Çin şirkətləri xaricdə getdikcə daha çox aktiv alır. Təkcə 2016-cı ilə ümumi məbləği 81,6 milyard dollar olan bu cür yüzdən çox sövdələşmə planlaşdırılıb (2015-ci ildə bunlar 11 milyard dollar məbləğlə 70-ə yaxın idi). Bir sıra Amerika şirkətlərnin alınması da bu sıradadır. Çin investorları bütövlükdə ABŞ-dakı aktivlərə böyük maraq göstərirlər və "Business Insider"in qeyd etdiyi kimi, bu, Amerika hökumətində təşviş doğurur.
Çin investorlarının çulğaşma və udma bazarında fəallığını bir sıra səbəblərlə izah etmək olar. Bunlardan biri dünya fond bazarlarının çökməsi şəraitində qiymətlərin düşməsi, digəri Çinin özündə iqtisadi artımın ləngiməsidir. ÇXR iqtisadiyyatının keçənilki artım tempi rekord səviyyədə aşağı oldu (6,9% – 1990-cı ildən bəri ən zəif göstəricidir). Bu fonda xarici şirkətlər vəsait yatırmaq üçün daha cazibədar görünür. Amerikanın "O'Melveny & Myers" hüquq şirkətinin bu yaxınlarda öz müştəriləri (əsasən, Çin təmsilçiləri) arasında keçirdiyi sorğu göstərdi ki, onların təxminən yarısı Birləşmiş Ştatları investisiya üçün daha cəlbedici ölkə sayır. İnvestorlar bunu Amerika iqtsadiyyatının potensialı ilə əlaqələndirir. ABŞ hökumətinin hesablamasına görə, artım 2016-2017-ci illərdə son on ildə rekord 2.6%-lik göstərici təşkil edə bilər, lakin Federal Ehtiyatlar Sistemi hesab edir ki, artım uyğun olaraq az çıxa bilər – 2,4% və 2,2%.
"General Electric"in (məişət texnikası istehsalçısı) bir bölməsinin 5,4 milyard dollara Çinin "Haier" şirkətinə və "Ingram Micro elektronika" distribütörünün Çinin "HNA Group" şirkətinə 6 milyard dollara satılmasını son zamanlar elan edilmiş böyük sövdələşmələrin içində sadalamaq olar. Çinin "Zoomilon" şirkətinin Amerikanın "Terex Corp." inşaat texnikası istehsalçısına etdiyi təklifi də yada salmaq olar.
Çin investorlarının ekspansiyası müəyyən müqavimətlə üzləşir. "Chongqing Casin Enterprise" investisiya qrupunun almağa qərar verdiyi Çikaqo fond birjası ilə bu cür oldu. 40-dan çox konqresmen bu günlərdə ABŞ Maliyyə Nazirliyi yanında xarici yatırımlar üzrə komitəyə müraciət edərək bu sövdələşmə şəraitini ciddi şəkildə araşdırmağı tələb edib. Onlar məktubda yazıblar: “Çin şirkəti bu sövdələşmə nəticəsində, ola bilsin, ilk dəfə 22 trilyon dollar həcmli ABŞ fond bazarına çıxış əldə edir”.
Konqresmenlər qeyd ediblər ki, investisiya qrupunun Çində fəaliyyəti “dövlətlə sıx əlaqə”ni nəzərdə tutur.
Sözügedən komitə bu cür sövdələşmələri milli təhlükəsizlik predmeti kimi yoxlamaq üçün nəzərdə tutub. O, bu yaxınlarda işıq diodu istehsalçısı "Lumilieds" şirkətini Asiya ölkələrindən olan investorlara 3.3 milyard dollara satmağa mane olub. Lakin bunun baş vermə səbəbləri belə də elan edilmədi.
Amerikanın "Fairchild Semiconductor" elektronika istehsalçı şirkətinin satışı üzrə sövdələşmə də baş tutmadı – Çin investorları ona 2,6 milyard dollar təklif edirdilər. Şirkət bu cür sövdələşmənin nəzarət orqanlarında suallar yarada biləcəyini ehtimal edib onlara rədd cavabı verdi və ABŞ-dan alıcının təklifinə razılaşdı, lakin bu alıcı az məbləğ ödəməyə hazır idi.
Əlbəttə, ABŞ-a yatırım qoyan Çin şirkətlərinin hamısına dövlət tərəfindən nəzarət edilmir. Lakin istənilən halda hökumətin təqdiri olmadan bu cü sövdələşmələr mümkün deyil: xüsusən ona görə ki, alqı böyük həcmli xarici valyuta ilə bağlıdır, hökumət isə bunu ciddi şəkildə izləyir. Bütövlükdə, Çin şirkətlərinin aldığı xarici aktivlərə görə fikir yürüdərkən demək olar ki, ÇXR hökuməti bu ekspansiyanı dəstəkləyir. ABŞ-da təşviş doğuran da məhz budur.
Mixail Tişenko
"Slon Magazine" (Rusiya)
Tərcümə Strateq.az-ındır