XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2019 - 16:08

“Amulsar” məsələsi Ermənistanda bölünməni dərinləşdirib:Paşinyana qarşı köhnə hakimiyyətin QHT-ləri də fəallaşıb - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 23 avqust 2019-cu il

 

Əlbəttə, əgər hökumət hansısa bir dönüşlə mədənin istismarı haqqındakı qərarını dəyişməzsə, “Amulsar” məsələsi Ermənistanda inqilabsonrası durumda, ən azı, bir prinsipial sınmaya – dönüşə səbəb olacaq. Mədənin istismarı haqqındakı qərarın reallaşdırılması faktiki olaraq yeni hakim qüvvəni və uzun illər ərzində keçmiş rejimə qarşı mübarizə aparmış, inqilab dövründə isə öz dəstəyilə bu qüvvəni praktiki olaraq tamamlamış vətəndaş fəallarını və ya təbəqəsini bölür.

Beləliklə, inqilab mərhələsinin “yekun protokolu”, ən azı, siyasi və vətəndaş komponentlərinin ayrılması şəklində təsbit olunur. İnqilabdan sonra ən çox toxunulan və yayğınlaşan suallardan biri o idi ki, əgər inqilabla hakimiyyətə siyasi-mülki “blok” gəlibsə, vətəndaş, qeyri-hökumət sektoru necə olacaq? Çünki fəal vətəndaş mövqeyində olanların böyük hissəsi – mütləq əksəriyyəti ya birbaşa hakimiyyətdə təmsil olunmağa, ya da onun sıx və açıq tərəfdarı olmağa başlamışdı.

Keçmiş hakim sistem, onun müxtəlif qanadları isə vətəndaş cəmiyyətində yaranmış bu “açıq” sahəni doldurmağa yönəlik fəaliyyətə başladı. Keçmiş hakimiyyətin nəzərəçarpan himayəsi altında yeni vətəndaş cəmiyyəti, qeyri-hökumət strukturları formalaşdı.

Keçmiş iqtidar yalnız yeni hakimiyyətə, inqilaba qarşı siyasi müxalifət yaratmayıb, eyni zamanda vətəndaş və ya qeyri-hökumət qüvvələrinə qarşı da müxalifət yaradıb. Bununla da, inqilabdan sonra yaranmış “vətəndaş boşluğunu” faktiki doldurub. Ən azı, belə təəssürat yaranır.

“Amulsar” məsələsi praktiki elə bir güclü “partlayış”dır ki, görünür, inqilabi siyasi-mülki ittifaqı bölür, inqilabın siyasi və vətəndaş seqmentlərini bir-birindən ayırır. Yəni, mülki seqmenti siyasi iqtidardan de-fakto ayırır. Bu, müəyyən mənada obyektiv reallıqdır, müxtəlif səbəblər üzündən, şübhəsiz, tədricən baş verməli olan, yavaş və ya sürətli gedəcək bir prosesdir. Bu halda, “Amulsar” məsələsi prosesi sürətləndirən və ona böyük vüsət verən amil rolunda çıxış edir.

Bölünmə, şübhəsiz, mütləq riyazi təriflərlə və ya dəqiqliklə qiymətləndirilməməlidir. Söhbət ümumi meyldən gedir. Siyasi hakimiyyətlə birləşmiş vətəndaş cəmiyyəti “Amulsar” məsələsinə görə bu formada, deyəsən, ilkin mövqeyinə “qayıdır”. “Amulsar”la bağlı mövqe aydındır, bəs bundan sonra vətəndaş cəmiyyəti hara və necə hərəkət edəcək? Köhnə hakimiyyət tərəfindən formalaşdırılan komponentlərin və “ilkin mövqeyə” qayıdan təbəqələrin vətəndaş məkanında nisbəti necə olacaq?