Yəməndəki müharibəni nəzərə almaqla Yaxın Şərq cəbhəsi əvvəlki kimi dünya müharibəsinin əsas cinahı olaraq qalır. Hökumət qoşunlarının bir sıra taktiki uğurlarına baxmayaraq, İraq və Suriyada savaş yalnız ağırlaşır, sonrakı inkişafı qazanır. KİV İraq ordusunun prinsipial hərbi uğuru kimi Ramadinin İŞİD-dən azad edilməsi haqda məlumat verdi. Suriyada hökumət qoşunu Rusiya, İran və livanlı müttəfiqlərinin dəstəyi ilə Hələb, Latakiya və Dəməşqyanı qəsəbələrdə bir sıra taktiki uğura nail ola bildi. Lakin İslam radikalizminin, cihadçılığın (“qara İslam”ın) ideologiya və sosial bazasına hərbi yolla üstün gəlmək mümkünsüzdür. “Xilafət” layihəsi qüvvə toplayır və yayılır. Nə İraqda, nə də Suriyada ən yaxın vaxtda həlledici dönüş gözlənilir. Müharibə getdikcə sərtləşir, yeni oyunçular, resurslar cəlb edir, sivilizasiya və dini qarşıdurma mərhələsinə keçir. Məsələn, sünni-şiə münaqişəsi və Güney-Quzey xətti üzrə bölünmə ilk plana keçir.
İraq
İraq odusunun Ramadi üzərində nəzarəti bərpa etməsi özəl önəm kəsb etmir. Birincisi, İŞİD obyektlərə ilişib qalmır. Heç bir “Stalinqrad”-zad yoxdur. Sürətli hərəkətin başlıca əhəmiyyəti var.
İkincisi, bu, gerçək döyüş əməliyyatından daha çox piar-aksiyadır. Bir milyonluq şəhər müdafiə olunarkən onu bir günə almırlar. Bütünlükdə böyük şəhər uğrunda mübarizə dövlət müəssisələrinin yerləşdiyi bir neçə binanı tutmaqdan ibarətdir. Yaraqlılar səhranı – Ənbər vilayətini elə belə də verə bilərlər, heyf deyil. Həmçinin tezliklə qəfil zərbə ilə də geri ala bilərlər.
Üçüncüsü, Bağdad əhali üzərində nəzarəti büsbütün itirir. Sünnilərin hökumətdən ümidi tamamlə üzülüb, yəni yaraqlıların sosial bazası nəinki saxlanır, həm də güclənib.
İraqdakı müharibənin özəlliyi əhalinin şiə, sünni və kürdlərə parçalanmasıdır. Həm də dövlət içində öz dövlətini (İraq Kürdüstanı) yaratmış kürdlərdən başqa əhalinin əsas qismi baş verənlərə qarşı tam passivdir. İnsanlar kiçik fasilələrlə 1991-ci ildən bəri sürən fasiləsiz müharibədən yorulublar. Onları “siyasət” yox, daha çox təchizat, sağ qalmaq məsələsi maraqlandırır.
Buna görə də Bağdad canlı qüvvə və texnikada böyük üstünlüyə, İran hərbi mütəxəssislərinin yardımına, həmçinin Qərb koalisiyasının havadan dəstəyinə malik olsa da, yaraqlıları darmadağın edə bilmir. Amansız məğlubiyyətə baxmayaraq (Mosulun süqutu kimi), çağdaş İraq ordusu hələ də “forma”ya düşə bilməyib. O, Səddamın sənaye tipli ordusundan fərqli olaraq amerikalılar tərəfindən hərbi-polis gücü kimi yaradılıb. Bu cür ordu əhalinin çıxışlarını uğurla boğa bilər, lakin motivləşmiş və döyüş təcrübəsi olan döyüşçülərə qarşı dura bilməz. Təəccüblü deyil ki, cihadçılar 2014-cü ildə Ənbər, Ninəva əyalətlərinə hücum edib Mosul, Fəllucə, Tikrit və Ramadini tutarkən hökumət qoşunları ağır məğlubiyyətə uğradı.
Hazırda İraq ordusuna şiələrin yığma ordusu və iranlı hərbi mütəxəssislər dəstək verir, İŞİD-lə mübarizədə məsuliyyətin bir hissəsini kürdlər götürüb. Lakin sistemli problemlər həll edilməyib. Birincisi, Səddamın zəmanəsi ilə müqayisədə komandanlıq səviyyəsi xeyli aşağı düşüb. Çünki ixtisaslaşmış hərbçilər BƏƏS-sizləşdirmə çərçivəsində ordudan qovulub. Onların əksəriyyəti hakim rejimə müxalifətə keçdi və İŞİD sıralarına daxil oldu. Nəticədə İŞİD-də komandanlığın planlaşdırılması İraq ordusundakından xeyli yaxşıdır.
İkincisi, hökumət qoşununda motivləşmənin səviyyəsi cihadçılardakından xeyli aşağıdır. İraq əsgərlərinin uğrunda ölümə hazır olduğu ideya yoxdur.
Üçüncüsü, Bağdad İraq Kürdstanının faktiki müstəqilliyi problemini yolüstü həll etməlidir.
İraq komandanlığı qüvvənin bir hissəsini İraqın quzeyində kürdlərin müstəqil hərəkətinə imkan verməməyə yönəldir. Buna görə də Bağdad qüvvəni həmişə paylaşdırır və onu İŞİD dəstələri ilə mübarizəyə cəmləyə bilmir. Məsələn, Ramadiyə istisnasız olaraq şiələr hücum etdilər. Lakin müqavimət olmadığından natamam bir briqada sakitcə şəhərə daxil oldu.
Bundan başqa, Bağdad Tehrana da tam şəkildə güvənə bilmir. İran müdaxiləsi sünni əhalidə, Qərb koalisiyasında və ərəb monarxiyalarında narazılıq doğurur. Nəticədə müharibə nəsə bir “maxnoçuluq” kimi görünür – hər iki tərəf yad əraziyə basqın edir. Əhali o qədər passivdir ki, bir neçə yüz və yaxud min yaxşı silahlanmış yaraqlı böyük ərazilərə və yaxud milyonluq şəhərlərə nəzarət edə bilir.
Ümumən Bağdadın hansısa bir aydın hərbi fəaliyət konsepsiyası və azad edilmiş ərazilərin bərpası, dini və etnik qrupların barışdırılması planı yoxdur. Məqsədlər proseslə əvəzlənir. Yekunda İraqın dağılması davam edir və müharibə praktik olaraq sonsuzadək uzana bilər. Sünni-şiə bölünməsi güclənib. Xarici oyunçular da güclü İraq dövlətinin bərpasında maraqlı deyillər. Beləliklə, İraq cəbhəsində ən yaxın vaxtda əsil uğurlar görünmür. Perspektivlər sadə əhali üçün tam fərəhsizdir. Bu cür şəraitdə “Xilafət” layihəsi İraq əhalisi üçün alternativ kimi görünür.
Suriya
Rusiyanın Suriya müharibəsində birbaşa iştirakı Dəməşqi hərbi məğlubiyyətdən və Suriya əhalisnin bir qismini soyqırımdan xilas etdi. Rusiya HHQ və HDD Suriya ordusunun əks-hücumuna dəstək verdi. Lakin bir neçə illik müharibə Suriya ordusunu əldən salıb. Rusiya HHQ-nin dəstəyi “yerdə” qələbəyə zəmanət vermir. Buna görə də Rusiyanın iştirakı sürəklilik riskinə məruz qalır.
Suryada müharibə davam edəcək. “Xilafət” heç hara qeyb olmayacaq, hökumət qoşunları isə çətin ki, yaxın zamanlarda ölkənin böyük hissəsi üzərində nəzarəti bərpa etməyə nail olsun. Hər şeyə baxanda, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər əvvəlki tək “öz” yaraqlılarını dəstəkləyəcək.
Suriyanın bir neçə qeyri-bərabər etnik və dini hissələr bölünməsinin rəsmiləşməsi baş verir. "BƏƏS" partiyasının Suriya dövlətini uzun müddət möhkəmlədən dindışı və etnosdışı ərəb sosializmi ideologiyası dağılıb. Əhalinin bütöv qrupları hökumət ordusunun əhatə etdiyi bölgələri tərk edir və mütəşəkkil şəkildə quzey-qərb istiqamətinə – Türkiyə sərhəddinin yaxınlığına köçür. Ola bilsin ki, cihadçıların əvvəllər bir neçə cəbhəyə atılmış qüvvələri tam şəkildə Türkiyə sərhəddində təkcə hərbi planda deyil, həm də əhali kimi lokallaşsın.
Bununla belə, hərbi əməliyyatların qəddarlığı artacaq. Bundan başqa, hərc-mərclik dalğası, yəqin ki, lap əvvəldən Suriyanın işlərinə qarışan Türkiyəni də bürüyəcək. Suriya müharibəsində qeyri-rəsmi iştirak, yaraqlılara dəstək, ərazisində islamçılar üçün təchizat bazası, sanatoriya və müalicəxanaların yaradılması, Suriya türkmənlərinə dəstək və Suriya kürdlərinə basqı, milyonlarla qaçqının gəlişi – bütün bunlar Türkiyəni sabitsizləşdirib.
Həmçinin türk ordusunun İraqa (İraq Kürdüstanına) müdaxiləsi və Türkiyənin özündə kürdlərlə başlanan mübarizəni də xatırlamağına dəyər.
Suriyada islamçıların Türkiyə sərhəddinə sarı sıxışdırılması yalnız ocağa benzin tökmək kimidir. Suriyadakı müharibə Türkiyə ərazisinə doğru genişlənəcək.
Rusiya hökumət qoşunlarını necə gücləndirə bilər?
Birincisi, Suriyada hava qruplaşmasını gücləndirmək lazımdır. O cümlədən zərbə helikopterləri ilə.
İkincisi, Rusiya azad ərazidə məşq düşərgəsi yarada və orada Suriya ordusunun taktiki qrup batalyonlarını formalaşdıra bilər, onları Rusiya texnikası və silahı ilə gen-bol təmin edər.
Üçüncüsü, Türkiyə və İordaniya sərhədlərinin bağlanmasında Suriya ordusuna kömək etmək. Yaraqlılar burada yetərincə sərbəst şəkildə yerlərini dəyişirlər. Xaricdən təzə yaraqlılar, silah, döyüş sursatı dəstəyi olmasa, bandit birləşmələrini darmadağın etmək asanlaşacaq.
Dördüncüsü, könüllülər korpusunu yaratmaq mümkündür. Onun sayəsində rus ordusunun döyüş nüvəsinin hazırlığını keçər və müxtəlif texnikanı, silahları müharibə şəraitində sınaya bilərik. Madam bu savaşa girmişik, onu udmaq lazımdır. Suriya isə Yaxın Şərqdə strateji dayaq məntəqəmiz olmalıdır.
Qeyd etməyinə dəyər ki, Rusiyanın Suriya müharibəsinə qatılması Yaxın Şərq bölgəsində durumun gözlənilməzliyi ilə bağlı strateji risklərin çoxalmasına səbəb oldu. Əsas pislikləri bölgəsəl oyunçuların kəskin fəaliyyətindən gözləmək olar. Belə ki Rusiya ilə Türkiyənin 20 illik tərəfdaşlığı atıq çöküb. Hətta münaqişəyə keçmək təhlükəsi var.
Fars körfəzinin İraq və Suriyada terrorçu qruplaşmalara dəstək verən ərəb monarxiyaları tərəfdən təhlükələr var. Şiə və sünni dünyaları, İranla Səudiyyə Ərəbistanı arasında tammiqyaslı münaqişə təhlükəsi var. Vəziyyət ən gözlənilməz şəkildə dəyişilə bilər.
Yəmən
Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanın "blitskriq"i uflasa uğradı. Səudlar istefadakı prezident Salehlə ittfaqa girmiş husilərin (şiə qiyamçıların) Yəmənin bütün ərazisi üzərində nəzarət qurmasına imkan veməmək üçün savaşa başladılar. Nəticədə İran Ərəbistan yarımadasında mühüm platsdarm əldə edə bilərdi. Ər-Riyad buna yol verə bilməz. Səudyyənin başçılığı ilə koalisiyanın tayfaların yığma dəstələri üzərində tam üstünlüyünə baxmayaraq, Ər-Riyad ancaq husilərin qələbə irəliləyşini dayandıra bildi. Öz növbəsində şiə qiyamçılar Yəməndə möhkəm mövqelərini qoruyub saxladılar və müharibəni Səudiyyə Ərəbistanının ərazisinə keçirdirlər. Səudiyyənin perspektivdə bu savaşda uduzmağı artıq Ərəbistan yarımadasında qaçılmaz şəkildə dağılma prosesinin başlanmasna gətirib çıxadacaq. ABŞ-la strateji ittifaqın pozulması; Səudiyyənin monoiqtisadiyyatının sabitsizləşməsinə səbəb olası neft qymətinin düşməsi; İraq və Suriyada terrorçulara dəstək (bununla belə, İŞİD səudların düşməninə çevrilir); Yəməndə Səudiyyənin ərazisinə keçməklə müharibə; güclənmək perspektivi ilə İranla münaqişə – bütün bunlar krallığı dağılmağa məhkum edir.
Aleksandr Samsonov
Око планеты, 08.01.2016