XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2015 - 14:48

Rusiya bizə düşməndirmi?-Təhlil

Bünyamin Qəmbərli

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Azərbaycan dövləti üçün ən təhlükəli düşmən Rusiyadır. Məncə, bu fikirdə qismən həqiqət payı var. çünki çağdaş Rusiya dövləti hələ də öz sələfi olan çar Rusiyasının imperialist və hegemonluq maraqlarından tamamilə imtina edə bilməyib. O dövrdən çox uzun sürə keçməsinə, bu sürədə dünyanın inzibati-siyasi xəritəsində, iqtisadi, siyasi inkişafında, idarəetmə sistemlərində, ən nəhayət, insanların elm və təhsil səviyyəsində, dünyagörüşündə böyük dəyişikliklər olmasına, eyni zamanda, keçən əsrdə elə Rusiyanın özündə elmdə, iqtisadiyatda və siyasətdə ciddi inqilablar baş verməsinə baxmayaraq, Rusiya hələ də çar monarxiyasının düşüncə və idarəetmə sistemlərindən köklü şəkildə qurtula bilməyib. Bu gün böyük dövlətlərin klassik müstəmləkəçilik formalarından imtina edərək, yeni müstəmləkəçilik formalarına yiyələnib həyata keçirməsi, ərazi işğallarının iqtisadi, siyasi, ideoloji və idarəetmə işğalları ilə əvəzlənməsi belə, Rusiyanın siyasət və idarəetmə düşüncəsinə tam hakim kəsilməyib. Elə bunun nəticəsidir ki, Rusiya iqtisadi, siyasi, ideoloji və idarəetmə baxımından nəinki rəqiblərindən, hətta keçmişdə müstəmləkəsi olan dövlətlərdən belə, geri qalır. Bu səbəbdən, Rusiya bu dövlətlərlə hər zaman və hər platformada çağdaş inkişafın tələb etdiyi dildə danışa bilmir, çox zaman rəqiblərinin onunçün hazırladığı təxribatlara uyaraq, zor müstəvisində danışmağı özü üçün üstünlük və çıxış yolu görür.

Bir haşiyə: həbsxana şəraitində bəzi məhbuslar sındırmaq istədikləri məhbusa cavabı hər iki variantda uduzmaqla nəticələnən belə süal ünvanlayırlar: “Ağıl üstündü, ya güc?”. Tutaq ki, “Güc” deyən məhbusa verilən ikinci sual belə olur: “Sənə ağılla bir şey eləsəm (təbii ki, orda elənəcək şey çox açıq və sərt şəkildə deyilir-B.Q.), güclə qarşısını ala bilərsənmi (yaxud da əksinə)?”. Burda məhbusun bircə yolu qalır: rəqibə hücum etmək və ən azı, ona xəsarət yetirmək. Bu isə həmin məhbus üçün yeni əzabların və faciələrin başlanması deməkdir…

İndi Rusiya da “sındırılacaq məhbus”un gününə düşüb: nə ona qarşı ağılla edilənə iqtisadi geriliyinin və zəifliyinin hesabına güclə cavab verə bilir, nə də güclə edilənə siyasi sisteminin və idarəetməsinin zəifliyi ucbatından ağılla cavab verəməyə imkanı var.

Bəli, keçmiş sovet respublikalarını utanmazcasına öz ərazisi sayan Rusiya bizim üçün çox təhlükəli düşməndi. İqtisadi baxımdan bizdən çox güclüdü, hərbi cəhətdən üstünlüyünü isə heç müqayisəyə gətirmək belə, doğru olmaz. Rusiya istənilən vaxt Azərbaycanı daxildən qarışdıra biləcək imkanlara sahibdir: məsələn, istənilən vaxt burdakı azsaylı xalqlardan istifadə edib Azərbaycanda süni çaxnaşmalar törədər, yaxud burda yaşayan rusların hüquqlarının pozulduğunu bəhanə edib müəyyən addımlar ata bilər; ya da Rusiyada yaşayan bütün azərbaycanlıları ölkədən çıxarmaqla Rusiya xüsusi xidmət orqanlarına cəlb etdiyi yurddaşlarımızla vətənimizdə gərginlik yaradar, yaxud da “Azərbaycandan Rusiyaya təhlükə var” bəhanəsi ilə sərt hərəkətlər edər. Necə deyərlər, qurd üçün quzunu yeməyə həmişə bəhanə var… Heç hər hansı bəhanəyə də ehtiyac qalmaz: öz forpostu Ermənistana hər cür yardım edərək, Azərbaycana hücumu gerçəkləşdirər və Kırımı olduğu kimi, bizi də açıq və abırsızcasına işğal edər (hərçənd ki, bu, artıq Rusiyanın dövlət kimi mövcudluğunu sual altına qoyar).

Bütün bunlar nəzəri cəhətdən mümkündü (Niyə nəzəri cəhətdən? çünki artıq Azərbaycan dövlətinin təhlükəsizliyini qoruyacaq milli kadrlardan formalaşmış xüsusi xidmət orqanları, sərhəd qoşunları, ordu, siyasi, iqtisadi və idarəetmə sistemi formalaşıb).

Ancaq Rusiyanın ölkəmizə ehtimal olunan bu mümkün müdaxiləsi həm də onun özünün birdəfəlik çöküşünə gətirib çıxara bilər. Əvvəla, ona görə ki, Rusiya son dövrlərdə özü yaratdığı problemlərin məngənəsindən çıxa bilmir – daxildəki sorunları çözməsi gərəkdiyi bir vaxtda, yeni bir cəbhə açmaq Rusiya üçün intihar deməkdir.

Digər tərəfdən, çağdaş Rusiyada bu hərəkətlərinin yanlışlığını, Rusiyanın özünə verəcək zərərlərin qarşısını alamağa çalışan kifayət qədər qüvvələr yetişib artıq.

Başqa – daha mühüm amilsə, Qərbin Rusiyanın qabağına atdığı “zəhərli Ukrayna yemi”dir. Rusiya bu yemi yesə də zərər görəcək, yeməsə də. Yesə – indikindən də artıq şəkildə iqtisadi sanksiyalar və siyasi təcridlə üzləşəcək, daxildəki narazılıqlar artacaq, günü-gündən gücdən düşəcək; Yeməsə – bütün maraqlarına təcavüz olunacaq…

Indi – Rusiyanın birinci ziyandan qurtarmamış ikinci zəhərli yemə tamah salması Rusiyanın təkcə zərərini artırmaz, həm də onu məhvə aparar. Bu, iqtisadi cəhətdən rəqiblərindən çox zəif olan Rusiyanı birdəfəlik çökdürər.

Hələ başqa bir təzyiq amilini – bölgələrdə hərbi gərginliyi artırmaqla, Rusiyanın daxilindəki subyektlərdə mərkəzdənqaçma meyllərini və separatizmi gücləndirmək taktikasının tətbiqini bir kənara qoyuruq (çeçenistan odunun közü hələ külə dönməyib)…

Mövcud tarixi təcrübə də Rusiyanın işğalçılıq siyasətinin sonunun onun zərərinə işlədiyi qənaətini yaradır. Məsələn, Rusiya vətənimizin bir hissəsini iki yüz ilə yaxın işğalda saxlasa da, istədiyi sonucu əldə edə bilmədi. Rusiya bizim tariximizi kitablarda saxtalaşdırsa da, bizi assimilyasiya edə, özünə bağlaya bilmədi. Rusiya bizə mədəniyyət gətirdiyini iddia etdi, ancaq tariximizin də, mədəniyyətimizin də Rusiyanın tarixindən və mədəniyyətindən çox qədim və böyük olması qarşısında gülünc vəziyyətdə qaldı. Rusiya bizim genetik kodlarımızın dəyişdirilməsi üçün repressiyalar və digər ağır əməliyyatlar apardı, ancaq millətimizin böyük tarixi və mədəniyyəti, eyni zamanda türk kimliyi daşıyan dərin genetik yaddaşı onun istəyinə çatmasına imkan vermədi. Rusiya özünü bizə “böyük qardaş” kimi sırımağa çalışdı, amma son anda anladı ki, bizim hər hansı böyük qardaşa ehtiyacımız yoxdu və bizim çoxlu – Anadolu, Qazax, Qırğız, özbək, Tatar, Başqurd və saymadığımız daha neçə türk elləri timsalında qardaşlarımız var. Düşünürəm ki, Rusiya bu gün də bir çox türk ellərini işğalda saxlamağın doğuracağı sonucları düşünməmiş deyil…

Sözsüz ki, bütün bunlara baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, Rusiya öz məqsədlərinə çatmaq üçün müəyyən cəhdlər edəcək. Ancaq şimal qonşumuzun bu cəhdləri, şübhə yoxdur ki, dövlətimizin apardığı müstəqil siyasət nəticəsində uğursuzluqla sonlanacaq.

Digər tərəfdən onu da vurğulamalıyıq ki, bizim müstəqil dövlət olmağımız (hərçənd ki, burda da Rusiya bizim güclü deyil, zəif, ondan asılı olan, ən azından bir çox məsələlərdə onun maraqlarına uyğun hərəkət edən bir dövlət olmamızı istər) Rusiya üçün heç bir təhlükə yaratmır, əksinə – müstəqil dövlət kimi bizim Rusiya ilə dostluğumuz və mehriban münasibətimiz bir çox hallarda, xüsusilə də sanksiyalar və siy
asi təcridlərlə üzləşdiyi indiki çağda, Rusiyanın işinə çox yarayır.

Bütün dediklərimizin yekunu olaraq, deyə bilərik ki, Rusiya bizimçün düşməndi. Ancaq bizi çıxılmaz vəziyyətə salacaq və yaxud da millətimizin və dövlətimizin daha böyük faciələrlə üzləşməsinə səbəb olacaq dərəcədə təhlükəli və ya həlledici düşmən deyil…

Bünyamin Qəmbərli