XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 10:33

ABŞ İranın maraqlarını yeridir – TƏHLİL

Amerika İranı köhnə müttəfiqlərdən niyə qoruyur?

Marşall adalarının bayrağı altındakı ticarət gəmisinin İran tərəfindən yaxalanması göstərdi ki, ABŞ öz müttəfiqlərini qorumur. İsrail xilasedicilərinin Nepala göndərilməsi göstərdi ki, yəhudi dövlətinin legitimsizləşdirilməsi cəhdləri Fələstin münaqişəsi ilə bağlı deyil. “Maersk” beynəlxalq gəmiçilik şirkəti məlumat verir ki, “Maersk Tiqris” gəmisinin 24 heyət üzvünün hamısı tam qaydasındadır. Gəmini və heyəti ötən çərşənbə təsdiq edilmiş marşrutla Hörmüz boğazından keçərkən İranın SEPAH-ı tutub. Gəmi Sakit okeanın güney hissəsindəki arxipelaqda yerləşən Marşall adalarının bayrağı altında üzürdü. Bu dövlət 1986-cı ildə ABŞ-dan azad olub. Rəsmi dövlət müqaviləsinə əsasən Marşall adaları müstəqilliyin əvəzində özünü müdafiə etmək hüququndan imtina edib və öz maraqlarının müdafiəsini ABŞ-a həvalə edib. Müqavilədə deyilir ki, “Marşall adalarının müdafiəsi və təhlükəsizliyində bütün səlahiyyət və məsuliyyəti ABŞ daşıyır”.

ABŞ-ın arxipelaq qarşısında formal öhdəlikləri nəzərə alınsa, İranın “Maersk Tiqris” gəmisini həbs etməsi, əslində, ABŞ-a nisbətdə düşmənçilik hərəkəti idi. Bundan başqa, həbs həm də gəmilərin qanuni yüklə Hörmüz boğazından səbəst keçidinə qarant verən beynəlxalq hüququn kobud şəkildə pozulması oldu.

Marşall adalarının ABŞ-dakı işlər vəkili Cunior Eyni bu hadisədən sonra dedi ki, onun hökuməti ABŞ-dan gəminin və heyətin azad edilməsini gözləyir. Bu sətirlərin yazıldığı ana doğru (05.05.2015-red.) heç nə edilməyib. ABŞ prezidenti bununla kifayətləndi ki, Amerika esminesinin həmin bölgəyə yollanmasını əmr etdi. Dövlət başçısı nəinki heç nə etmədi, hətta gəminin həbs edilməsini qınamaqdan da vaz keçdi.

Strateji baxımdan ABŞ-ın bu məsələdə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması göstərir ki, ABŞ daha öz müttəfiqlərinin İrandan qorunmasına tələsmir. Lakin Obama yol verməz ki, İranın hərbi təcavüzü onun bayramını pozsun. Bütünlükdə bu həftə onun İran siyasəti ona fərəh gətirib və bu, təəccüblü deyil. Vaxt daha çox keçdikcə kiminsə və yaxud nəyinsə onun ayətullahlarla sövdələşməsini pozmaq şansı azalır.

Eyni zamanda iranlılar nümayiş etdirirlər ki, təklif olunan sövdələşmənin cazibədarlığını nəhayət başa düşüblər və müqaviləni iki aydan sonra imzalamağa hazırdırlar. Saziş bölgədə ekspansiyanı maliyyələşdirmək üçün İrana pul əldə etmək imkanı verəcək. Dövlət katibi artıq işarə etdi ki, Tehran sazişin bağlandığı anda sanksiyalar çərçivəsində Qərb banklarında dondurulmuş vəsaitlərin müqabilində 50 milyard dollar beh alacaq.

Bəzi məlumatlara görə, İran rejimi Suriyada vətəndaş müharibəsinin davam etdirilməsinə hər ay üç milyard dollar sərf edir. Tehran 50 milyard dollar əldə etməklə Suriya qətliamına daha ilyarım ödəniş edə bilər – hələ “Hizbullah”ın İsraillə həmsərhəd bölgələrdə, o cümlədən Holan təpələrində görünəcəyini demirik.

Sazişin imzalanması İranın nüvə proqramı baxımından da əlverişlidir. ABŞ prezidentinin özü etiraf edir ki, İran sazişin müddəti bitən kimi yubanmadan öz hərbi potensialını gerçəkləşdirə bilər.

Ona görə də İran “Böyük Şeytan”a uzunmüddətli qeyri-müəyyən münasibətdən sonra, deyəsən, Obama ilə əməkdaşlığa tam hazırdır.

Hədəf İsraildir

Obama daxili siyasətdə də uğura nail olub və ehtimal ki, Konqresdəki müqavimətin öhdəsindən gəlib. Hazırda Senatın araşdırdığı İran sazişi ilə bağlı qanun layihəsi nəzərdə tutur ki, Konqres prezidentin müqaviləni gerçəkləşdirməsinə mane olmayacaq. Müqavilənin ləğvi üçün senatorların üçdə ikisinin dəstəyi lazımdır. Lakin Obama artıq mötədil demokratları ABŞ-ın milli maraqlarını yaddan çıxartmağa və İranla sazişi dəstəkləməyə inandıra bilib.

öz növbəsində bu senatorlar mötədil respubklikaçıları və İsrailyönlü AIPAC lobbisini İranla sazişin yeridilməsində Konqresi Obama ilə əlbir edəsi qanun layihəsini müdafiə etməyə inandırıblar. Prezidentliyə namizədlik niyyətində olan senatorlar Tom Kruz və Marko Rubionun sazişin ləğv edilməsi üçün əksəriyyətin azalması üzrə düzəlişlər etmək cəhdləri təkcə demokratların deyil, həm də Senatdakı respublikaçı liderlərin müqaviməti ilə üzləşir.

Obamanın İranla saziş müvəffəqiyyəti ona xarici siyasətin növbəti hədəfinə – İsrailə keçmək imkanı verir.

“Foreign Policy” dərgisinin bu günlərdəki məlumatına əsasən, ABŞ İranla saziş imzalandıqdan sonrakı dövrə qədər İsrailin İudeya, Samariya və Yerusəlimdən geri çəkilməsi kimi Fransa təşəbbüsü tipində antiisrail qətnamələrinin BMT Təhlükəsizlik Şurasına çıxarılmasını təxirə salmağa cəhd edir. Bu, İsrailyönlü demokratların Tehranla sazişi dəstəkləyənə qədər Obamanın onları qıcıqlandırmaması üçün edilir. Lakin növbəti hədəfə işarə etmək olar və lazımdır. Dövlət katibinin müavini Uendi Şerman bu yaxınlarda Vaşinqtonda islahatçı yəhudi icmasının konfransında İsrailin ünvanına aşkar təhdidlə çıxış etdi. O dedi ki, İsrailin yeni hökuməti “iki xalq üçün iki dövlət” prinsipindən imtina etsə, onda ABŞ-ın İsrailə beynəlxalq müstəvidə dəstək verməsi çətin olacaq.

ABŞ-ın İsraildəki səfiri Dan Şapiro Şermanın xoşagəlməz sözlərinin İsrail ictmai rəyinə buraxdığı təəssüratı yumşaltmaq üçün “Qaley Tsaxal” ordu radiostansiyasına müsahibə verdi. O, ivritcə qəşəng danışsa da, Şermanın sözlərini rədd etmədi. Hətta onun açıqlamasına dolayısı ilə haqq qazandırmağa səy göstərdi. O dedi ki, dinc Fələstin-İsrail danışıqlarının getmədiyi bir dövrdə münaqişənin iki dövlət prinsipi əsasında nizamlanmasının irəliləməsi üçün üsul tapmaq lazımdır və əlavə etdi ki, fələstinlilərlə danışıqlar İsrail dövlətinin legitimsizləşdirilməsi cəhdlərinin dəf edilməsi üzrə qanuni vasitədir. Başqa sözlə, Şapiro dedi ki, ABŞ danışıqlarsız hər hansı bir cavab hərəkət olmadan İsraildən fələstinlilərə böyük güzəştlər gözləyir. Əgər buna başlamasaq, onda legitimliyi itirəcəyik və ABŞ BMT-də bizə qarşı getməyə məcbur olacaq. Başqa sözlə desək, İsrailin fələstinlilərə böyük güzəştlərdən imtina etməsi yəhudi dövlətini legitimlikdən məhrum edir.

Etibarsız özül

Şermanla Şapiro fikirlərini deyincə İsrailin var olmaq hüququndan məhrum edilməsi cəhdlərinin fələstinlilərlə heç bir əlaqəsi olmadığı barədə daha bir dəlil əldə etdik. BDS (Boycott, Divestment, Sanctions) hərəkatının İsrailin legitimsizləşdirilməsi uğrunda mübarizəyə başçılıq edən liderləri İsrail xilasedicilərinin Nepala gəldiyi andan human
itar missiya ilə bağlı İsrail hökumətinə hansısa gizli planları sırımağa cəhd edib dəridən-qabıqdan çıxırlar.

Human Rights Watch hüquq müdafiəsi təşkilatının başçısı Kennet Rot öz “Tvitter”ində yazıb: “Uzaqdakı fəlakəti aradan qaldrmaq asandır, nəinki İsrailin Qəzada təşkil etdiyini. Blokadanı götürün!”

Amerikadakı antiisrail hərəkatın ən məşhur fəallarından biri Əli Əbunimadan Nepal zəlzələsindən zərər çəkənlərə İsrailin göstərdiyi yardıma görə silsilə tənqidlər qopdu. O bildirdi ki, xilasedicilərin göndərilməsi ancaq əldəki qanı yumaq cəhdi idi. Həmçinin işarə etdi ki, İsrail, əslində, Nepala ziyan vurmaq istəyir. O, surroqat analardan doğulmuş uşaqların İsrailə daşınması barədə qərarı da kəskin şəkildə tənqid edib, çünki zahılar Nepalda qalıblar.

Nepala yardıma görə İsrailə hücumlar göstərir ki, İsrailə nifrətlə onun hərəkətləri arasında heç bir əlaqə yoxdur. Əslində, BDS hərəkatı istəmir ki, İsrail fələstinlilərə güzəştə getsin. Onun gerçək məqsədi yəhudi dövlətini mövcudluq hüququndan məhrum etməkdir. İnsanları uçuntuların altından xilas etməkdən ötrü yüzlərlə hərbi xilasedicinin Nepala göndərilməsi pis işdirsə, onda nə fələstinliləri, nə də amerikalıları qane edəcək güzəştlər yaxşı nə gətirə bilər?

Şapironun Fələstin-İsrail danışıqlarının bu hərəkata qarşı çıxmağa kömək etməsi barədə iddiaları əsassızdır. Obama administrasiyasının İsrailə ənənəvi beynəlxalq dəstəkdən imtina emək üçün irəli sürdüyü bütün səbəblər əsasdan məhrumdur.

İranla saziş başa çatandan sonra Obamanın BMT-də antiisrail tarmarını müdafiə etmək qərarı Fələstin-İsrail danışıqlarının təzələnməsinə şərait yaratmaq istəyi ilə diktə olunmayıb. O, Fələstin dövlətinin yaradılması ilə də bağlı deyil, çünki fələstinlilər İsrailin artıq 23 il dalbadal təklif etdiyi suverenlikdən birbaşa və yaxud dolayısı ilə imtina edirlər.

Obama ABŞ-ın İsraillə köhnə müttəfiqliyini pozmaq və Amerikanın İsrailə nisbətdə siyasətini Avropanınkına uyğunlaşdırmaq istəyir.

Bunda da nə isə bir kinayə var ki, İsraili dəstəkdən məhrum etmək hədəsi məhz Şermandan gəldi. Şerman – Obamanın ikibaşlı və ikiüzlü xarici siyasətinin əsil təcəssümüdür.

Uendi Şerman İranın qeyri-qanuni nüvə proqramı üzrə ayətullah rejimi ilə danışıqlarda ABŞ-ı təmsil edir. 1994-cü ildə KXDR-nın nüvə proqramı üzrə danışıqları da o aparıb. Onun hazırladığı Koreya ilə çərçivə sazişi indiki vəziyyətə gətirib çıxardıb: KXDR-nın 20-yə qədər nüvə silahı və nüvə başlığı daşımaqla Kaliforniyanı dağıtmağa qadir olan qitələrarası raketi var.

Amerika administrasiyası ondakı kimi indi də iddia edir ki, danışıqların məqsədi İranının nüvə silahının olmasına imkan verməməkdir. Lakin Hörmüz boğazındakı azğınlıq, Suriyadakı ölüm savaşı, İranın Livanı və Yəməni zəbt etməsi, İsrailin ünvanına təhdidlərə münasibətdə ABŞ-ın hərəkətsizliyindən göründüyü kimi, əslində, Obamanın məqsədi Tehranın bu cür silaha sahiblənməyinin qabağını almaq deyil. Gerçək məqsəd Tehranın şərtləri əsasında Amerika-İran alyansı yaratmaqdır. İranlılar gəmini həbs edib Bəndər-Abbasa aparandan dərhal sonra Marşall adalarının sakinləri dərk etdilər ki, öz təhlükəsizliklərini ABŞ-a güvənməkləri ağıllı hərəkət deyil, tələsik inanış idi. ABŞ bu gün öz müttəfiqlərinin ziyanına olaraq İranın maraqlarını yeridir.

ABŞ prezidenti administrasiyasının fələstinlilərə güzəşt müqabilində İsrailə münasibətin dəyişiləcəyini düşünənlər odla oynayırlar.

Kerolayn Qlik (İsrail)