XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 May 2015 - 09:30

Hakimiyyətin Rusiya siyasəti haqqında qeydlər

Bünyamin Qəmbərli

Son dövrlər müxtəlif qüvvələr Azərbaycan hakimiyyətini Rusiyaya meyllənməkdə, yaxınlaşmaqda və yaxud Qərbdən uzaqlaşmaqda ittiham edirlər. Təbii ki, müxalifətin hakimiyyətin hər addımını izləməsi, geniş müzakirələr aparması, ən kiçik səhvlərini belə ciddi tənqid etməsi və narahatlıq bildirməsi onun ən doğal haqqıdır. Həmçinin cəmiyyətə hər hansı formada təsir imkanı olan aydınların da dövlətçilik məsələsinə biganə qalmaması, bu məsələdə həssaslıq göstərməsi çox sevindirici haldır. çünki bu dövlət hamımızındır. Hamımızın olan bu dövləti hamımızın diqqətli və həssas olması, ciddi səyləri bütün təhlükələrdən qoruyar, dövlətimizin həmişəyaşarlığına və inkişafına gətirib çıxarar. Amma bu müzakirə və tənqidlər vətəndaşlarımızda ümidsizlik yaradacaq, inamı qıracaq dərəcədə aşırı olmamalı, əhaliyə bədbinlik aşılamamalı, yuxarıda da qeyd etdiyimiz kimi, dövlətçiliyimizin qorunmasına və dövlətimizin inkişaf etməsinə xidmət etməlidir.

Hakimiyyətin Rusiya siyasətinə gələndə isə, məncə, bu məsələdə hakimiyyəti tənqid edənlər, bu siyasəti quran və aparanları qınayanlar bir az ölçünü itirir, aşırılıq edirlər. Son dövrlər KİV-də də geniş yer aldı ki, Ukraynadakı hadisələri, xüsusi ilə Krım məsələsini Rusiya əvvəlcədən planlamışdı. Rusiyanın belə bir planından Qərbin xəbərdar olmaması nə qədər inanılmaz isə, Rusiyanın bu planından xəbərdar olduğu halda Ukraynanı belə bir odun içinə atması da bir o qədər düşündürücüdür. İstər Gürcüstan-Cənubi Osetiya və Abxaziya məsələsində, istərsə də Ukrayna – Krım məsələsində Rusiya heç nədən çəkinməyərək hərbi müdaxilə etdi və Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlət kimi tanıdı, Kırımı isə öz ərazisi elan edərək özünə birləşdirdi. Bəs Rusiyanın bu müdaxilələrinə Qərb necə münasibət göstərdi?

Məncə, Rusiyanın açıq işğalçılıq olan bu hərbi müdaxilələrinə qarşı Qərb hərəkətsiz qaldı və çox qorxaq mövqe tutaraq “”İncil” oxumaqla donuzu darıdan çıxarmaq” siyasəti yeritdi. Düşünürəm ki, Qərbin bu məsələlərdə hərəkətsizliyi və yeritdiyi qorxaq siyasətin sonucsuz qalması Azərbaycan hakimiyyətinə mövcud vəziyyətdə özünün Rusiya siyasətini müəyyənləşdirməkdə çox ciddi təsir etdi. Əgər qərb öz sıralarına qatmaq istədiyi 600 min kv.km-dən böyük ərazisi, 50 milyon nəfər əhalisi olan dövlətə, yaxud ABŞ nüvə silahlarından imtina zamanı qarant durduğu Ukraynaya qarşı hərbi müdaxiləyə belə qorxaq və soyuq təpki göstərirsə, o zaman Azərbaycana hərbi müdaxilə olacağı halda, sərt reaksiya verəcəyinə ümid bəsləmək ən azından sadəlövhlük olar. Bura Qarabağdakı erməni işğalını (xatırladım ki, bu işğala Qərbin münasibəti isə tamamilə bizim əleyhimizədir), eyni zamanda daim Rusiya və İran tərəfindən qızışdırılan bölücü etnik qruplaşmaları da əlavə etsək, Azərbaycana müdaxilə üçün bəhanələrin nə qədər çox olduğu aydınlaşar. Bunun üzərinə hakimiyyətin əlində olan Rusiyanın işğalçılıq siyasətinə qarşı çıxan dövlətlərdən gələn bilgiləri, eyni zamanda dövlətimizin müxtəlif orqanlarının əlindəki məlumat və analitik sonucları, ən nəhayət, Rusiyada yaşayan yüzminlərlə soydaşımız və yurddaşımızla bağlı məsələləri gəlsək, xristian Ukraynasından və Gürcüstanından fərqli olaraq, müsəlman Azərbaycanını gözləyən təhlükənin torpaqları qonşu dövlətlər tərəfindən bölünməyən, işğal olunmayan və müstəqil dövlətinin olması qonşuları tərəfindən qəbul edilən (halbuki, müstəqi Azərbaycanın dövlətinin olması qonşu dövlətlər tərəfində heç cür qəbul olunmur. Bu isə o deməkdir ki, qonşu dövlətlər bizim müstəqilliyimizi itirməyimiz üçün hər şeyə gedə bilərlər) digər müsəlman ölkələrindən – İraqdan, Suriyadan, Liviyadan, Yəməndən daha böyük, daha ağır olduğunu görərik. Düşünürəm ki, yuxarıda dediyimiz bütün bu faktorlar və bizim bilmədiyimiz digər amillər çağdaş Azərbaycan hakimiyyətini daha diqqətli olmağa, məsələlərə daha həssas yanaşmağa, obrazlı desək “daha çox incə əyirib sıx toxumağa” vadar edir.

Bir də mənə çox qəribə gəlir ki, həmin mövqedə olanlar niyə düşünmürlər ki, hakimiyyət Rusiya məsələsində həmin qüvvələrdən də, bütövlükdə hamıdan da daha çox həssasdır. Bu təşvişi yaşayanları başa düşürəm və müəyyən qədər haqq qazandırıram. Amma onlar niyə elə düşünürlər ki, bu hakimiyyətə rəhbərlik edənlər XX yüzilliyin əvvəllərində bolşeviklərin Azərbaycanı işğal etdikləri vaxt Rusiyaya inanaraq bolşevizmi və ya Rusiya ilə birləşməyi qəbul edənlərin- Əliheydər Qarayevlərin, Həmid Sultanovların, ən nəhayət, Nəriman Nərimanovun başına gətirilənləri unudublar?! Hakimiyyətin Rusiyaya meyilləndiyini düşünənlərin nə itirəcəyini hamımız bilirik. çünki bunu hamımız itirəcəyik. Amma hakimiyyətin Rusiyaya yaxınlaşdığını düşünənlər öz itirəcəklərini o qədər böyük bilirlər ki, (təbii ki, bizlər üçün bu itkinin- azadlığımızın və müstəqilliyimizin itirilməsindən böyük itki yoxdur) Rusiyanın müdaxiləsi və ya Rusiyaya birləşmə halında bu hakimiyyətə rəhbərlik edənlərin itirəcəklərini sadəcə düşünə bilmirlər. Bu yerdə böyük üzeyir bəyin “O olmasın bu olsun” operattasında hambalın Məşədi İbada dediyi “sənin beş min manatın cəhənnəm, bə mənim bir abbasım necə oldu?” sözləri yadıma düşdü.

Bir də bir el məsəlini xatırladım. Deyir “Birənin qanın aldın, canın aldın”.