XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 20:06

FARS KÖRFƏZİNDƏ GƏRGİNLİK ARTIR:Türkiyə küncə sıxışdırılan İrana yenə yardım əlini uzadacaqmı? - TƏHLİL

Çetiner Çetin

“Haberturk.com”, 04 may 2020-ci il

 

İranın hərbi kəşfiyyat qüvvələrinin komandiri Qasım Süleymaninin ABŞ tərəfindən sui-qəsd nəticəsində öldürülməsi İraqı iki güclü rəqib arasında münaqişə zonasına çevirdiyi bir vaxtda, bu mübarizə indi Fars körfəzində davam edir.

Dünya pandemiya böhranı ilə mübarizə apararkən, ABŞ və İran açıq-aşkar odla oynamağa qərar veriblər. Ancaq bu dəfə Türkiyə İranı qorumaq üçün diplomatik müdaxilələrə qoşulmamalıdır. Xüsusilə son 30 ildə Türkiyənin çəkdiyi regional əziyyətləri göz önünə gətirsək…

İran, tarixində ilk dəfədir ki, bu qədər küncə sıxışdırılıb. Bu, elan edilməmiş soyuq müharibədir. Görünən budur ki, gərginlik növbəti mərhələyə keçir və yavaş-yavaş idarədən çıxır.

Bir neçə gün öncə İranın sürətli hərbi qayıqları Fars körfəzində ABŞ-ın hərbi gəmilərini təhlükəli formada təqib etdi. Daha sonra İran İnqilab Keşikçiləri Korpusu İranın ilk hərbi peykini kosmosa buraxdı. Bundan sonra isə İnqilab Keşikçilərinin səlahiyyətli nümayəndələri sadəcə bir gün sonra ABŞ Dəniz Qüvvələrini təhdid etdi. Yəni, dünya böhranla mübarizə apardığı bu zamanda, İran arı yeşiyinə çomaq soxmaqla məşğuldur.

Tehranın siyasi-hərbi güc nümayişləri ABŞ Prezidenti Donald Trampı “ən ağır təzyiq siyasəti”ndən çəkindirmək məqsədiylə keçirilir. Ancaq belə bir vəziyyətdə Tramp Dəniz Qüvvələrinə həmin İran qayıqlarını vurmağı əmr etmişdi. Bu, klassik Tramp davranışıdır.

İran İnqilab Keşikçiləri tərəfindən İranın ilk hərbi peyki kosmosa göndərildikdən sonra İsraildə çaxnaşma abu-havası hökm sürür. Vaşinqtondakı İran əleyhdarları Tehranın qitələrarası ballistik raketlərə sahib olduğunu iddia edirlər. Güman edirəm ki, onlar bu iddiada heç də haqsız deyillər.

Ancaq İranın uzaqmənzilli silahları təkcə ABŞ və müttəfiqlərini deyil, eynilə bizi də narahat etməlidir. Çünki Türkiyə də bir NATO üzvüdür və ərazilərində bu təşkilatın hərbi bazası yerləşir. Nəzərinizə çatdırım ki, NATO-nun hərbi sazişlərində istifadə olunan bazalar və hərbi fəaliyyətlərinin olduğu bölgələr İranın hədəfi olan prioritet nöqtələrdir.

ABŞ və İranda daxili siyasi motivlər böyük rol oynayır. İran 1979-cu il İslam inqilabından sonra güclü təzyiqlərə məruz qalıb. Bu təzyiqlər son 7 il içində daha da sərtləşdirilib. Çünki ABŞ-ın sanksiyaları və neftin qiymətinin düşməsi vəziyyəti daha da çətinləşdirdi.  Ölkədaxilində ciddi ictimai təzyiq var.

Obamanın İran siyasətini ayaqları altına alan Tramp indi prezident seçkilərinə hazırlaşır. ABŞ xalqı hər hansısa həyəcana hazır deyil, ancaq nəticədə Trampın nə edəcəyi də bəlli deyil. Əlavə olaraq, rəsmi dövlət orqanları da koronavirusla mübarizədə gec hərəkət etməkdə təqsirləndirilir. Təbii ki, Trampın “kəsdiyi ağaçların” da sayı az deyil.  İndi o, güclü təzyiqlərlə üzləşib. Buna işsizlik rəqəmlərinin artmasını da əlavə edə bilərik.

İraq, Suriya, LiviyaYəməndə 2003-cü ildən bəri açıq şəkildə kəşfiyyat fəaliyyətləri həyata keçirən və bu bölgələrdə bütün fəaliyyətlərinə göz yumulan Qasım Süleymaninin noyabr ayında sui-qəsd nəticəsində öldürülməsi Vaşinqton-Tehran münasibətlərini daha da gərginləşdirdi.

Xatırlayırıqsa, həmin zaman İran öz qisasını almaq üçün ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirmişdi. İndi də İnqilab Keşikçilərinin korpus komandiri Hüseyn Salami İran Hərbi Dəniz Qüvvələrinin təhlükə ilə üzləşəcəyi təqdirdə, ABŞ hərbi gəmilərini batırmaq əmrini aldıqlarını bəyan edir. Beləliklə, İran, Trampa sərt fikirlərini dəyişməzsə, onu necə bir aqibətin gözlədiyini çatdırmaq istəyir.

Hər iki tərəf də tez-tez qılınclarını qınlarından çıxarmaq istəsələr də, əslində, görünən budur ki, tərəflər müharibə seçimindən yan keçir. Tramp bir açıqlamasında ABŞ hərbi gəmilərinin İranın sürətli hərbi qayıqları ilə üz-üzə gələcəyi təqdirdə, baş verəcək silahlı qarşıdurmanı əngəlləmək niyyətlərinin olduğunu bildirib. Ancaq Vaşinqtonu narahat edən əsas amil hərbi peyki kosmosa daşıyan “Qasid” adlı daşıyıcı sistemdir. Çünki bu sistem, həqiqətən, İranın ballistik raketlərə sahib ola biləcəyini göstərir.

İndi ABŞ-da İrana qarşı təzyiqlərin artırılması barədə səslər yüksəlir. Ancaq indiki vəziyyətdə Ankara daha diqqətli davranmalıdır və İranın daha da küncə sıxışmasını gözləməlidir. Biz hər dəfə İranın tərəfində olduğumuz zaman gördük ki, rəsmi Tehran bizi oyundan çıxararaq, bu yolda tək irəliləmək niyyətindədir.

Terror təşkilatı PKK-nın Suriya bölgəsində aktivləşməsi ABŞ-ın sonradan daxil olduğu bir oyun idi. Ancaq Qasım Süleymani, yəni, İran bu oyunun əsas ixtiraçısı idi. Belə ki, PKK-nı Sincara aparan ağıl da elə fars ağlı idi. Afrində silahlı qüvvələrimizə hücumlar təşkil edən qruplaşmalar da İran tərəfindən dəstəklənirdi. İdlibdə atəşkəsi pozan da bunlar idi. Bununla yanaşı, Tehranda diplomatiya masasında bir başa canlı yayım edərək, atəşkəs məhrəmiyyətini ortadan qaldıran da İran oldu.

İndi İran özü qapımızı döyməmiş, biz əlimizi uzatmamalıyıq.

Tərcümə Strateq.az-ındır