XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 09:03

Amerika böyük ölkə deyilmiş – Təhlil

Zəncilərə qarşı həqarət əsrlərdir davam edir

Mən öz ölkəmi sevirəm, lakin bizim necə “müstəsna” olduğumuzu eşitmək zəhləmi aparıb. O mənada “müstəsna” yox ki, biz özəl, özünəməxsusuq, başqaları kimi deyilik. Bütün bunlar düzdür, bizim xeyli özəlliklərimiz var – həm yaxşı, həm də sarsaq. Mən bizim siyasətçilərimiz (birinci növbədə respublikaçılar üçün) və radio və televiziyadakı sağçı demaqoqlar üçün xarakterik olan “müstəsnalıq” anlayışını nəzərdə tuturam.

Vətənpərvərlik – öz siyasi cəmiyyətimizə sevgidir – bu, təbii insan duyğusudur. Lakin o, cocuqvari, tərəfgir, kor-koranə olmasın deyə faktın üzünə baxmaq razılığı ilə uyğun gəlməlidir – hətta fakt dəhşətli olanda da.

Hazırda Baltimorda baş verənlərdə dəhşətli məqamlar çoxdur. Elə bu qədər dəhşətli şeyləri keçən yay Ferqyusonda və Staten-Aylənddə, bu ay Quzey çarlstonda və zəncilər adi vətəndaşlar və dövlətin silahlı təmsilçiləri tərəfindən bir daha aşkar ədalətsizliyə məruz qalanda bu qədər dəhşətli məqamlar gördük. Bu tarix hətta Cim Krounun da qanunlarına deyil, daha qədimlərə gedib çıxır. O, Amerikanın müstəqilliyindən yaşlıdır.

“Lakin bir dayanın, – məndən soruşarlar, – bəs qiyamçılar necə olsun? Polislərə hücum və yoxsullar məhəlləsinə od vurmaq nəyə lazımdır? Siz ki zorakılığa və qanunsuzluğa haqq qazandırmazsınız?”

Bunlar yaxşı suallardır. Onlara cavab verməzdən əvvəl nələrisə etiraf etmək lazımdır.

Bəli, asayişi bərpa etmək lazımdır.

Bəli, polislərin əksəriyyəti xoşniyyətli, ləyaqətli insanlardır.

Bəli, onların işi böyük cəsarət tələb edən təhlükəli işdir (yəqin ki, mən də onun öhdəsindən gələ bilməzdim).

Bəli, çox pisdir ki, çərşənbə günü 20 polis əməkdaşı zərər çəkib.

Bəli, zorakılığa keçən və yoxsul məhəllədə mükiyyətin dağıdılmasına və zədələnmələrə gətirib çıxaran etirazlar müdhiş dərəcədə ziyankarlıqdır. Bəli, qiyamçıların hansısa (tanımadığımız) hissəsi həbs edilmiş Freddi Qreyin hələlik müəmmalı ölümündən qarətçilik və zorakılığa bəhanə kimi istifadə edən banditlərdir.

Bütün bunlar düzdür.

İndi icazə verin, bir sual verim: Baltimor polisinin mətbuat katibi Erik Kovalçikin bazar ertəsi verdiyi aşağıdakı açıqlamada nəyinsə düzgün olmadığını hesab edən neçə ağdərili amerikalı tapılar?

“Əməkdaşlarımız çalışırlar ki, Mondaumin rayonunda asayişi mümkün qədər tez və səliqəli şəkildə bərpa etsinlər və polislərə qarşı qəddar və fitnəkar hücumlar həyata keçirdən cinayətkarları yaxalasınlar”.

Kovalçik nümunəvi mətbuat katibi kimi görünür. Gəncdir, məlahətlidir, yaxşı danışır. Lakin həm də ağdərilidir.

Maraqlıdır, zənci onun əvəzinə “fitnəkar hücumlar”dan danışardımı? Nəsə buna şübhəm var.

Konkret polislər bazar ertəsi onları qəsdən daşlamış və dəyənəklə döymüş şəxsləri qəsdən daşlayıb dəyənəklə döyüblərmi? çətin ki. “Fitnəkar hücumlar”dan danışanda Kovalçik bu mənada haqlı idi. Lakin bu hücumlar tamamilə “fitnəkar” deyildi.

“Fitnəkarlıq” əsrlərdir davam edir.

O, layiqli işdən, layiqli məktəbdən və normal sosial xidmətlərdən məhrum olunan zəncilərə ayrılmış, narkomaniya və zorakılığın bürüdüyü məhəllələrdə qaynaşır.

Növbətçi polis hər dəfə vəzifəsindən sui-istifadə edərək vətəndaşı döyəndə və yaxud onun cibinə narkotik soxuşduranda bu fitnəkarlıq kükrəməyə başlayır. Bu cür polislər cəzasız qalacaqlarına tamamilə əmindirlər, çünki uyğun səlahiyyətli heç bir adam, demək olar ki, şübhəsiz bu işə qarışmağa başlamayacaq.

Və ədalətsizliyə dözmək mümkün olmayanda qaşınma üzə çıxır. Bu, silahsız və xırda qanun pozuntusu üstündə polis adama zülm edəndə, kop silahsız adamın kürəyinə səkkiz dəfə atəş açanda, polisin saxladığı silahsız adamın fəqərə sütunu müəmmalı şəkildə qırılanda və sonra bundan öləndə baş verir.

Amerika “müstəsnalığı”nın çəhrayı eynəyini çıxardıb buna kənardan baxsan, belə görünə bilər ki, Birləşmiş Ştatlar sosial partlayış baş verməzdən əvvəl insan qrupunun ədalətsiziyə, alçalmağa və sıxışdırılmağa nə qədər dözə biləcəyini aydınlaşdırmaq üçün nə isə sadist bir eksperiment keçirdir. Cavab: təəccüblü dərəcədə çox dözə bilər.

Bu sxem artıq tam bir əsrdir ki, təkrar olunur. çikaqo, 1919-cu il. Uotts, 1965-ci il. Detroyt, 1967-ci il. Los-Anceles, 1992-ci il. Sinsinnati, 2001-ci il, Ferqyuson, 2014-cü il. Bu hadisələrin hər birində (başqa bir çoxunu demirik) basqı həftələrlə, aylarla və illərlə çoxalıb.

Sonra fitil rolunu oynayan nəsə bir hadisə baş verib, ardınca coşğun zorakılıq qığılcımı alışıb, bundan sonra nisbi sakitlik bərpa olunub.

Və heç nə ciddi şəkildə dəyişilmir.

Digər məsələlərdən daha çox məhz bu bizim özündənrazı “müstəsnalıq” iddiamızı alt-üst edir.

Biz yalnız buna tam əmin ola bilərik ki, irqi zəmindəki bu vəlvələlər ölkəmizdə sonuncusu olmayacaq. Yeni iğtişaşlar, yaralanmış polislər, həbslər, qarət edilmiş və yandırılmış dükanlar – bütün bunları növbəti həftə olmasa da, növbəti ayda və ya ildə görəcəyik, çünki zəncilərə qarşı biabırçı zorakılıq aktları davam edəcək.

Buna Günəşin yenidən doğacağı qədər əmin ola bilərik.

Qəlbimizin dərinliklərində hər şeyi anlayır və qəbul edirik ki, Amerika məhz belə qurulub.

Nə etməli ki, o bunda heç də “müstəsna” deyil.

Deymon Linker

“The Week”, (ABŞ)