XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2015 - 08:27

“The Guardian”: “Ruslar üçün soyuq müharibə artıq başlanıb” – Təhlil

“Rejim imperiyanın yenidən dirçəldilməsi ideyasına mübtəladır”

Qərb-Rusiya qarşıdurmasını izləyərkən yazarların (istər jurnalistlərin, istərsə də analitiklərin) indiyədək diqqət yetirmədiyi olduqca sadə bir çaların şahidi oluruq: Rusiya dövləti və rus cəmiyyəti Polşadan tutmuş Kanadaya qədər Qərb toplumunu psixoloji baxımdan artıq məğlub edib. Səbəb isə lap üzdədir: etnos kimi yetkinlik dövrünü yaşayan Rusiya sadəcə əzələ oynatmaqla, yəni “nüvə zərbəsi endirərəm” xoxu ilə qocalmış Avropanın gözünün odunu alıb. Prezident Obamadan başlamış bu yazının əsas personajı (və duruma son dərəcə rasional şəkildə yanaşmağı bacaran) Süzan Riçardsa qədər ümumən Qərb insanı Rusiyadan xoflanır ki, nüvə təhlükəsi qaçılmaz ola bilər.

Amma ruslar buna … başlamaz!

çünki:

1.çernobıl faciəsindən sonra məlum oldu ki, ilk zərbə anında nüvə partlayışının hədəfi konkret olsa da, az sonra yayğın hədəflər ortalığa çıxır. Yəni nüvə zəhəri təbii amillərin təsiri ilə proqnozlaşdırılması mümkünsüz istiqamətlərə yayılmağa başlayır. (çernobılın nüvə “toz”unun külək vasitəsilə Skandinaviyadan Rusiyanın güneyinə qədər səpələnməsini yada salaq.)

2.Qərbi Rusiyanın (yəni Ural dağlarından qərbə sarı ərazinin) iqlimi iki amilin – güney cərəyanları və Qərbi Avropadan keçən Atlantik axınlarının təsiri ilə müəyyənləşir. Bu mənada Qərbə atılmış nüvə bombasının qarşısıalınmaz öldürücü təsirlərinin bumeranq kimi Rusiyanın da üzərinə qayıdacağı şəksizdir.

3.Qərbi məhv edəsi Rusiya iqtisadi baxımdan özünü böyük mübadilə qaynağından məhrum edər. çünki hazırda çinə üz tutan ruslar ora əsasən (70%) xammal ixrac edirlər. Yəni Qərbə buynuz çıxardan Rusiya, rus ekspertləri demişkən, faktiki olaraq, çinin “kiçik qardaş”ına çevrilib.

Bu sadalamaları artırmaq da olardı. Lakin daha mühüm bir məqamı vurğulamaq istərdik: bütün tarixboyu işğalla məşğul olan xalqlar və dövlətlər (hər iki tərəfdən tökülən qanlara və dəhşətli faciələrə rəğmən) yalnız bircə şeyin axtarışında olub: İŞIĞIN!

Hindistanı tutmuş ingilislər, Avropanı zəbt etmiş fransızlar, I və II dünya savaşlarını törətmiş almanlar, bu gün 30 milyon türkü əsarətdə saxlayan farslar və yaxud Osmanlı imperiyasını qurmuş Anadolu türkləri, Uzaq Şərqdən halaylanıb Şərqi Avropaya qədər həmlələr dalğasında gələn monqollar məhz özlərində olmayan İŞIQ axtarışında olublar. Bu mənada işğal həvəsinə düşən xalqlar zavallı xalqlardır və böyük mənada mərhəmətə layiqdir.

Bəs ruslar hansı İŞIĞı axtarır? 70 illik bərabərlik və eyniyyət zehniyyətinin kor etdiyi bu zavalı xalq öz şüurunun yuyulması və gün işığına çıxması üçün qaynaq axtarır və belə hesab edirdi ki, bu gücü ona Qərb verə bilər. Qərb isə…

Qərb, sadəcə, rus təbliğatının basdığı kütləvi psixozun içində çabalayır.

Aşağıda təqdim edtdiyimiz yazı qocalmış Qərblə ayğırlıq dövrünü yaşayan Rusiyanın qarşılıqlı həsbi-halı baxımından olduqca ilgincdir…

Qərb yeni soyuq müharibədən danışır, rusiyalılar üçün isə o, artıq başlanıb.

“The Guardian”-dakı məqalənin müəllifi Süzan Riçards hesab edir ki, Rusiyanın siyasətinə görə təqsirin xeyli hissəsi Qərbin boynuna düşür və şərq qonşusuna qarşı siyasətini dəyişməsi lazımdır, çünki əks-təqdirdə “böyük münaqişə” baş verə bilər.

Jirnalist xanımın Rusiyanın dərinliklərinə səyahətdə böyük təcrübəsinə baxmayaraq, onun sözlərinə görə, Krımın ilhaqından sonra etdiyi ilk səfərdə gördükləri onu şoka saldı: “Mən hansısa dondurulmuş münaqişəyə, özgə əllə aparılası müharibəyə hazır olan ölkə ilə deyil, Qərblə əsil total savaşa hazır ölkə ilə üzləşdim… Bəli, bu cür qırım Kremlin il ərzində yürütdüyü informasiya savaşından törəyib. Lakin mən tez başa düşdüm ki, əhalinin əksəriyyəti “yalan demokratiya və azadlıq ideyaları” olan Qərb xüsusunda öz hökumətinin bədbin fikrini bölüşür”.

Müəllif mümkün ssenarini təsvir edir: “Rejim imperiyanın yenidən dirçəldilməsi ideyasına mübtəladır, buna görə də böyük münaqişə həqiqətən tamamilə mümkün görünür. Rusiya təyyarələri və sualtı qayıqları Avropa sahilləri boyunca dava-dava oynayır. Lakin təyyarə Baltika ölkələrinin hava sərhədini yarsa, NATO şərti silahla cavab verə bilər, bu isə öz növbəsndə Rusiya tərəfdən önləyici nüvə zərbəsinin endirilməsinə səbəb olar”.

Riçards sual edir: “Necə oldu ki, biz bu cəfəng və təhlükəli duruma yuvarlandıq? Soyuq müharibənin sonunda rusiyalılar elə bilirdilər ki, genişlənmiş Avropanın tərkib hissəsi olacaqlar. Əvəzində bizim zəfərçiliyimiz və cahilliyimiz Rusiyanın çoxdankı qorxusunu yemlədi. Ki onu təcrid edib qurbana çevirəcəklər”. Təqsirin Putində və onun kleptokratik (oğrular hakimiyyəti-red.) rejimində olması fikri Qərbdə geniş yayılıb. Bu təsəvvürlərə görə, neftin qiymətləri çökəndən sonra rejim həmləyə keçdi. O, xarici düşmənin üstünə atıldı və əla təbliğat kampaniyasını işə salaraq özünün iqtisadiyyatı müxtəlif yönlü etmədiyi məqamdan diqqəti yayındırdı. Hadisələrin bu versiyasına yalan deyə bilməzsən, lakin Qərbin qarmaqdan xeyli asanlıqla qurtulmasına imkan verir”.

Müəllif gileylənir: “Sovet rejiminin sonu çatanda Qərbdə bazar azadlığı ruhunda düşüncə dəbə mindi. Hakimiyyətdə vəzifə tutanlar həqiqətən də inanırdılar ki, insanlıq “tarixin sonu”nu yaşayır və birqütblü dünyada xarici siyasət istisnasız şəkildə bazar uğrunda mübarizədən ibarət olacaq. Amerika və Böyük Britaniyada keçmiş sovet bloku haqqında araşdırmalara dövlət dəstəyi azaldıldı. Səfirliklər diqqətini kommersiya imkanlarının mənimsənməsnə yönəltdi. İqtisadi böhran keçirən mətbuat da xarici müxbir ştatlarını azaltdı. Qərb sadəcə Rusiya və onun qonşuları barədə düşünməyi yadırğadı“.

Riçards güman edir: “Lakin, budur, müdafiə məsələsinə gəlincə isə özümüzü tarixin sonunu yaşayan tək aparmadıq. Soyuq müharibə dönəmində müdafiə üçün yaradılmış birliyi – NATO-nu buraxmaq əvəzinə onu ancaq antirusiya kimi qavranıla bilən alyansa çevirdik. Getdikcə lap şərqə doğru Rusiya sərhədlərinə tam yaxınlaşdırdıq. Rusiya bunun cavabında öz maraqları çevrəsinə təcavüz nümayiş etdirdi – əvvəlcə Gürcüstanda, sonra isə Krım və Ukraynada”.

Müəllif davam edir: “Qərb liderlərinin Ukrayna sərhədindəki hadisələrin fonunda Qələbənin 70 illiyi şərəfinə paradı boykot etmək qərarı, ola bilsin, məntiqə uyğun göründü. Lakin bu, rusiyalıların faşizm ideyasını
indiyədək nə qədər ağrı ilə qavradıqlarını anlamamaqdan xəbər verir… Rusiyalılar məndən soruşurlar ki, 200 min yəhudini öldürmüş kollaborasionçuların (II Dünya savaşında faşistlərlə öz vətənlərində əməkdaşlıq edən xainlər-red.) Litvada yürüş keçirtməsinə necə icazə verə bilirlər? Onlar soruşurlar: Qərb öz rus təbəələrinin radikal diskriminasiyası siyasətini yürüdən Estoniya və Latviya kimi “etnokratik” dövlətləri AB və NATO-ya necə qəbul edə bilər?”

Riçards qeyd edir: “Böhrana baxmayaraq, prezident Putinə dəstək bütpərəstliyə çalan bir hala yetişib… Qərb sanksiyalarının müddətinin uzadılmsı yalnız onun populyarlığını şiddətləndirir. çünki Putin indiki böhranın ancaq simptomudur”.

Jurnalist yazır: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu avtomobillə Kremlin Spassk qülləsinin altından keçərkən xaç çevirdi… Şoyqu buddaçıdır, lakin bunun məsələyə dəxli yoxdur. Hərbi nazir öz qoşunlarının başında durmaqla qədim ənənəni dirçəltdi: Rusiya generalları döyüşə girməzdən öncə belə edirdilər”.

Riçards sonda məsləhət görür: “Yenidən Rusiyaya ciddi şəkildə yanaşmağımız, onu qısnamaq deyil, öz mədəniyyətimizə daxil etməyimiz gərəkdir. Karl Marks xəbərdarlıq edirdi ki, tarix iki dəfə təkrar olunur – əvvəlcə faciə, sonra məzhəkə kimi. Lakin indiki qəliz durumda gülməli heç nə yoxdur. Nə qədər ki gec deyil, I Dünya Savaşının ibrətlərini yada salmaq və buna son dərəcə diqqətlə yanaşmağımız lazımdır”.

Fərzuq Seyidbəyli