XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2018 - 23:57

“Ərəb koalisiyası İran və Türkiyənin Suriyada möhkəmlənməsinə mane olmağa çalışacaq” –Şahin Cəfərli

“Birləşmiş Ərəb Əmirlikləri bu gün Suriyada səfirliyini yenidən açdı. Şübhə yoxdur ki, bu, təkcə BƏƏ-nin qərarı deyil, Səudiyyə Ərəbistanı, Misir və Bəhreynlə ortaq iradənin ifadəsidir. Adıçəkilən 4 ölkə bərabər hərəkət edir. Bu gün Səudiyyə kralı Salman Bəşər Əsədin qatı əleyhdarı olan xarici işlər naziri Adil əl-Cübeyri vəzifədən kənarlaşdırdı, bu da yeni bir mərhələnin başladığına işarədir. A planı iflasa uğradı, B planına keçdilər”.

Strateq.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Şahin Cəfərli “Feysbuk”dakı səhifəsində yazıb.

Şahin Cəfərli bildirib ki, müharibə kənar dəstəklə də olsa, Əsədin zəfəri ilə yekunlaşır və indi Suriyanın siyasi və fiziki rekonstruksiyasında yer almaq, söz sahibi olmaq uğrunda rəqabət başlayıb:

“Səudiyyə liderliyindəki koalisiya bütün gücü ilə İran və Türkiyənin Suriyada öz nüfuzunu genişləndirməsini əngəlləməyə çalışacaq. Əsəd də bunda maraqlıdır, İsrail və ABŞ da. Siz baxmayın ki, Əsəd öz qələbəsinə, ümumiyyətlə, həyatda qalmasına görə İrana minnətdardır, heç bir lider (üstəlik diktator tipli) öz ölkəsində başqalarının ağalıq etməsini istəməz. Ərəb ölkələrinin Tehranın artan təsirini bir az balanslaşdırmasına Suriyanın da ehtiyacı var ki, çoxlu qütblər arasında öz marağına uyğun manevr edə bilsin. BƏƏ XİN-in bəyanatında da məhz buna işarə olunur, “qardaş Suriyanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və bölgədə təhlükəsizliyin təmin olunmasında ərəblərin rolunun aktivləşdirilməsi”ndən bəhs edilir”.

Şahin Cəfərlinin sözlərinə görə, Türkiyəyə qarşı isə bloklaşma ola bilər: “Səudiyyə vəliəhdi bin Salman, BƏƏ vəliəhdi əl-Nahyan, Misir rəhbəri əl-Sisi üçlüyündən ibarət anti-Ərdoğan ittifaqına əl-Əsədin də dəstək verməsi ilə Türkiyə prezidentinin regional liderlik ambisiyalarının önünə sədd çəkməyə yönəlmiş güclü ərəb bloku formalaşmış olacaq.

Digər tərəfdən, Suriyanın bərpası üçün böyük maliyyə lazımdır, nə İranda pul var, nə Rusiyada, nə də Türkiyədə. Bu məqam yetişəndə Səudiyyə, BƏƏ, Qatar və Qərb dövlətlərinə ehtiyac yaranacaq.

Gələn il Suriyanın Ərəb Dövlətləri Liqasına qayıdışı da gözlənilir. Yeddi ildir ölüm-qalım savaşı verən Bəşər Hafiz əl-Əsəd ərəb dünyasının liderləri arasında yerini təkrar almağa hazırlaşır”.