Brexit geridə qaldı. Avropa İttifaqı ilə Böyük Britaniya ayrıldılar. Sonra nə olacaq? Aİ-Britaniya münasibətləri necə qurulacaq?
Brüssel ilə London uzun sürən “boşanma” prosesinin finalından bir gün əvvəl gələcək əməkdaşlığı dəstəkləyəcəklərini bəyan etdilər. Bu, bir növ “həyat yoldaşları ayrılandan sonra dost qalacaqlarını” bəyan etmələri kimi səslənsə də, verilən vəddə qeyri-müəyyənlik elementi hər halda qalıb. Tərəflər Aİ içində “ailə həyatı”nın əsas üstünlüyünü – azad ticarət etmək, gəlib-getmək, sərmayə yatırmaq üstünlüyünü həqiqətən də itirmək istəmirlər. Amma indi bunun üçün müxtəlif şərtlər irəli sürürlər. Bu da başa düşüləndir. Əks təqdirdə, əgər hadisələrə bu cür müxtəlif baxışlar olmasaydı, yəqin ki, ayrılmazdılar.
Məsələn, Böyük Britaniya Aİ-nin şərtlərini qəbul edir, lakin qismən. Bu isə aydın səbəblərdən Brüsseli qane etmir. Brexit kimi məyusedici prosesi başa çatdırmalı olan Avropa Komissiyasının sədri, AFR-in sabiq müdafiə naziri Ursula fon der Lyayen birtərəfli güzəştləri istisna edib. O, bu yaxınlarda jurnalistlər qarşısında çıxış edərək bildirib ki, Aİ belə ticarət modelini, özü də vahid bazardan məhdudiyyətsiz istifadəni əvvəllər heç vaxt heç bir dövlətə təklif etməyib.
Əlbəttə, Brüssel bunun müqabilində dürüst rəqabət, kontinental istehlakçıların sosial və ekoloji standartlarının müdafiəsi kimi müəyyən zəmanətlər tələb edir. Ursula fon der Lyayen bunu “hamar oyun meydanı” adlandırır və israr edir ki, oyunçular üçün şərtlər bir bərabərdə olsun.
Birləşmiş Krallıq Avropa İttifaqı ilə davam etdirmək istədiyi əlaqələrin istiqamətlərini yarım il ərzində müəyyən etmək istərdi. Avropa Komissiyası britaniyalılarla sövdələşmənin bunun üçün nəzərdə tutulan vaxta qədər, yəni bu ilin sonunadək başa çatdırılacağına şübhə ilə yanaşır. Bu şübhə Aİ-nin daha əvvəl Kanada ilə olan təcrübəsindən irəli gəlir. Xatırladaq ki, Brüssel ilə Ottava arasında ticarət danışıqları düz yeddi il davam etmişdi.
Bəs Britaniya Aİ-dən ayrılandan sonra “ailə büdcəsinin” formalaşmasında iştirakını davam etdirməyə hazırdırmı?(azərtac)