XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2019 - 13:11

SURİYADAN ÇƏKİLMƏK İSTƏYƏN AMERİKA İDLİBDƏ RADİKAL QRUPLARI FƏALLAŞDIRIR:hədəf Türkiyəni küncə sıxmaqdır – Təhlil

Sedat Ergin

Hürriyet (Türkiyə), 06.01.2019

 

“Assoşeyted press” agentliyinin bu günlərdə “İnsan haqları üzrə Suriya monitorinq mərkəzi”nə isnadən xəbər verdiyi kimi, bu bölgədə yanvarın 1-dən sonra “əl-Qaidə”yə bağlı “Həyat Təhrir əş-Şam” (HTŞ) və silahlı Suriya müxalifəti sıralarına daxil olan “Hərəkət əd-Din əz-Zəngi” birləşməsi arasında baş vermiş toqquşmaların gedişində həlak olanların sayı 31-ə qalxıb.

Xəbər verilir ki, HTŞ döyüşçüləri İdlibdən şimala Dərat İzzə yaşayış məntəqəsi üzərində nəzarəti tam ələ keçirib, habelə dörd kəndi götürüblər.

Savaşla bağlı hadisələrdən gerçək zaman rejimində xəbər verən  “Suriyada hərbi əməliyyatların xəritəsi” adlı portalda ötən gün gedən dərcdə isə iddia olunub ki, HTŞ İdlibdə, Hələbdən qərbdə Urum əl-Kubra yaşayış məntəqəsində müxalif “Millli Azadlıq Cəbhəsi”ndən səkkiz adamı edam edib. Bu səkkiz nəfərin agentliyin, barəsində xəbər verdiyi həlak olanların ümumi sayında – 31 – olub-olmadığı aydın deyil.

Bu xəbərləri tutuşdurarkən sıradakı mənzərə meydana çıxır: İdlibdə HTŞ və Türkiyənin dəstəklədiyi müxalif qruplar arasında döyüş meydanında üstünlük uğrunda amansız döyüşlər gedir.

Soçi sazişi çərçivəsində “hərbsizləşdirilmiş zona”nın yaradılması Əsəd rejimi və müxalifəti bir-birindən təcrid etmək, Suriya ordusunu hərbi əməliyyatdan çəkindirmək imkanı və humanitar fəlakətin önlənməsi kontekstində effektli nəticələr verib.

Bununla yanaşı, HTŞ və Azad Suriya Ordusu tərkibindəki müxalif qruplar arasında var olan problemlərin aradan qaldırılmasından danışmaq olmur.

Əsəd rejimi İdlibə münasibətdə hərbi əməliyyat təşəbbüsü göstərməsə də, yada salmaq gərəkdir ki, budur, artıq bir müddətdir əyalətin güneyi və qərb hüdudlarını artilleriya atəşinə tutur. Amma bu atəş intensivliyi olmayan, döyüş meydanında durumu dəyişmək iqtidarında olan və xeyli dərəcədə öz bayrağını göstərməyə və İdlibi basqı altında saxlamağa hədəflənən hərbi əməliyyat kimi görünür.

Amansız döyüşlərin getdiyi Dərat İzzə Türkiyə SQ-nin nəzarət etdiyi Afrindən birbaşa güneydə və Afrin yolunun Hələbə sarı döndüyü strateji məkanda yerləşir. Türkiyə SQ-nin bu yaşayış məntəqəsi bölgəsində dörd müşahidə postu var.

Bu arada hadisələrdən qıraqda qalmayan Urum əl-Kubra yaşayış məntəqəsi də Hələbdən gələn, İdlibə girəndən sonra isə güneyə –  Xaməyə sarı  dönən və Dəməşqə kimi davam edən M5 yolundan, haradasa, altı-yeddi kilometr qərbdə yerləşir.

İdlibdəki hadisələrdən danışanda Soçi sazişinin avtomobil yollarının  açılmasıyla bağlı səkkizinci bəndinin necə yerinə yetirildiyinə də qısaca dönmək gərəkdir. Sazişin səkkizinci bəndində aydın deyilir ki, “M4-M5 yolunun güvənliyi ilin sonuna doğru təmin ediləcək və hərəkət üçün açıq olacaq”.

M5 yolunun önəmi bundan ibarətdir ki, İdlibdə Sərakib yaşayış məntəqəsilə kəsişərkən qərb yönündə M4 yoluna çıxışı da təmin edir. M4 M5 trassından başlayaraq Aralıq dənizinin sahilindəki Latakiyaya qədər gedir.

Bu gün Hələb, Latakiya və Xamənin bütün şəhərləri Əsəd rejiminin nəzarətindədir. М4-М5 yolunun açılışıyla Hələbi Latakiya, habelə Dəməşqi Xamə üzərindən Xomsla birləşdirmək mümkün olacaq. Soçi sazişinin bu bəndinin icrası, hamıdan qabaq,  rejimin vəzifəsini asanlaşdıracaq, amma eyni zamanda İdlibdə iqtisadiyyatın canlanmasına, yaşayışın normallaşmasına şərait yaradacaq.

Lakin Soçidə əldə edilən razılaşmaya baxmayaraq, hələlik bu yolların açılmasını həyata keçirmək mümkün olmayıb. Burada M4-M5 traslarının xeyli dərəcədə HTŞ-nin nəzarət etdiyi torpaqlardan keçməsi ciddi əngəl yaradır.

Xarici işlər naziri Mövlud Çavuşoğlu keçən şənbə dekabrın 29-da Moskvada baş tutmuş yüksək səviyyəli danışıqlardan sonra qeyd edib: “İdlib üzrə memorandum sakitliyin təminatı və siyasi prosesin gerçəkləşməsi baxımından, doğrudan da, çox önəmliydi. Biz habelə onun icrası və çaşmanın aradan qaldırılması məsələsində həmrəyik”. Başqa sözlə, nazir boynuna alır ki, sazişin gerçəkləşməsində bəzi “çaşmalar” var.

Və İdlibdəki duruma yanaşarkən qeyd etmək istədiyimiz son məqam. Diqqəti cəlb edir ki, İdlibdə müxalifətə toxunan gedişlər ABŞ-ın Suriyadan çıxmaq qərarının ardınca Türkiyənin maraqlarının Mənbicə və Fəratdan şərqə cəmləşdiyi bir anda baş verir.

Tərcümə Strateq.az-ındır.