XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2016 - 23:23

Çözülməyən Türkiyə-Rusiya gərginliyi:barış hər an savaşa çevrilə bilər

erd-putin-1

Hakan Aksay

"T24" (Türkiyə)

 

“Mən hörmətli Putinə dedim: “Bizi Şanxay beşliyinə götürün və AB ilə vidalaşacağıq”. Şanxay beşliyi çox yaxşı və xeyli güclüdür”. (24 iyul 2012. 24 TV. Oxşar bəyanatlar bir neçə il dəfələrlə təkrar olunub).

“Əziz dostum Putinə xüsusən minnətdaram”. (23 sentyabr 2015-ci il, Moskvada məscid açılışı)

“Əziz dost, faciəvi qəza haqda eşidəndə dərin kədər hiss etdim”. (31 oktyabr 2015-ci il, Rusiya təyyarəsinin Sinay yarımadasında məhv edilməsilə bağlı başsağlığı)…

Sezdiyiniz kimi, bu sözlərin müəllifi Ərdoğandır. Bütün bu “hörmətli” və “əziz dostlar” keçmişə qərq oldu, dostluq xeyli uzaqda qaldı.

“Xeyli uzaqda nə deməkdir? – Siz soruşacaqsınız. – Noyabrın 24-dən cəmi üç ayyarım keçib”.

Bəli, lakin, Aytmatovun dediyi kimi, bəzən “gün əsrdən çox çəkir”.

İnanılmazcasına uzun 24 noyabr günü özünəməxsus dönüş məqamı oldu. Biz keçən əsrin 40, 90-cı illərində Moskva ilə gərgin anlar yaşasaq da, əlimiz heç vaxt silaha uzanmayıb…

Ancaq noyabarın 24-də “əl” silaha uzandı… Və atəş açdı… (Niyə? Bu necə ola bilərdi? Məqsəd nə idi? Kim təhrik etdi? Bu suallara indiyədək cavab yoxdur.)

O vaxtdan silahların çoxalması baş verir, hazırda minlərlə əl silaha uzanmağa hazırdır.

“Əziz dostlar” – Putin və Ərdoğan bir-biri ilə savaşa hazırlaşır. Sizlərdən kimsə hədsiz nikbinliyin və yaxud laqeydliyin sakitləşdirici təsiri ilə mıənim tezisimi lağa qoya bilər: “Qoy əsib-coşsunlar, bir az da qışqırsınlar, tezliklə hamısı sovuşacaq və yaddan çıxacaq…”

Belələrinin xoşbəxtliyini pozmayacağıq. Lakin, gəlin, başqa oxucular üçün durumun ciddiliyini xüsusi vurğulayaq.

Birdən “qatı düşmən” olmaq… Mən iki ölkənin qəzetlərini, internet saytlarını, televiziyalarını diqqətlə izləyirəm. Bir şeyi dəqiq deyə bilərəm. İndi Rusiyanın başlıca düşməni Türkiyədir. Rusiya da Türkiyə üçün bu cür olub. Rusiyada keçirilmiş bir sorğu göstərdi ki, mətbu KİV və internetdə Türkiyə Ukrayna və ABŞ-ı arxada qoyub “bir nömrəli düşmən ölkə” olub. Türkiyədə də bildirdilər ki, əhalinin 64,7%-i “Rusiyanın Türkiyə üçün təhlükə təşkil etdiyini” düşünür (Bu göstərici 2014-cü ildə 28,2%-ə bərabər idi).

İki ölkənin jurnalist və siyasətçiləri sanki bir-biri ilə savaşa başlayıb. Prezident Putin və baş nazir Medvedyev son zamanlar Türkiyə haqda az danışırlar, lakin tənqid eləcə sərt olaraq qalmaqdadır. Prezident Ərdoğan onlarla müqayisədə bir qədər tez-tez açıqlama verir – bəzən “Qoy Rusiya bizim səbrimizi sınamasın” səviyyəsində…

Lakin ən “danışqan”, şübhəsiz ki, baş nazirimizdir. Hətta Rusiyanın dostu sayıldığımız dövrlərdə də “Moskvanı təcrid etmək lazımdır” kimi açıqlamalar verən Davudoğlu zaman-zaman Rusiyadan ABŞ, AB, İran və başqa ölkələrə şikayətlənir, bəzən isə onu hətta terrorizmdə ittiham edir.

Əlbəttə, hər iki ölkədən daha aşağı səviyyələrdə keçmiş Rusiya-Türkiyə müharibələrindən təəssüflənməyə yol verməyən xeyli “cəsurlar” var. Məsələn, rus millətçiliyinin ahıllaşmış nümayəndəsi Jirinovski “Türkiyəni bombalamaq”, “Aya-Sofiyanı almaq” kimi hədəflər müəyyən etməklə marağı qızışdırır.

Bizdə ən şən yeniliklərdən biri bugünlərddə “Əmr et, şam namazını Rusiyada qılaq” başlığı ilə dərc edilib. “Rahvan” mədəniyyət-idman klubunun üzvləri rus SZRK (səyyar zenit raket kompleksi-red.) şousuna reaksiya qismində bildirdilər: “Dövlət başçısı əmr etsə, yola çıxar və şam namazını Rusiyada qılarıq”.

Düşünürəm ki, ruslar son dərəcə qorxdular. Xüsusən də “dövlət başçısı”nın süvarilik sahəsində istedadı onlara məlumdursa…

İki dövlətin savaşı Suriyada mümkündür. Türkiyə ilə Rusiyanın dalaşmasının əsas səbəbi Suriya siyasətidir. Tezliklə beş ili tamamlanacaq Suriya müharibəsində son zamanlar çox şey dəyişilib. Əsəd hökumətini diplomatik cəhdlərlə çoxdan dəstəkləyən Kreml addım-addım ABŞ-ı öz xəttinə yaxın çəkməyə nail oldu. Moskvanın özü isə 2015-ci il sentyabrın 30-da hərbi-hava qüvvələri tətbiq etməklə Suriyada müharibəyə girişdi. Həm də olduqca fəal şəkildə (ola bilsin, orada çox qalarsa, nəsə baş verəcəyi qorxusundan). 

Əvvələr “Əsəd hökmən getməlidir” deyən ölkələrin geniş qrupu tədricən seyrəldi və bir neçə dövlət qaldı. Türkiyə hazırda bu qrupda hamıdan irəlidə durur. Hətta Səudiyyə Ərəbistanı və Qətər Rusiya ilə “əlaqədədir”. Moskva ancaq Ankara ilə təmasa girmir.

Hürküdücü durumdur.

“Hürküdücü” deyərkən, Rahvanın süvarilərindən fərqli olaraq, təkcə Rusiyanın Türkiyə ilə döyüşə girməyinə nisbətdə təşvişi nəzərdə tutmuram. Eyni zamanda Ərdoğanla Davudoğlunun başçılığı altındakı rəhbərliyin üç ayyarım ərzində Moskva ilə münasibətləri düzəltmək üçün heç bir ciddi səy göstərməməyinin qarşısında öz qorxumu ifadə etməyə cəhd edirəm. Deyəsən, rəhbərlik son zamanlar Suriya müharibəsinə girişməyin xüsusi həsrətini çəkir.

Ən azı, bu gün Suriyada atəşkəs rejimi qüvvədədir. Əlbəttə, bu, sülh demək deyil. Hamı güman edir ki, barışıq “nəfəs almağa” və müharibənin növbəti mərhələsinə hazırlaşmağa imkan verəcək. Bununla belə, hərbi əməliyyatların dayandırılması haqda qərar çox şey deməkdir. Atəşkəs rejimləri sülh yolunda mühüm mərhələ ola bilər. Deyəsən, barışıq haqda razılaşmanı hamı məmnunluqla qarşıladı. Rusiya (o, bu prosesə hamıdan artıq təsir etdi), ABŞ (ABŞ “barışığa əməl edilməyəcəyi halda B planı var” kimi müxtəlif oxunuşlar üçün açıqlamalar versə də, razılaşmanın iki əsas arxitektorundan biri oldu), rəsmi Dəməşq, onun tərəfində döyüşən İran“Hizbullah", Avropa ölkələri və (“bizimkilər”in böyük ümid bəslədiyi səudlar daxil olmaqla) bəzi başqa dövlətlər, Suriyanın bəzi müxalif qüvvələri…

Elan edilmiş barışığın aid olmadığı İŞİD və “Cəbhət ən-Nusra”dan başqa, demək olar, hamı məmnun görünür…

Narazılara Türkiyəni, daha dəqiqi, Ərdoğan-Davudoğlu rəhbərliyini əlavə etmək lazım gəlir… 

Ankarada barışıq haqda razılaşmaya münasibətdə “təqdir” kimi nə isə səslənsə də, bu, xeyli sayda “amma” ilə müşayiət olundu…

Prezident Ərdoğan kənd ağsaqqalları ilə görüşdə “Cəbhət ən-Nusra” niyə sizi qane etmir?” deməklə bütün dünyanı yerində oturtmağa cəhd edərək növbəti qalmaqala imza atdı.

Bundan başqa, bu cür tələb irəli sürdü: “Barışıq PYD və Xalq özünü müdafiə dəstələrinə şamil edilməməlidir”.

Baş nazir isə bildirdi: “Təhlükəsizliyimizə təhdid halında atəşkəs rejiminə əməl etməyəcəyik”.

Bu nə deməkdir?

Ankara işarə vurur ki, hətta bütün dünya barışığın altına imza atsa da, durumdan asılı olaraq müxtəlif cür hərəkət edə bilər. Ədalət və İnkişaf Partiyası hökuməti son beş ildə təqib etdiyi yanlış Suriya siyasətindən inadla əl çəkmir.