XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 04:54

Rusiya və ABŞ rəsmilərinin Azərbaycana sirli səfərləri – Təhlil

Rusiya Təhlükəsizlik Şurasının katibi, general-mayor, siyasətçi-xəfiyyə Nikolay Patruçşevin iki günlük Bakı səfəri bitdi. Kifayət qədər qapalı xarakter daşıyan səfərin əsas məqsədləri barədə bəzi ekspert rəyləri artıq səslənib, müxtəlif ehtimallar irəli sürülüb. Onların arasında Avropa Birliyinin 21-22 mayda Riqada keçiriləcək “Tərəfdaşlıq sammiti”nə qatılmaqdan Azərbaycanı çəkindirməklə bağlı versiya da var.

Azərbaycan uğrunda Rusiya-Qərb geosiyasi savaşının hansı səviyyədə olduğunu nəzərə alsaq, əlbəttə ki, bu mülahizələrin heç birini hesabdan silmək olmaz. Hər halda, Patruşevin səfərinin iki gün (!!) sürməsi və onun şəxsən prezident İlham Əliyev tərəfindən qəbul edilməsi özlüyündə az şey demir; eyni zamanda Rusiya məxfi servis emissarının Bakıya Putinin salamı ilə yanaşı, hansısa xüsusi mesajını gətirdiyi təəssüratını yaradır.
Bu mesajın qayəsini anlamaq əslində çətin deyil. Rusiya prezidentinin, Rusiya XİN-in son bir neçə həftədə postsovet ölkələrinə ünvanlı hədələrini, o cümlədən Putinin keçmiş sovet respublikalarını Rusiya ərazisi sayması haqda açıqlamasını, rəsmi Moskvanın Riqa sammiti ilə bağlı Azərbaycan da daxil, “Şərq Tərəfdaşlığı” ölkələrini açıq şantaj etməsini yada salmaq yetər.
Yaddan çıxarmaq olmaz ki, Patruşev məhz bu hədələrin gündəmdən çıxmadığı, aktuallığını saxladığı vaxtda paytaxtımıza təşrif buyurub. Maraqlıdır ki, Kremlin belə açıq təhdidlərinə hələ ki Azərbaycan rəsmilərindən reaksiya gəlməyib. Təsəvvür edin ki, bənzər şantaj ABŞ-dan gəlib…
* * * * *
Söz düşmüşkən, Rusiya Təhlükəsizlik Şurası katibinin ziyarətindən cəmi bir neçə gün sonra – mayın 15-də ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovski Azərbaycan paytaxtına təşrif buyuracaq. Artıq məlundur ki, onun Bakıda ən yüksək səviyyədə keçirəcəyi görüşlərdə Bakı-Vaşinqton dialoqunun bərpası, həbsdəki qərbyönlü siyasi məhbusların – jurnalistlər, hüquq müdafiəçiləri və QHT-çilərin məsələsi ön planda olacaq.
Ehtimallara görə, Malinovskinin görüşləri ayın sonlarında gözlənilən əfv sərəncamına da əhəmiyyətli təsir göstərə, ümumən Bakı-Vaşinqton münasibətlərində bir ilıqlıq yarada bilər. Qərbyönlülərin buraxılması, üstəlik, bunun ardınca “Azadlıq” radiosunun Bakı ofisinin fəaliyyətinin bərpa edilməsi isə avtomatik olaraq Amerikaya ciddi reverans təsiri bağışlayardı. Dövlət katibi köməkçisinin rəsmi Bakını Riqa sammitinə ən yüksək səviyyədə qatılmağa təşviq edəcəyi də ehtimallar sırasındadır.
Heç şübhəsiz, Moskva da Malinovskinin ziyarətinin sonuclarının fərqindədir və onu diqqətlə izləyəcək. Paralel surətdə bu səfərdən sonra Azərbaycanda qərbyönlü sektorun daha rahat nəfəs almasından əsla məmnun qalmayacaq.
* * * * *
Bəs belə bir şey baş verəcəkmi? Söyləmək çətindir. Dəqiq olan odur ki, may ayının yerdə qalan hissəsi, ələlxüsus, qarşıdakı bir həftə hakimiyyət üçün kifayət qədər gərgin, kritik və əsəbi keçə bilər. Onu da qeyd edək ki, Avropa Birliyinin Riqa sammitində Azərbaycanın hansı səviyyədə təmsil olunacağı hələlik dəqiq bilinmir. Patruşevin, Malinovskinin Bakı səfərləri hakimiyyətin qərarlılığına təsir göstərəcəkmi? Yaxın bir həftədə biləcəyik.
Yeri gəlmişkən, bir sıra azərbaycanlı analitiklər Riqa sammitinə məhz prezident İlham Əliyevin qatılmasının tərəfdarıdırlar. Onların arqumentincə, bu, ilk növbədə Azərbaycanın müstəqil xarici siyasət yürütməsinin nümayişi olardı. İkinci tərəfdən, onlar hesab edirlər ki, Rusiyadan ifrat ehtiyatlılıq milli maraqlarımıza cavab vermir. Əksinə, Kremli bir qədər də şirnikləndirə bilər.
Sammitdə məhz Azərbaycan prezidentinin iştirakının tərəfdarı olanların bir arqumenti də bundan ibarətdir ki, Rusiya Avropa Birliyi assosiativ saziş imzalayan zəif Moldova və Gürcüstana nə edə bilib ki, onlardan qat-qat güclü, energetik müstəqilliyi olan Azərbaycana nəsə eləsin?
Bu suallar hələlik açıq qalır. Dəqiq olan həm də odur ki, Azərbaycan və region uğrunda ABŞ-Rusiya rəqabəti yavaş-yavaş növbəti fazaya keçməkdədir(musavat.com).