XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2019 - 13:26

Erməni yazar Gürcüstan prezidentindən şikayət edir:“ZURABİŞVİLİ QARABAĞ XALQINI TƏHQİR EDİR” – Təhlil

Erməni psixologiyası və düşüncəsini müşahidə etmək çox maraqlı prosesdir… İctimai-siyasi düşüncəmiz son 30 ildə, yəni 1987-dən bəri istər-istəməz erməniçiliklə məşğul olduğu üçün…

Və bu düşüncə biçimini izlədikcə heyrətlənirsən: bu xalqın öndə gedən hesab edilənləri niyə məhz bu sayaq düşünür? Qısası, bu düşüncədə maniya ilə psixi qərarsızlıq niyə əl-ələdir?

Bu düşüncədə gerçəklikdən xoflanmaq və gerçəkliyi arzu edilən kimi görmək ehtirası iç-içədir… Psixitariya mütəxəssislərinin bu hal üçün dəqiq diaqnozu da var – “Öz yaradıcılığına vurğunluq effekti”… Və psixiatr həkimlər hesab edirlər ki, bu halın davamlılığı ağır psixi nəticələrə və fiziki korluğa aparır…

Naira Ayrumyan “Lragir” saytının köşə müəllifidir (oxucularımızı onun bir neçə yazısıyla tanış etmişik)… Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana bu günlərdəki səfəri və bu gedişatda Azərbaycanın ərazi bütövlüyü yönündə verdiyi bəyanatlar erməni xanımda növbəti “Buqələmun effekti”ni qaynatmağa, coşdurmağa səbəb olub. Dağlıq Qarabağ problemilə bağlı BMT, ATƏT, Avroparlament və bu kimi beynəlxalq qurumların və dünyanın bu problemlə bağlı mövqeyini ifadə edən, demək olar, bütün dövlətlərinin konkret mövqeyinə – “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməldir” – baxmayaraq, Ayrumyan hesab edir ki, Zurabişvili sözügedən səfər zamanı bu çalarda verdiyi bəyanatlarla bölgənin siyasi gerçəkliyindən xəbərsiz olduğunu sərgiləyib…

Əziz oxucularımız, yaxşısı budur, Ayrumyanın “Zurabişvili fantaziyaları”nı özünüz seyr edin…

***

 

Naira Ayrumyan

Lragir.am (Ermənistan), 28.02.2019

 

Gürcüstan prezidenti Salome Zurabişvili Bakıya səfər edib və çaşqınlıq doğuran bəyanatlardan özünü saxlamayıb.

S.Zurabişvili qeyd edib: “Ölkələrimizin ərazi bütövlüyü hələ də bərpa edilməyib. İşğal məsələsi hələ də ağrılı yaramız olaraq qalır. Bu, bir yandan inkişafımıza mane olur, o biri yandan isə buna, bu faciələrə  baxmayaraq, biz öz dövlətimizi, iqtisadiyyatımızı möhkəmləndirə bilmişik”.

Rəsmi Tiflis Qarabağ münaqisəsinə öz yanaşmasınımı dəyişib, yoxsa Zurabişvili bölgə siyasətini və ölkələr arasındakı münasibətlərin çalarlarını yetərincə dərindən başa düşmür?

Gürcüstan bütün bu illərdə, hətta ən ağır anlarda Ermənistan və Azərbaycanla bərabər uzaqlıqda münasibətlər saxlamağa nail olub. Azərbaycanın Gürcüstana iqtisadi ekspansiyasına, siyasi basqı və ümumi kommunikasiya layihələrinə baxmayaraq, Gürcüstan Ermənistanın da adının çəkildiyi ərazi bütövlüyünün müdafiəsi üçün təşəbbüslərə heç vaxt qoşulmayıb.

Söhbət bir qayda olaraq beynəlxalq birlik, o cümlədən Gürcüstanın ərazi bütövlüyünün bərpasını birmənalı şəkildə tələb etdiyi Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrdən gedib. Bütün bu münaqişələr Rusiya təcavüzü amilinə bağlıdır, bu da Qarabağ münaqişəsində yoxdur.

Amma ən başlıcası – beynəlxalq birliyin Qarabağ problemi üzrə heç vaxt kiminsə ərazi bütövlüyünün bərpası tələbindən ibarət olmayıb, söhbət həmişə münaqişənin dinc həllindən, beynəlxalq hüququn prinsiplərinin uyğunlaşdırılmasından, o cümlədən xalqların öz müqəddəratını təyin etməsindən gedib.

Gürcüstan Azərbaycann “ərazi bütövlüyü”nün bərpasını heç vaxt tələb etməyib və ATƏT Minsk Qrupunun səylərini dəstəkləyib.

Gürcüstanın BMT-də, az qala, Azərbaycanın təşəbbüslərinə qoşulduğu anlar olub, amma İrəvanda Gürcüstan səfirinin mətbuat konfransı olub, o, “Abxaziyanın işğalı”nı sxem və cədvəllərlə təqdim edib. Tiflis təşəbbüsə belə də qoşulmayıb.

Gürcüstanın mövqeyində nə dəyişilib? Gürcüstan prezidenti öz müqəddəratını təyin etmək hüququ dünya birlriyi tərəfindən mübahisə doğurmayan Qarabağ xalqını faktiki olaraq təhqir edir. Ya bu, Gürcüstanın deyil, ancaq prezidentin fikridir? Bu halda rəsmi Tiflisin öz mövqeyini dəqiqləşdirməyinə dəyər – Gürcüstan Minsk Qrupunun səylərini və sülh danışıqlarını qabaqkı kimi dəstəkləyirmi, yoxsa Bakını “ərazi bütövlüyünü bərpa etməyə” çağırır?

Tərcümə Strateq.az-ındır.