XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2016 - 13:54

Türk mətbuatı Baydenin səfəri haqda:[color=red] ABŞ Türkiyənin qarışacağından ehtiyatlanır – Təhlil

bayden-1.jpg

ABŞ vitse-prezidenti Co Baydenin Türkiyə səfəri çoxlu strateji, siyasi və rəmzi mənalar daşıyırdı. Əlbəttə, onun ən görkəmli aspekti bundan ibarətdir ki, Türkiyədəki antidemokratik kursun Obama administrasiyasında artmaqda olan tənqidi ilk dəfə bu qədər yüksək səviyyədə səsləndi. Həm də “özgə meydanda”.

Co Bayden prezident Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə danışıqlaradək Ədalət və İnkişaf partiyası (ƏİP) rejiminin, yumşaq deyilsə, rəhm etmədiyi müstəqil  jurnalistlər qrupu və QHT təmsilçiləri ilə görüşdü. Bu, Ankaranın ünvanına konkret siqnal idi. Görüşə dəvət edilmiş jurnalistlərdən Qədri Gürsel "Diken"dəki məqaləsində Baydenin dedikərini bu cür ümumiləşdirib: “Siz İŞİD-lə mübarizədə bizə lazımsınızsa, onda düşünməyin ki, söz azadlığı və mətbuatı necə məhv etdiyinizi lal-dinməz seyr edəcəyik”.

Co Baydenin ƏİP rejimi dönəmində həbs edilmişlərin hamısını təmsil edən Can Dündarın (türk kəşfiyyatının Suriya qiyamçılarına silah  ötürməsi haqda reportajına görə "Cumhuriyet" nəşrinin həbs edilmiş baş redaktoru) arvadı və oğlu ilə ayrıca görüşü isə bu mövzunu tamamladı. Mətbuat və QHT təmsilçiləri ilə görüşdə ABŞ-ın Ankaradakı səfiri Con Bass Baydenlə yanaşı oturmuşdu. O bu günlərdə Türkiyənin söz azadlığına etinasız yanaşması və sülh çağırışına müraciəti imzalamış və buna görə də bəzi ƏİP üzvlərinin, iqtidaryönlü KİV-in həmləsinə məruz qalmış 1128 alimin həbsinə görə açıq narahatlıq ifadə etdi.

Bu, daha bir siqnal idi: biz səfirimizin sözünü dəstəkləyirik və heç kimə onu incitməyə imkan vermərik.

Bundan başqa, Bayden sırf rəmzi dəstəklə kifayətlənmədi və görüşün əvvəlində mətbuat üçün açıqlamasında bu məsələni özü qaldırdı.

 

Hədəfə götürülmüş alimləri müdafiə etdi

 

Bayden qeyd etdi ki, azadlıq sahəsində Türkiyəni uğuru azadlıq ideyasını anlamaq istəyən bütün Yaxın Şərqə və digər ölkələrə daha güclü siqnal verə bilər. Sonra davam etdi: “Lakin tənqidi jurnalistikaya görə mətbuatı qorxudur, jurnalistləri isə həbsxanaya salır, internet azadlığını və yaxud YouTube, Twitter kimi sosial şəbəkələrin saytlarını məhdudlaşdırırlarsa, mindən çox alimə isə yalnız müraciəti imzaladıqlarına görə satqın deyirlərsə, durum nümunə götürülməli olan timsala bənzəməyi yadırğayır”.

Antalyada G-20 sammitinə qatılmış prezident Obama Türkiyədəki 1 noybar seçkilərindən sonra ƏİP rejiminin ölkəni demokratik yoldan döndərdiyi haqda susmağa üstünlük verdi. Lakin görkəmli karyerası olan və ABŞ-ın onların sayəsində Tükiyənin baxışlarının Qərbə yönəldiyini gördüyü ziyalılar çevrəsinin təmsilçisinin həbsi və nəhayət, müstəqil alimlərə hücum, görünür, Vaşinqtonun səbrini tükətdi. Ankara ilə münasibətlərdə “yaxşı polis” rolunu oynamağa cəhd edən Obama bu problemlər haqda şəxsən özü danışmadı və ola bilsin, heç vaxt bunlardan danışmayacaq. Yəqin ki, “pis polis” rolunu Baydenə ötürüblər.

Türkiyənnin avtoritarizmə sarı sürətli meylindən rahatsız olmuş Ağ Ev  onunla dialoqda səsini ucaltmağa dəyib-dəyməyəcəyi haqda çoxdan tərəddüd edirdi. Axı ƏİP rejiminin coşqun reaksiyası halında Vaşinqton bölgədə strateji itkiyə məruz qalar, Türkiyə isə tamamilə relsdən çıxar. Baydenin mövqeyi göstərir ki, Vaşinqtonda bu qorxu astanası müəyyən qədər keçilib. Görünür, Obama administrasiyası başa düşdü: ƏİP rejiminə etiraz etməsə, Türkiyəni gec-tez sabitsizlik yaxalayacaq. Rusiya ilə təyyarə böhranından sonra Ankaranın ABŞ və NATO-nun çiyninə söykənmək ehtiyacı duymağı isə Vaşinqtonu ruhlandırdı. Əks halda tənqidə dözümsüz Ərdoğanın arxasında durduğu azadlığın məhdudlaşdırılması səfərin gündəminə çıxmaya da bilərdi.

 

Kürd probleminin “siyasi həll”inə işarə

 

Bir tərədən, Bayden PKK-nı “terrorçu qruplaşma” və “təhlükə” adlandırdı, digər tərəfdən, deputatlarla görüşə ƏİP rejiminin var gücüylə siyasi sistemdən kənara sıxışdırmağa can atdığı Xalqların Demokratik Partiyasını da (XDP) dəvət etdi.  Bu, ABŞ-ın kürd probleminin siyasi həllinə eyhamının rəmzi üsullarından biri idi.  Bayden də baş nazir Davudoğlu ilə birgə mətbuat konfransında bunu təsdiqlədi: “Ümid edirəm ki, siyasi həll cəhdindən imtina etməyəcəksiniz”.

Baydenin səfərinin siyasi gündəmi də ABŞ üçün doyğun idi: İŞİD-lə mübarizənin effektivliyi üçün Suriya ilə sərhədin bağlanması, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılması, Mosul yaxınlığındakı Bəşik düşərgəsində türk hərbçilərinin olması üzündən Bağdadla Ankara arasındakı böhranda vasitəçilik, Kipr probleminin dinc həlli gözləntisi, İranla Səudiyyə Ərəbistanı arasında balanslar və s. Ankara üçün isə ABŞ-dan PKK ilə mübarizədə və Rusiya ilə gərginlik prosesində faydalı olası yeni hərbi texnologiya və məhsullar almaq, həmçinin Suriyada barışıq prosesinin bitməsi üzrə kürd dövlətinin meydana çıxmasına imkan verməmək önəmli idi. Bayden mətbuat üçün açıqlamasında Ankaranı sakitləşdirməyə çalışıb qeyd etdi ki, güneydə “ayrıca dövlətin olmaması” hər iki dövlətin “prioritetlər”inə daxildir.

 

“Baş tutmuş fakt” haqda narahatlıq

 

Məndən soruşsanız ki, əslində bütün bu önəmli məsələlərdən hansı ABŞ vitse-prezidentini Türkiyə səfərinə məcbur etdi, bu cür cavab verərəm: Rusiya ilə böhranı nəzarətə götürmək zərurəti. Obama lap axırda ABŞ-ı bu bölgədə Rusiya ilə hərbi gərginliyə təhrik etmək istəmir. O, Baydeni Türkiyəyə göndərib ki, hadisələrdən xəbərdarlıq olunsun və nəbzi əl altında saxlasın. Ağ Ev güman edir ki, Ərdoğan arzu ediləni əldə etmək üçün “baş tutmuş fakt”a gedə bilən siyasətçidir. Rusiyanın Suriya sərhədində qısnadığı Ankaranın ABŞ-ı yeni müharibə burulğanına çəkə biləcyi ehtimalı Pentaqonda çoxlarını yuxudan edir. Türkiyə-Rusiya dinamikasını diqqətlə izləmək üçün müxtəlif işçi qruplar yaradılır.

Beləliklə, Baydenin Türkiyə səfəri ABŞ-la ƏİP rejimi arasında fikir ayrılıqlarına və birgə işləməyin zəruriliyinə işarə edir. Tərəflərin qarşılıqlı fəaliyyəti haqda “strateji tərəfdaşlıq” kimi danışmağı xoşlayırlar, lakin fikrimcə, bunun adı “zorən tərəfdaşlıq”dır.

 

Əli H. Aslan

Zaman (Türkiyə), 26.01.2016