XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 11:44

ABŞ-IN SURİYADAN GETMƏSİ RUSİYAYA SƏRF EDİRMİ? –Belf və ya cavabı verilməyən suallar... (Təhlil)

Dekabrın 19-u ABŞ prezidenti Donald Tramp “Twitter”-də yazıb ki, “ABŞ Suriyada İŞİD terror təşkilatını məğlub edib” və amerikalı hərbçilərin bu ölkədə iştirakına daha heç bir səbəb yoxdur. O, bu şəkildə Amerika qoşunlarının Suriyadan çıxarılmasını elan edib. Trampın qərarı bir neçə sual doğurur. Qəribə də olsa, onlardan biri belə səslənir: bu qərar Rusiyaya sərf edirmi? “Kommersant” nəşrinin icmalçısı Marianna Belenkaya “Karnegi Moskva Mərkəzi”ndə dərc edilən məqaləsində məsələyə aydınlıq gətirməyə çalışır.

Sözünü tutub

ABŞ prezidentinin bəyanatı, eynilə ardınca Ağ Evdən səslənən rəsmi təsdiq kimi gözlənilməz olub. Hərçənd Tramp hələ seçkiqabağı kampaniyasında Amerika qoşunlarını Suriyadan çıxaracağına söz vermişdi. Bu bahar o, seçicilərə verdiyi sözünü tutmağa hazır olsa da, onu fikrindən daşındırmışdılar.

O vaxtdan Vaşinqton Suriya istiqamətində kəskin bir şəkildə fəallaşıb. Amerika rəsmiləri ABŞ-ın Suriyada hələ uzun müddət qalacağına dair daha tez-tez eyham vurub. Üç məqsəd formalaşıb: İŞİD ilə mübarizə, regionda İranın artan təsirinə müqavimət və Suriya hakimiyyətinin transformasiyasına kömək. Ona görə Trampın yalnız bir məqsədin mövcudluğu və reallaşmasını vurğulaması daha böyük təəccübə səbəb olub. Hər şey elə də asan deyil: İŞİD dəstələri Suriya və qonşu İraq ərazisində fəaliyyətini davam etdirir.

Bu səbəbdən Trampın qərarı nəinki bütün dünyanı, eyni zamanda ABŞ-ın siyasi elitasını təəccübləndirib. Hərçənd ABŞ dövlət katibi Mayk Pompeo (Mike Pompe) prezidentin yüksək vəzifəli məmurlarla konsultasiya keçirdikdən sonra belə bir qərar verdiyini israr etsə də, Vaşinqtonda fikir ayrılığını gizlətmək mümkün olmayıb.

Bunun ən bariz təsdiqi ABŞ müdafiə naziri Ceyms Mettisin istefa ərizəsi olub. “Bu və ya başqa məsələlərdə Sizinlə mövqeləri yaxın olan müdafiə nazirinə malik olmaq haqqına sahibsiniz. Ona görə hesab edirəm ki, mən tutduğum mövqedən istefaya gedə bilərəm”, – Pentaqon rəhbəri prezidentə məktubunda yazıb. O, həmçinin əlavə edib ki, ABŞ “müttəfiqlərinə hörmət” etmədən öz maraqlarını müdafiə edə bilməyəcək. Mətbuatın xəbərinə əsasən, Mettis qoşunların çıxarılmasına deyil, Trampın həddindən artıq tələskən davranışına qarşı olub.

Özü-özlüyündə Amerika qüvvələrinin çıxarılmasında pis heç bir şey yoxdur. Başqasının ərazisində uzun müddət ilişib qalmamaq istənilən ölkəyə sərf edir, çünki həmişə xilaskardan işğalçıya çevrilmək riski mövcuddur. Sual belə səslənir: ABŞ prezidenti bunu niyə indi etmək qərarına gəlib və qoşunların təxliyəsi necə həyata keçiriləcək?

Yeni il hədiyyəsi

2015-ci il Suriyada Rusiyanın hərbi əməliyyatlara başladığı gündən etibarən Moskva bu ölkədə ABŞ-ın başçılığı altında terror əleyhinə koalisiyanın iştirakının legitim olmadığını deyib. Son aylar, xüsusilə Vaşinqton, ardınca Avropa ölkələri Rusiyanın qaçqınların geri qaytarılması və müharibədən sonra Suriyanın bərpası ilə bağlı təklif etdiyi plandan imtina etdikdən sonra ABŞ-ın ünvanına səslənən təndiqlər artıb.

Moskvada dəfələrlə belə bir narahatlıq dilə gətirilib ki, Fərat çayının şərq sahilində ABŞ-ın himayədarlığı altında “kvazidövlət” yaradılacaq və Suriyanın qaçınılmaz görünən üç hissəyə bölünməsi ilə razılıq əldə olunacaq. Birinci hissə Rusiya və İranla birgə rəsmi Dəməşqin, ikinci Suriya müxalifəti və Türkiyənin, üçüncü isə əsasını kürdlərin, həmçinin onlara başçılıq edən ABŞ-ın təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin nəzarətində olacaq. Terrorçularla mübarizədən tutmuş Suriyanın parçalanmasına kimi amerikalıların atdığı hər addımın sonsuz tənqidi fonunda Moskva onların gedişinə sevinməlidir.

Sözdə belədir ki, var. İlk reaksiya Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan gəlib. “Bu qərardan çox vacib tarix doğa bilər. Bu, siyasi həllin real perspektividir”, – o, Birinci kanalda yayımlanan “Böyük oyun” proqramında deyib.

Ertəsi gün illik mətbuat konfransında prezident Vladimir Putin daha təmkinli olub, ancaq yenə də Trampın qərarını müsbət qiymətləndirib. “ABŞ-ın hərbi heyətini çıxarmaq qərarı doğru qərardır”, – deyən Putin bir neçə fikir də səsləndirib. Onlardan ən əsası budur: hələ ABŞ-ın bəyan etdiyi kimi Suriyadan həqiqətən qoşunları çıxarıb çıxarmayacağına baxmaq lazımdır. 

Bu zaman Tramp tvitində yazıb ki, “Rusiya, İran, Suriya və başqaları ABŞ-ın gedişindən narazıdır”, çünki indi İŞİD və nifrət etdikləri başqa təşkilatlarla özləri mübarizə aparmalı olacaqlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu tiviti “gülməli” adlandırıb.

Trampın sözlərini Rusiya ilə həddindən artıq yaxınlıqla bağlı növbəti ittihamlardan müdafiə cəhdi hesab etmək olar. Amerika mətbuatı prezidentin qoşunları çıxarmaq qərarını Vladimir Putinə “Yeni il hədiyyəsi” adlandırıb. Ancaq belə bir fikirdə olan təkcə Tramp deyil. Vaşinqtondakı hərbçilərlə diplomatların çoxu hesab edir ki, Moskvanın təkbaşına terrorçularla mübarizə aparması, həmçinin ABŞ-ın qoyub getdiyi ərazilərin bərpası ilə məşğul olması çətin olacaq.

Amerikalı siyasətçilər artıq bildiriblər ki, Vaşinqtonun Bəşər Əsədin nəzarətində olan Suriya rayonlarının bərpasına pul ayırmaması Moskva ilə Dəməşqə təzyiq vasitəsi ola bilər. Daha bir effektiv vasitə Bəşər Əsəd hökuməti ilə İrana kömək edənlərə qarşı iqtisadi sanksiyalar ola bilər.

Vaşinqtonun Suriyadakı vəziyyətə siyasi təsir vasitələri də qalıb. Bu həftə BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi elçisi Staffan de Misturanın istefasından öncə son hesabatı ilə çıxış etdiyi BMT Təhlükəsizlik Şurasının iclasında baş verənlər bunun necə ola biləcəyini göstərib. O bildirib ki, təşkilatın “Astana üçlüyü” – Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri tərəfindən təqdim edilən Suriya konstitutsiya komitəsinin siyahısındakı bir sıra namizədlərlə bağlı şübhələri var. De Mistura əlavə edib ki, konstitutsiya komitəsi Suriyada siyasi həllin yeganə komponenti deyil. Bu, tərəflərin kompromisə gəlməyəcəyinə, BMT-nin (oxu Qərb) bu il üçlüyün qazandığı hər şeyə məhəl qoymayacağına dair aşkar eyhamdır.

Türk qambiti

Vəziyyətə qeyri-müəyyənlik qatan növbəti vacib amil Türkiyənin mövqeyidir. Trampın qoşunları çıxarmaqla bağlı verdiyi tələsik qərarı çox vaxt xarici siyasətdəki uğursuzluqlar, Amerika cəmiyyətinin diqqətini prezidentə qarşı aparılan araşdırmadan çəkindirmək cəhdi kimi qiymətləndirilir. Lakin türk və amerika mətbuatı vurğulayır ki, Tramp bu qərarı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla baş tutan telefon danışığından iki gün sonra verib.

Rəsmi məlumata görə, tərəflər Türkiyənin PKK ilə əlaqəli terror təşkilatlarına aid etdiyi Suriya kürdlərinin hərbi-siyasi strukturlarını məhv etmək üçün ölkənin şimalında hərbi əməliyyat başlatmaq planını müzakirə ediblər. Suriyada daha əvvəl həyata keçirilən iki hərbi əməliyyatı nəzərə alsaq, Ankara uğurlu olacağı təqdirdə, bütün Türkiyə-Suriya sərhədinə nəzarəti ələ keçirə bilər. Söhbət həmçinin sərhəddən cənubdakı bölgələrdə – Deyr-əz-Zor və Rakkanın terrorçulardan təmizlənməsindən gedib. Bütün bu əraziyə ABŞ başçılıq edir.

Türklərin hərbi əməliyyatı amerikalı hərbçilər arasında itkilərə səbəb ola bilər. Hadisələrin bu şəkildə inkişaf etməsi Ankaraya lazım deyil. Amerikalıların ölkəni tərk etməsi problemi həll edir. Mətbuatda ABŞ ilə Türkiyə arasında saziş haqqında versiyanın meydana çıxması təsadüfi deyil. Ağ Ev bu informasiyanı təkzib edib. Ancaq çox az adam rəsmi bəyanata inanır. Özü də Ankara ilə Vaşinqtonun bazarlıq etməyə mövzusu çoxdur. İlk növbədə, Türkiyənin İstanbulda öldürülən səudiyyəli jurnalist Camal Xaşuqci qətli ətrafında yaratdığı səs-küydür. Belə ki, Ankara cinayətdə Ər-Riyadın iştirakının beynəlxalq səviyyədə araşdırılmasını tələb edir. Ona görə Tramp Ankaranın susması müqabilində türklərin əməliyyatına mane olmayacağına söz verə bilər.

Növbəti vacib aspekt ABŞ-ın Türkiyənin Rusiya və İranla ittifaqını dağıtmaq istəyidir. Ötən il yaradılan “Astana formatı” sayəsində Suriya prezidenti Bəşər Əsəd ölkənin böyük bir hissəsini geri qaytara bilib. Siyasi tənzimlənmədə də bir neçə irəliləyiş gözlənilir. Konstitutsiya komitəsinin formalaşdırılması ilə bağlı işlər başlayıb. Üçlüyün fəaliyyətinin nəticələri ilə bağlı çoxlu şikayət ola bilər, ancaq BMT-nin himayəsi altında Cenevrədə Suriya üzrə danışıqlarla müqayisədə, heç olmasa “Astana format”nın işi irəliləyir.

Silahlı Suriya müxalifətinin böyük bir hissəsi ilə dialoq aparan Türkiyənin “Astana formatı” ndan çıxması Rusiya ilə İran üçün fəlakət olar. Aydındır ki, bütün ölkə ərazisini Dəməşqin nəzarəti altına qaytarılmasından dəm vuran Moskva və Tehranın gec-tez Ankara ilə maraqlarının toqquşacağı mütləqdir. Dəməşqdə hakimiyyət tranziti məsələsi həll edilməyənədək Türkiyə Suriyanın şimalından getmək fikrində deyil. Bu baxımdan Ankara Rusiya ilə müqayisədə ABŞ və AB ilə daha yaxındır və onun bundan sonra necə rol oynayacağı bəlli deyil.

Bundan başqa, Türkiyə-ABŞ münasibətləri Vaşinqtonun kürdlərə qarşı özünü necə aparacağından da asılıdır. Hələlik Türkiyənin həyata keçirəcəyi əməliyyatdan öncə amerikalıların ölkəni tərk etməsi İŞİD-ə qarşı birgə mübarizə apardıqları müttəfiqlərinə xəyanət kimi qiymətləndirilir. ABŞ həqiqətənmi kürdləri atmağa hazırdır? Bu zaman İraq kürdləri və şiələrini müdafiə etmək üçün 1991-ci il İraqın şimal və cənubunda ABŞ, Böyük Britaniya və Fransanın yaratdığı uçuşsuz zonalar yada düşür.

Həmin zonaların iş prinsipi fərqli olub. 1991-2003-cü illərdə ölkənin şimalındakı kürdlər Bağdad dövlətindən faktiki olaraq müstəqil şəkildə mövcud olublar. Cənub Bağdadın nəzarətində qalıb. Lakin qərb ölkələri orada uçuş rejiminin pozulmamasına diqqət yetirib. Suriyada uçuşsuz zonalar yaratmaq ABŞ üçün problem deyil. Və ola bilsin bu, yerlərdə iki minə yaxın amerikalı hərbçinin iştirakından daha effektiv ola bilər. Bəs belə bir zona kürdləri kimdən müdafiə etməlidir: İŞİD-dən, Türkiyədən yoxsa Dəməşqdən?

Türkiyənin hücumundan müdafiə olunmaq üçün kürdlər Dəməşqlə birləşə bilər. Belə olduğu təqdirdə də Moskvaya sual meydana çıxır: Rusiya kürdlərə görə Türkiyə ilə dalaşmağa hazırdırmı? Cari ilin qış aylarında Rusiya Türkiyənin Suriyanın şimalında kürdlərin məskunlaşdığı Afrində əməliyyat keçirməsinə icazə verib.

Strategiyasız

Trampın tələsik qərarından dolayı növbəti təhlükə ABŞ-ın qoyub çıxmağa planlaşdırdığı ərazilərdə hakimiyyət boşluğudur. Nəzarəti kim əlinə götürəcək: İŞİD, yoxsa Dəməşqlə müttəfiqləri? Türkiyə nə qədər irəliləyəcək? Dəməşqin onu maraqlandırmayan əraziləri tutmasına icazə verəcəkmi? Amerikalıların gedişi İrana nə qədər sərbəstlik verəcək? İraqla sərhədə nəzarət kimə veriləcək? ABŞ Suriyadakı (KİV-in məlumatına əsasən) 12 hərbi bazası ilə nə edəcək? Bağlayacaq yoxsa kürdlərə verəcək?

Bütün bu məsələlər həm terror əleyhinə koalisiya daxilində, həm də ABŞ ilə Rusiya arasında müzakirələr və koordinasiya tələb edir. Tramp o qədər tələsib ki, qoşunların çıxarılmasını müttəfiqləri ilə də müzakirə etməyi unudub. Bu da Mettisin narazılığına səbəb olan amillərdən biri olub. Ümumiyyətlə müzakirə ediləsi məsələnin olub olmadığı da sual altındadır. Vaşinqtonun Suriyadan çıxmaq strategiyası varmı?

Qərarı təsdiqləyən Ağ Ev bunun beynəlxalq anti-terror koalisiyasının dağılması anlamına gəlmədiyini, sadəcə ABŞ-ın hərbi kampaniyada “növbəti mərhələyə” adladığını bildirib.

Söhbətin nədən getdiyini heç kim başa düşməyib. Ola bilsin, yeni mərhələ quru əməliyyatdan imtina və sırf hava hücumlarına keçidi nəzərdə tutur. Üstəlik, ABŞ-ın regiondakı əsas bazası Qətərdə – hazırda amerikalıların iştirak etdiyi İraq-Suriya sərhədindən təxminən 1500 kilometr uzaqlıqda yerləşir.

Burada Rusiyanın təcrübəsini yada salmaq daha doğru olar. Belə ki, prezident Putin üç dəfə qoşunların Suriyadan çıxarılacağını, həmçinin qruplaşmaların azaldılacağını elan edib, ancaq bundan sonra hərbi əməliyyatların intensivliyi daha da artıb. Ona görə hadisələrin inkişafı ilə bağlı ssenari həddindən artıq çoxdur. Və Amerika qoşunlarının çıxarılmasının aşkar müsbət tərəflərinə baxmayaraq, lazımınca düşünülməmiş strategiya daha böyük problemlərə gətirib çıxara bilər.

(X-Pressa.net)




Yuxarı Əvvələ Ana Səhifə