsinın lazım olmasından bəhs edir. Danforda görə, hazırda bu hədəfə 20% nail olunub. Ayrıca, general çıxışında yerli səviyyədə effektli idarəçilik xidmətlərinin təmin edilməsi üçün ABŞ Xarici İşlər Nazirliyinin iş aparmasına ehtiyac olduğundan bəhs edir. O da məlumdur ki, SDG əsasən YPG/PYD ünsürlərindən təşkil olunub.

Generalın bu ifadələri İŞİD-in tamamilə ortadan qaldırılmasından sonra başlayacaq dövrdə ABŞ-ın bu bölgənin sosial və idarəçilk strukturunun formalaşdırılması ilə bağlı da hazırlıqlarının olduğunu göstərir.

Münaqişənin digər ucunda isə Türkiyənin ABŞ-ın bu planlarına görə duyduğu, ciddi miqyaslara çatan narahatlığı yatır. Ankara belə açıqlamaları və yerlərdən gələn məlumatları ABŞ hakimiyyətinin Suriyadakı kürdlər üçün dövlətəbənzər bir strukturlaşmanı layihələndirməsinin təsdiqi olaraq görür.

ABŞ ordusunun Suriyada, Türkiyə sərhəddinin qarşısında müşahidə qüllələri inşa etməyə başlaması da Ankarada Amerika tərəfinin birbaşa YPG/PYD-ni qorumaq məqsədilə atdığı addım kimi dəyərləndirilir.

Bu çərçivədə Türkiyənin başlatmağı nəzərdə tutduğu hərbi hərəkat, Fəratın şərqində sərhəddə bitişik, YPG/PYD nəzarətində olan Kobani və Cəzirə kantonlarının olduğu sahədə ABŞ-ın bu niyyətlərini uğursuzluğa düçar etməyə yönəlik strateji hədəf güdür.

Məqsəd, sərhəd boyunca Suriya torpaqlarında Türkiyə Silahlı Qüvvələrinin nəzarətindəki “ciblər”in yaradılması yolu ilə, Kobani və Cəzirə kantonlaının coğrafi bütünlüyünə, sərhəd boyunca uzanan kəsintisizliyinə son verməkdir.

Beləliklə, Türkiyə və ABŞ Suriyada etdikləri hərbi həmlələr vasitəsilə bu ölkənin gələcəyilə bağlı böyük güc rəqabətinə və mübarizəyə girişmişlər. NATO-da müttəfiq olan bu iki ölkə Suriya sərhəddi boyunca bir-birinə qarşı düşmən kimi mövqe tutmuşlar. Və bu münaqişədə ABŞ, bir terror təşkilatı olan PKK-nın uzantıları ilə birlikdə Türkiyəyə qarşı ittifaq içindədir. ABŞ-ın Türkiyə ilə arasındakı ittifaq tərsinə çevrilmişdir.

Əslində, yalnız bu görüntü belə bizə Türkiyə ilə ABŞ arasındakı müttəfiqliyin artıq kağız üzərində qalmış məcburi bir formallığa çevrilməkdə olduğunu anlatmaqdadır.

Tərcümə Strateq.az-ındır