XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2016 - 00:03

Şimali Koreyanın hidrogen bombası sınağı: [color=red]Asiya-Sakit Okean regionunda təhlükəli geosiyasi oyunlar

Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi dünya siyasətini silkələyib. Beynəlxalq təşkilatlar və böyük dövlətlər artıq öz narahatlıqlarını bəyan ediblər. KİV bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinin mümkünlüyü barədə məlumatlar yayır. Artıq Yaponiya və Amerika BMT-yə məsələ ilə bağlı müraciət ediblər. Moskva da Pxenyanı kəskin şəkildə qınayıb. Ekspertlər bu proseslərin geosiyasi vəziyyətin gərginləşməsi fonunda baş verməsinə xüsusi diqqət yetirirlər. Onlar Şimali Koreya rəhbərliyinin bu təhlükəli addımı təsadüfən atmadığı qənaətindədirlər. Doğrudan da, problemə müasir dünya siyasətində müşahidə edilən bir sıra proseslər müstəvisində nəzər saldıqda, meydana düşündürücü məqamlar çıxır. Biz də onlar üzərində dayanmağa ehtiyac gördük.

Təhlükəli addım: Pxenyan "əlcək" atır

Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) dünya üçün başağrısına çevrilib. Onun hidrogen bombasını sınaqdan çıxarmasına verilən reaksiyalar bunu təsdiq edir. Demək olar ki, bütün böyük dövlətlər Pxenyanı bu hərəkətinə görə tənqid ediblər. Hətta Şimali Koreyanın ən yaxın müttəfiqlərindən hesab edilən Rusiya belə, öz neqativ münasibətini sərt şəkildə bildirib. Rəsmi Moskva ciddi təhlükələrin meydana gəldiyini bəyan edib. Vladimir Putin isə xüsusi xidmət orqanlarına Şimali Koreyanın hərbi potensialı barədə daha dərindən araşdırma aparmağı tapşırıb. Kreml hesab edir ki, Pxenyanın bu addımı bütövlükdə Rusiyanın təhlükəsizlik konsepsiyasını dəyişə bilər.

ABŞ da kifayət qədər radikal şəkildə Şimali Koreyanı xəbərdar edib. Vaşinqton uzun müddətdir ki, Pxenyanın nüvə proqramlarına qarşı çıxış edirdi. Hidrogen bombasının sınaqdan keçirilməsi təzyiqi gücləndirmək üçün əlavə arqument oldu. Belə görünür ki, dünyanın heç bir dövləti bu məsələdə Amerikanı qınaya bilməyəcək.

Yaponiya regionun daha çox narahatlıq bildirən ölkəsi oldu. Rəsmi Tokio Vaşinqtonla birgə BMT-yə müraciət edib. Onlar məsələnin müzakirə edilərək, konkret qətnamə qəbul olunmasını tələb edirlər. Şübhə yoxdur ki, bu baş verərsə, Şimali Koreya üçün ağır günlər başlayacaq. Ona qarşı sanksiyaların tətbiq olunması ilə yanaşı, hərbi müdaxilələr də istisna edilmir. Hər bir halda Uzaq Şərq regionunda kifayət qədər həssas bir vəziyyət formalaşıb.

Maraqlıdır ki, Çin hələlik susur. Lakin bunun aldadıcı olduğu aydındır. Çünki Pekin proseslərin geosiyasi məntiqinin hansı nöqtələri hədəflədiyini yaxşı bilir. Çin son nəticədə əsas zərbənin ona dəyəcəyini anlamaqdadır. Məsələnin bu tərəfi kifayət qədər ciddi geosiyasi problemlərin meydana gəlməkdə olduğunu göstərir. Problemə qlobal miqyasda cərəyan edən hadisələrin təsiri prizmasından yanaşmağa ehtiyac görürük.

İlk baxışdan Uzaq Şərqin bir ölkəsinin hidrogen bombasını sınaqdan çıxarmasına bu qədər sərt reaksiyanın nəyə görə verildiyini anlamaq çətindir. Dünyanın bir sıra digər regionlarında müşahidə edilən ixtilaflar fonunda Şimali Koreya problemi elə də aktual görünməyə bilər. Məsələn, İŞİD və ya Bəşər Əsəd rejiminin taleyi daha aktual görünür.

Başqa tərəfdən, bəlkə də Şimali Koreya rəhbərliyi beynəlxalq aləmdən bu cür reaksiyanı gözləmirdi. Çünki Pxenyana qədər Vaşinqton, Moskva və Paris hidrogen bombasını sınaqdan keçiriblər. Amerika, Rusiya və Fransaya icazə var, Şimali Koreyaya yoxdur? Bəli, yoxdur! Beynəlxalq aləm məsələni bu cür qoyur. Səbəb nədən ibarətdir?

Məsələnin mühüm bir cəhəti Pxenyanın qonşu dövlətlərə qarşı kifayət qədər aqressiv mövqe tutmasına bağlıdır. Xüsusilə onun Cənubi Koreya ilə münasibətləri gərgindir. Bütün cəhdlərə baxmayaraq, Seulla Pxenyanın dialoqu hələlik alınmır. Mütəxəssislər bu kontekstdə keçən ilin avqust ayında iki Koreya arasında yaranmış hərbi gərginliyi xüsusi vurğulayırlar (bax: Илья Дьячков. Корейский полуостров: взгляд с надеждой в будущее / "Портал МГИМО", 6 yanvar 2016).

Şimali Koreya ilə bağlı regionda geosiyasi-hərbi aspektdə mənfi təsəvvürləri də buraya əlavə etmək lazım gəlir. Belə ki, Qərbin Asiya-Sakit okean hövzəsində maraqlarına qarşı duran ölkələrdən biri məhz Şimali Koreyadır. Pxenyan həmin məsələdə Moskva və Pekinlə eyni mövqedədir. Buna görə də, ABŞ-ın Yaponiya kimi müttəfiqi ilə Şimali Koreya arasındakı münasibətlər gərgindir.

Cavabsız suallar: dünya siyasətinin ağrılı problemləri

Bütün bunlara rəğmən, Şimali Koreya rəhbərliyinin hansı səbəblərdən cəsarətlənib bu addımı atdığı düşündürücüdür. Yəni Kim Çen Inı İranla bağlı baş verənlər qorxutmadı? Qərb faktiki olaraq Tehranı fikrindən vaz keçməyə məcbur etdi. Bunu Pxenyan yaxşı bilir, lakin görünür, daha dərində olan səbəblər var.

Bizcə, həmin səbəblər sırasında iki faktorun xüsusi yeri danılmazdır. Onlardan birincisi Qərbin özünün ikili standartlar siyasəti yeritməsi ilə əlaqəlidir. Belə ki, indi hər kəsə Vaşinqton və Brüsselin sözdə bir fikri ifadə edərək, əməldə tamamilə başqa cür davrandığı məlumdur. Məsələn, İrana qarşı qoyulan qadağalar digər ölkələrə aid edilmir. Və yaxud bir qrup terrorçulara sərbəst hərəkət etmələri üçün yaşıl işıq yandırılır, digərləri isə kəskin surətdə vurulur. Azərbaycanın torpaqlarının 20 faizini işğal etmiş Ermənistana qarşı heç bir real addım atılmır, lakin İraq, Liviya, Suriya dərhal bombalanır.

Bütün bunlardan ölkələr öz təhlükəsizliyini təmin etməyin beynəlxalq standartlarının möhkəm olmadığı qənaətini alırlar. Nəticədə, özləri hərbi cəhətdən güclü olmaqdan başqa yollarının qalmadığını düşünürlər. Son zamanlar Asiya-Sakit okean hövzəsində cərəyan edən geosiyasi-hərbi proseslər bu fikirləri bir daha təsdiqləyir.

ABŞ və Çin həmin regionda ciddi rəqabətə girişiblər. Onlar öz hərbi güclərini artırırlar. Pekin yeni yaratdığı raket qoşunlarının əsas hissəsini məhz həmin bölgədə yerləşdirir. Əlavə olaraq, süni adalar yaradıb, oraya müasir hərbi texnika yerləşdirir. ABŞ isə regionda həm öz hərbi donanmasını gücləndirir, həm də müttəfiqlərini silahlandırmaqda davam edir. Yaponiya, Vyetnam, Cənubi Koreya, Sinqapur, Tayvan, Tailand, Avstraliya bunlara misaldır. Pekini daha çox narahat edən öz tarixi ərazisi saydığı Tayvana Vaşinqtonun 4 illik fasilədən sonra yeni silahlar vermək qərarına gəlməsidir (bax: Игорь Денисов. США возобновят поставки оружия на Тайвань / "Портал МГИМО", 15 dekabr 2015).

Belə çıxır ki, Şimali Koreya hidrogen bombasını özünümüdafiə məqsədləri ilə sınaqdan çıxarıb. Onun kiməsə hücum edəcəyi ağlabatan görünmür. O başqa məsələdir ki, hətta hidrogen bombası müasir dövrdə dövlətin təhlükəsizliyinə təminat vermir. Bizi bu anda Pxenyanın addımının arxasında duran geosiyasi məqam maraqlandırır.

Həmin kontekstdə digər bir faktoru – dünya miqyasında müşahidə edilən yeni böhran vəziyyətini vurğulamaq olar. KİV Səudiyyə Ərəbistanının neftin qiymətini daha da ucuzlaşdırmaq istiqamətində addımlar atdığını yazır (bax: məs., Саудовская Аравия придумала новый способ обрушить цены на нефть / "tvzvezda.ru", 7 yanvar 2016). Ər-Riyad qeyri-ənənəvi neftin ("slans" (şist) neft adlanır) satışını artırmaq qərarı verib. O biri tərəfdən, ABŞ neft ixracına başlayıb. Hazırda bu enerji növünün qiyməti 33 ABŞ dollarından aşağı düşüb.

Mütəxəssislər hesab edirlər ki, bu proses davam etsə, dünyanın əksər ölkələri böyük zərər görəcəklər. Eyni zamanda, Corc Soros hesab edir ki, ABŞ dollarının möhkəmlənməsi inkişaf edən iqtisadiyyatlara ciddi maneə törədir. Bu kontekstdə Çin valyutasının devalvasiyası həmin ölkənin iqtisadi problemlərini dünya miqyasına transfer etməkdədir (bax: George Soros Sees Crisis in Global Markets That Echoes 2008 / Bloomberg, 7 yanvar 2016). Nəticədə, qlobal miqyasda 2008-ci ildən daha ağır bir böhran vəziyyəti yarana bilər.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, müəyyən dairələr Yaxın Şərqdə geosiyasi situasiyanı daha da gərginləşdirməklə neftin ucuzlaşmasının "qarşısını almağa" çalışıb. Bu barədə Britaniyanın "The Guardian" qəzeti yazıb (bax: Nils Pratley. Oil prices could continue to slide with Saudi sights set on shale / "theguardian.com", 6 yanvar 2016). Deməli, qlobal miqyasda geosiyasi mübarizə xeyli kəskinləşib və faktiki olaraq enerji təhlükəsizliyi sahəsini də bu müstəviyə çəkib. Şübhə yoxdur ki, bu cür mürəkkəb durum bir sıra ölkələrin özbaşına addım atması üçün əlavə şərait yaradır.

Bütün bunların fonunda Şimali Koreyanın nüvə sınağını həyata keçirməsi kifayət qədər təhlükəli manevr kimi görünür, eyni zamanda, böyük dövlətlərin apardıqları geosiyasi mübarizənin riskli tərəflərini də bir daha nümayiş etdirir.

Newtimes.az