XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 14:27

Suriyada anlaşan supergüclər üçün yeni toqquşma məkanı:Ukrayna və Cənubi Qafqaz
ukrayna-8
 
 
ABŞ-ın tanınmış analitik mərkəzlərindən biri Ukrayna böhranı ilə bağlı təhlili-proqnostik məqalə hazırlayıb. Şərqi Avropanın böyük dövlətlərindən olan Ukrayna ətrafında aparılan geosiyasi oyunların indiki mərhələsindən bəhs edən həmin məqalədə problemin yaxın gələcəkdə həll edilə bilməyəcəyi tezisi irəli sürülür. Qərb ilə Rusiya arasında həmin ölkə uğrunda mübarizənin səngimədiyi, sadəcə, yeni nisbətdə davam etdiyi vurğulanır. İndi Moskva mövcud Ukrayna hökumətini zəiflətməyi, Vaşinqton isə Rusiyanın regional lider olmaq iddialarının qarşısını almağı düşünür. Bununla da savaş bitməyəcək. Tərəflər yeni mərhələdə hansı üsullardan istifadə etməli olacaqlarını müəyyənləşdirməyə çalışacaqlar. Ən pisi odur ki, həmin analitik mərkəz bu prosesin bir neçə onilliklər davam edəcəyini proqnozlaşdırır. Bu halda vəziyyətə daha geniş kontekstdə nəzər salmağa ehtiyac yaranır.
 

Üçtərəfli razılıq: sülhü yaxınlaşdırmayan format

 

Dünya birliyinin əsas diqqəti Suriya böhranına yönəldiyi mərhələdə Ukrayna bir qədər arxa planda görünürdü. Zaman-zaman Qərblə Rusiya arasında aparılan danışıqlarda bu ölkədə sülhə nail olunması məsələsi müzakirə edilsə də, konkret nəticə yox idi. Minskdə keçirilən üçtərəfli (ATƏT-Rusiya-Ukrayna) görüşlərdə bütövlükdə atəşkəsə əməl etmək və davamlı sülhə nail olmaqla bağlı razılığa gəlinsə də, reallıqda başqa mənzərə yaranmaqdadır.

Üstəlik, Suriya ilə bağlı son zamanlar Qərblə Rusiya arasındakı münasibətlərin daha da gərginləşməsi və bir sıra geosiyasi aspektlərdə tərəflər arasında fikir ayrılığının aradan qaldırılmaması Ukrayna böhranının da həll edilməsi perspektivlərinə bədbin yanaşmağa əsas verməkdədir. Xüsusilə Qərbin "beyin mərkəzləri"nin proqnozları kifayət qədər düşündürücü təsir bağışlayır.

ABŞ-ın "Stratfor" analitik mərkəzinin Ukrayna ilə bağlı apardığı son təhlillər bu kontekstdə maraqlı təəssürat yaradır. Əvvəlcədən demək istərdik ki, onun gəldiyi qənaətlər elə də ürəkaçan deyil. Ukrayna ətrafında geosiyasi mübarizənin hələ uzun müddət intensiv olaraq davam edəcəyi (mərkəz "onilliklər" kimi zamandan bəhs edir) və bu gedişatda qüvvələr nisbətinin dəyişəcəyi haqqında tezis irəli sürür (bax: Eugene Chausovsky. A Softer Iron Curtain Falls in Ukraine / "Stratfor.com", 23 fevral 2016).

Analizdə əsas arqument kimi problemin kökünün yüz illər əvvələ getdiyi vurğulanır. Ukrayna tarixən Avrasiya məkanında güclü olan geosiyasi qüvvələrin mübarizə meydanı olub. Bir zamanlar monqollar, sonra Moskva, növbəti mərhələdə isə Qərb-Rusiya (məsələn, Polşa da Ukraynadan ərazi qoparıb, Avstriya-Macarıstan imperiyasının iddiaları olub və s.) cütlüyü həmin ərazilərdə hökmranlıq edib. Tarixin növbəti mərhələsində isə Ukrayna uğrunda savaş daha kəskin xarakter alıb (bax: əvvəlki mənbəyə).

Bu cür ziddiyyətli və güzəştsiz mübarizə obyektinə çevrilən bir ölkə sovetlər dağılandan sonra yenidən nüfuz uğrunda savaş meydanına çevrildi. Bəlkə də bunların nəticəsi olaraq tarix "Maydan hərəkatı" adlanan terminin məhz Kiyevdə yaranmasına rəvac verdi. "Stratfor" bunun da ölkədə sabitliyi təmin etmək üçün yetərli olmadığını qeyd edir. V.Yanukoviçi Qərbin dəstəyi ilə hakimiyyətdən uzaqlaşdıran milliyyətçi-qərbçi qüvvələr də Ukraynanı "ağ günə" çıxara bilmirlər.

İndi həmin ölkədə Qərb-Rusiya qarşıdurması yeni məzmun çalarları kəsb etməkdədir. Konkret olaraq, Moskva itirdiyi mövqeləri geri qaytarmaq üçün növbəti planlarını reallaşdırmağa, Qərb isə əldə olanı saxlamağa çalışır.

 

Geosiyasi maraqlarda inadkarlıq: ədalət prinsipinin ağır dönəmi

 

Bu cür vəziyyət Ukraynanı daxili gərginlikdə saxlayır. Burada hansı tərəfin üstün olacağı bilinmir. "Stratfor"a görə, söhbət yalnız yeni mərhələdə qüvvələr nisbətinin necə dəyişəcəyini müəyyən etməkdən gedə bilər. Bu aspektdə təhlildə əsas məqam aşağıdakı kimi xarakterizə olunur: "Rusiyaya özünü təhlükəsiz hiss etmək və marağına uyğun hakimiyyət formalaşdırmaq üçün öz sərhədi yaxınlığında "bufer zona" saxlamaq lazımdır ki, Ukrayna məhz bu funksiyanı yerinə yetirməlidir. ABŞ və Avropaya isə Rusiyanın Avrasiyada lider dövlət olmasını əngəlləmək gərəkdir" (bax: əvvəlki mənbəyə). Bunlar geosiyasi güclərin ümumi imperativləridir və hər iki tərəf onu təmin etmək üçün savaşır.

Hazırda ABŞ Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırıb onun regionda liderliyi yolunda ciddi əngəllər törədirsə, Moskva revanş planlarını reallaşdırmağa çalışır. Qüvvələrin bu cür nisbəti isə faktiki olaraq böyük geosiyasi məkanda risk faktorunu artırır. Yalnız Ukrayna deyil, digər ölkələrin də həmin prosesin təsirinə məruz qalması ehtimalı mövcuddur.

Maraqlıdır ki, burada bir sıra Qərb ekspertləri Moskvanın fəallığından çox, Vaşinqton administrasiyasının passivliyini tənqid edirlər. Məsələn, Ç.Krauthammer "The Washington Post"da yazır ki, "Obama boş-boş işlərlə məşğul olur", "ukraynalılara hətta özünü müdafiə üçün silah vermir", Vladimir Putin isə "yenidən qayığı silkələyir", Ukrayna dövlətinin parçalanması və ona tabe olması üçün amansız kampaniya aparır, hərbi əməliyyatları aktivləşdirir" (bax: Charles Krauthammer. While Obama fiddles … / "Washingtonpost.com", 25 fevral 2016).

Bəzi ekspertlər isə məsələni daha geniş aspektdə qiymətləndirməyə çalışırlar. Onlar bütövlükdə B.Obamanın geosiyasi mübarizəni uduzduğunu və "İraq C.Buş üçün nə dərəcədə faciəvi sonluq idisə, Suriya da B.Obamanın "bədbəxt" mirasıdır" qiymətini verirlər (bax: Maajid Nawaz. How Obama Lost the Mideast to Putin / "Thedailybeast.com", 23 fevral 2016).

Bunlar Vaşinqtonun ünvanına ciddi ittihamdır və ona işarə edir ki, qlobal miqyasda geosiyasi mübarizənin qeyri-müəyyən məqamları kifayət qədərdir. Onun fonunda Ukrayna uğrunda aparılan mübarizənin də risklərlə dolu olması nəticəsini çıxarmaq olar. "Stratfor" üstüörtülü bu özəlliyi vurğulayır.

Eyni zamanda, indi Ukrayna məsələsində iki məqam problemin məzmununa yeni çalarlar qatır. Birincisi, Ukrayna müstəqillik əldə edəndən bu yana olan dövrdə ən çox qütbləşməyə məhz indiki mərhələdə məruz qalıb. İkincisi, Rusiya ilə Qərb öz geosiyasi maraqları uğrunda apardıqları mübarizədə strateji üstünlüyə nail olmaq cəhdlərində daha radikal addımlar atmağa başlayıblar (bax: Eugene Chausovsky. A Softer Iron Curtain Falls in Ukraine / "Stratfor.com", 23 fevral 2016).

Belə çıxır ki, Suriyada tərəflər müəyyən razılığa gələ bilsələr də, Ukrayna məsələsində Moskva qərbpərəst hökuməti zəiflətməyə, Vaşinqton isə rusiyayönlü siyasətçilərdən ibarət hakimiyyətin formalaşmasına imkan verməməyə çalışacaq. Hazırda Ukrayna bu iki əks tendensiyanın yaratdığı ziddiyyətli geosiyasi dinamikanın məngənəsindədir. Üstəlik, bu vəziyyət bütövlükdə Avrasiya məkanına mənfi təsir göstərir.

Həmin aspektdə Cənubi Qafqazda geosiyasi sabitliyin qorunub saxlanması yolunda ciddi risklərin meydana gələ bilməsi ehtimalını vurğulamaq gərəkdir. Burada, konkret olaraq, kənar qüvvələrin Ermənistandan öz məqsədləri üçün istifadə edəcəyi məsələsini nəzərə almaq lazım gəlir. İndi İrəvana əlavə silahlar verilir. Faktiki olaraq, böyük dövlətlər təcavüzkarın hərbi potensialının gücləndirilməsi istiqamətində addımlar atırlar. Ukraynada vəziyyətin daha da gərginləşməsi müşahidə edilirsə, Ermənistanın silahlandırılması da narahatlıq doğuran məqam kimi görünür.

Bütün bunlar onu təsdiqləyir ki, "Startfor" və başqa mənbələrin müasir mərhələdə geosiyasi proseslərlə əlaqədar ifadə etdikləri narahatlıqlar yalnız Yaxın Şərq və ya Ukrayna ilə məhdudlaşmır. Söhbət dünyanın hansısa konkret fraqmentindən getmir. Bütövlükdə geosiyasi vəziyyət risklərlə doludur. Suriya məsələsi başa çatmamış, Qərblə Rusiyanın Ukraynada daha kəskin qarşıdurmaya doğru getməsindən yazırlar.

Bir qədər sonra eyni tezisləri başqa region haqqında, məsələn, Cənubi Qafqaz barədə yazmayacaqlar ki? Bunun təminatı yoxdur. Superdövlətləri öz maraqlarından başqa heç nə maraqlandırmır. Elə bu səbəbdəndir ki, suriyalı körpələrin göz yaşlarına geosiyasi maraq və diplomatik maskalar prizmasından baxırlar. Eynilə Xocalı hadisələrinə olan münasibət kimi! Ancaq Tanrının da bir ədaləti var!

Newtimes.az