XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 14:00

BELARUSDA QAZANAN RUSİYA OLDU:Lukaşenko ilə kotlet bişirən qadının əhvalatı

Könül Şamilqızı, Anadolu Agentliyi

 

“O, dünənə qədər kotlet bişirir və uşaqlarını bəsləyirdi. Bəlkə kotletinin qoxusu da gözəl ola bilər, amma mən onunla nəyi müzakirə etməliyəm? ” 

Belarusun 26 illik prezidenti Aleksandr Lukaşenko 38 yaşlı rəqibi, evdar qadın Svetlana Tixanovskayanın seçkiqabağı təşviqat kampaniyasında debat tələbinə bu sərt ifadələrlə cavab vermişdi. Bundan əvvəl isə o, prezidentin “kişi” olmasının lazımlığını bildirmiş, “Tixanovskayanın vəziyyətindən peşman olduğunu” söyləyərək rəqibini təhqir etmiş və kiminsə gənc qadını aldatdığını bildirmişdi.

Ancaq Tixanovskayanın çox qısa seçki kampaniyası, seçki günü səs qutuları qarşısındakı növbələr və seçkidən sonra baş verənlər Belarusdakı vəziyyətin zarafat olmadığını ortaya qoydu.

“Borş qazan”ından siyasət ocağına

Bəli, Svetlana Tixanovskaya bu ilin əvvəlinə qədər iki uşağını bəsləmək üçün katlet hazırlayan, borş bişirən evdar qadın idi. Keçmiş peşəsi ingilis dili müəlliməliyi idi və işini tərcüməçi kimi tərk etməsindən 10 il keçirdi və bu statusdan narahat da deyildi. Həm də “əllərini xəmirdən ayırıb” siyasətə qoşulmaq düşüncəsi də yox idi. Həyat yoldaşı, 2019-cu ildə qurduğu və Youtube və Telegram sosial media platformalarında yayımlanan “Həyat üçün ölkə” proqramı ilə məşhurlaşan Sergey Tixanovski siyasətdə iştirak edib namizəd olmağı planlaşdırırdı. Sergey Tixanovski ötən ilin sonunda Minskdə Rusiya ilə inteqrasiyaya qarşı keçirilən nümayişləri canlı yayımlandığı üçün tutuldu, ona 15 günlük həbs cəzası verildi, ancaq bir müddət sonra sərbəst buraxıldı. Lakin bu hadisə Sergey Tixanovskinin reytinqində bir sıçrayış yaratdı, izləyicilərinin sayını daha da artırdı.

Mayın 6-da Tixanovski yenidən tutuldu. Səbəb kimi 15 günlük həbs qərarının icrası göstərildi. Ancaq bir müddət sonra yenidən sərbəst buraxıldı. Mayın 7-də Tixanovski YouTube-da xalqa müraciətində prezidentliyə namizəd olacağını elan etdi. Mayın 8-də Belarusda seçki tarixi 8 avqust 2020-ci il elan edildi.

Tixanovski namizədlik üçün müraciət etdi. Amma Mərkəzi Seçki Komissiyası sənədlərinin düzgün imzalanmaması səbəbindən onun müraciətini qeydə almadı. Elə həmin gündən etibarən Tixanovskinin həyat yoldaşı Svetlananın adı eşidilməyə başlandı. Mayın 15-də namizədlik üçün ərizələrin bitməsinə bir saat qalmış Svetlana Tixanovskayanın sənədləri seçki komissiyasına göndərildi.

Bu arada prezidentliyə namizəd olacağını bildirən daha iki şəxsin administrasiya tərəfindən “zərərsizləşdirilməsi” – Viktor Babarikonun oğlu ilə birlikdə tutulması, Valeriy Tsepkalonun həbs təhlükəsi ilə ölkəni tərk etməsi Tixanovskayanın müxalifət partiyalarının yeganə namizədi olaraq seçilməsini şərtləndirdi.

Lakin gənc qadın ilk zərbəsini siyasi həyatının 9-cu günü aldı. Qrodno şəhərində Tixanovskayanın namizədliyinin qəbul edilməsi üçün imzaların toplanması zamanı (Belarus seçki qanununa görə, namizədliyin təsdiqlənməsi üçün namizədlər müəyyən miqdarda imza toplamalıdır) seçki bürosuna rəhbərlik edən Sergey Tixanovski seçki bürosunun 10 üzvü ilə birlikdə yenidən tutuldu. Və bu dəfə həbs qısa olmadı.

Svetlana Tixanovskayanın seçki bürosunun nümayəndələrinə ölkə daxilində təzyiqlər başladı. Tixanovskaya təxribat səbəbiylə görüşlərini təxirə saldığını açıqladı. Lakin repressiyalar nəticə vermədi; gənc qadının namizədliyi üçün tələb olunan 100 min imza toplandı.

Bundan sonra Tixanovskaya uşaqları ilə təhdid olunduğunu və onları xaricə göndərərək kampaniyasını sürdürdüyünü söylədi. İyulun 14-də Svetlana Tixanovskaya artıq rəsmi olaraq prezidentliyə namizəd idi. İyulun 16-da seçkilərin 6 ay sonra təkrar keçirilməsi şərti ilə Bixariko və Tsepkalonun seçki məntəqələrindən də Tixanovovaya dəstək gəldi.

İyulun 30-da Tixanovskaya onu dəstəkləyən Babariko və Tsepkalonun seçki məntəqələri ilə birlikdə 1991-ci ildən bəri ölkədə ən böyük nümayiş keçirdi. Lakin seçkiyə iki gün qalmış son mitinq əngəlləndi. Seçkilərə bir gecə qalmış müavinlərindən ikisi həbs edildi və onunla birlikdə kampaniyanı aparan Veronika Tsepkalo ölkəni tərk etməli oldu.

Belarusun müstəqillik tarixindəki ən gərgin seçkidə səs qutusu qarşısında növbələr meydana gəldi. Seçki axşamı məntəqələr bağlananda müxalifət Tixanovskayanın, Mərkəzi Seçki Komissiyası isə Lukaşenkonun 80 faiz səslə qalib gəldiyini elan etdi. Bu açıqlama ilə ölkə daxilində, xüsusən də Minskdə etirazlar başladı. Lukaşenko rəhbərliyi nümayişçilərə qarşı zorakılıq üsullarına əl atdı. Ancaq bu, etirazları dayandırmaq üçün yetərli deyildi. Tixanovskaya və onun komandası “təxribat” səbəbiylə ilk gecədə etirazçıların qarşısına çıxmadı. Bir gün sonra Tixanovskayanın Mərkəzi Seçki Komissiyasında saxlanıldığı bildirildi, daha sonra onun sorağı Litvadan gəldi. Müxalifət namizədinin Litvaynada olduğu açıqlandı. Svetlana Tixanovskaya xalqa video-müraciətində dedi ki, uşaqları ilə təhdid edildiyi üçün ölkədən getməli olub.
 
Bəzi yerli şərhçilərin fikrincə, Svetlana həqiqətən şanslıdır. 1990-cı illərin sonlarında müxalifət namizədləri Viktor Gonçar ilə dostu Anatoli Krasovski və Yuri Zaharchenko yoxa çıxmışdı. 2010-cu il seçkilərindən sonra 7 prezidentliyə namizəd həbs edilmiş, həbsxanalar yüzlərlə Lukaşenko müxalifi ilə dolmuşdu.

Nizamlı və mütəşəkkil müxalifət yoxdur

Əslində, Belarusda seçki axşamına qədər baş verənlər əvvəlcədən proqnozlaşdırılırdı. Çünki Lukaşenkonun 1994-cü ildən bəri Kremlin qeyd-şərtsiz dəstəyi ilə qurduğu, müxalifəti, mətbuatı və vətəndaş cəmiyyəti olmayan siyasi sistemdən başqa nəticələr gözləmək çox sadəlövhlük olardı. Bəli, Lukaşenkonun getməsini istəyən insanlar Svetlana Tixanovskayaya böyük dəstək verdilər. Son illərdə Belarusda görünməmiş bir aktivlik var idi; Lukaşenkonun Rusiya ilə son iki ildə korlanmış münasibətlərindən irəli gələn “Moskva bu dəfə öz ayağıyla Belarusu tərk edəcək” nikbinliyi hakim idi. Bununla birlikdə iki dəyişməz amil bu nikbin gözləntiləri heçə endirirdi.

BirincisiBelarusda sistematik müxalifət, mümkün etiraz əməliyyatına rəhbərlik etmək üçün nizamlı və mütəşəkkil bir siyasi qüvvə yox idi. Buna görə də “kim olursa olsun, Lukaşenko olmasın” fikrinin hakim olduğu Belarusda Belarusda “Batka”dan özgə bir “kim”i tapmaq olduqca çətindir. Svetlana Tixanovskaya yaxşı bir fenomen sayıla bilərdi, ancaq 26 illik sistemlə qarşı-qarşıya dayanmaq üçün gücü və təcrübəsi yox idi.

İkincisi, Lukaşenkonun son illərdə Moskva ilə əlaqələrdə göstərdiyi şıltaqlığa və qeyri-sabit münasibətə, seçkidən əvvəl istifadə etdiyi Rusiya əleyhinə ritorikasına və “Vaqner” hekayəsinə baxmayaraq, Kreml hələ də Lukaşenkodan vaz keçməmişdi. Və ya belə deyək: Kremlin Belarusda xüsusi bir alternativi yox idi.
 
İndi unudulsa da, Lukaşenkonun Rusiyaya qarşı ittihamları ilk dəfə deyildi ki səsləndirilirdi və bu baxımdan nikbin ümidlər üçün tutarqa ola bilməzdi. “Batka” 2010-cu ildə keçirilən prezident seçkilərində də rəqiblərini Kremldən pul almaqda günahlandırdı və qəfildən 90-cı illərin anti-Qərb ritorikasını anti-Moskvaya çevirmişdi. Ancaq seçkilərdən dərhal sonra, Putin və Lukaşenko yenidən barışdılar və yollarına davam edərkən, saxlanılan müxaliflər qəfildən “Qərb gizli xidmətlərinin agentləri” oldular.

Bu seçki kampaniyasında Lukaşenko əvvəldən eyni ziqzağı davam etdirdi. Əslində, 2019-cu ilin əvvəlindən Rusiya-Belarus münasibətləri əvvəlkindən daha gərgin idi. Lukaşenko keçmiş sovet coğrafiyasında Putinin arzusu olan Gömrük İttifaqının tələblərini tam şəkildə yerinə yetirmək üçün “nə şiş yansın, nə də kabab” mövqeyini qorumaqda israrlı olsa da, Moskva “dərin inteqrasiya”nın həllini tələb edirdi. Ötən ilin dekabrında Lukaşenkonun Putinin tələblərini yerinə yetirməyə meylli olması barədə şayiələr Belarusda uzun müddətli etirazlara səbəb olmuşdu. Kremlin inteqrasiya planını müstəqilliyin itirilməsi kimi görən belaruslar hazırkı etirazların əsasını təşkil edən hərəkətlərə başladılar. Sosioloji araşdırmalara Belarusun Rusiyaya rəğbətini göstərən məlumatlar daxil edildi. Kreml inteqrasiya danışıqlarında göstərdiyi “qeyri-sabitliyə” görə Lukaşenkoya cəza verməyə başladı. 2020-ci ilin ilk aylarında Moskva Belarus üçün ciddi iqtisadi itkilərə səbəb olan “neft müharibəsi”nə başladı. Sonra yeni növ koronavirusun (Covid-19) yayılması və 9 May paradı səbəbiylə iki ölkə arasında gərginlik yaşandı.

Ancaq Lukaşenko ilk həftələrdə seçkidə Moskvanı günahlandırmaqdan çəkindi. Ancaq seçki kampaniyası başlamazdan əvvəl Lukaşenkoya rəqiblərini “Rusiyanın adamı” kimi təsvir etmək üçün kifayət qədər şərait var idi. Çünki əsas rəqibi hazırda həbsdə olan Viktor Babriko 20 ildir Gazrpom bankının başında idi və seçki kampaniyasının ilk günlərində Moskvanı tənqid etməkdən çəkinirdi. Ancaq o günlərdə və ondan sonrakı həftələrdə Lukaşenko Putin və Lavrovla danışıqlar aparmağa, müqavilələr imzalamağa, oğlu ilə Moskvada parada qatılmağa davam edirdi.

Lakin seçkilərdən bir qədər əvvəl “Batka” taktikasını dəyişdirdi və “Moskvanın əli haqqında danışmaq, ittiham etmək, hətta Rusiyanın “Belgazprombankı”nı “ələ keçirməyə” hazırlaşdı. Buna baxmayaraq, Moskvadan Lukaşenkoya yazdakı iqtisadi gərginlik qədər ciddi bir reaksiya da olmadı. Kreml Lukaşenkonun açıq-aşkar ittihamlarına özünəxas olmayan etina ilə cavab verməyi seçdi. Kreml Lukaşenkonun rəqibinə az maraq göstərməsə də, səslər elan olunduqdan sonra Putin “Batka” nı təbrik edən ilk lider oldu.

Və burda təəccüblü heç nə yox idi. Əvvəla, hər hansı problem yaransa da, Lukaşenko yenə də Putinin ən yaxın müttəfiqi və ideoloji tərəfdaşıdırKreml bilir ki, Belarusda Lukaşenkodan başqa kim hakimiyyətə gəlirsə gəlsin, Rusiya ilə münasibətlər indikindən yaxşı olmayacaq. Çünki o, Lukaşenko qədər hakimiyyətini Putinin, Rusiyanın dəstəyinə borclu hiss etməyəcək. Xalq səsverməsi ilə hakimiyyətə gələcəyi üçün öz üzərində cəmiyyətin təzyiqini hiss edəcək və tam olaraq “Rusiyanın adamı” ola bilməyəcək (Gürcüstandakı İvanişvilinin nümunəsi kimi). Qərblə münasibətləri düzəltməli olacaq. Buna görə bütün “qeyri-sabitliklərinə” baxmayaraq, Lukaşenko Moskva üçün yeganə seçim idi.

Ancaq əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə güclü Lukaşenko üçün deyil, zəifləmiş, təcrid olunmuş və ciddi şəkildə zərər görən Lukaşenko administrasiyası Kreml üçün də lazım idi və öz istədiklərini əldə etdi. Seçkidən sonra Lukaşenkonun dərhal zorakılığa əl atması Kremlin proqnozlaşdırdığı və üstünlük verdiyi bir ssenari idi. Çünki başda Polşa-Litva-Ukrayna üçlüyü başda olmaqla bütün Qərb – qonşu ölkələrdən ABŞ-a qədər hər kəs Lukaşenkoya qarşıdır. Minskin sanksiyalarla üzləşəcəyi və Lukaşenkonun manevr qabiliyyətinin azalacağı gözlənilməz deyil. Beynəlxalq aləmdə küncə sıxışan, iqtidarı güclə əlində tutan, ciddi iqtisadi problemləri olan Lukaşenko hamıdan çox Putinin işinə yarayır. Çünki bu mühitdə Putin asanlıqla Lukaşenkonu “girov götürəcək” və “dərinləşdirilmiş inteqrasiya” mövzusuna qayıtmaq və ondan istədiyini almaq çox çətin olmayacaqdır. Son iki ildə “Batka”nın nümayiş etdirdiyi “müstəqillik” Putinin bağışlaya biləcəyi bir hərəkət deyil və Rusiya lideri onu, dolayısıyla Belarusu cəzalandırmaq üçün hər fürsətdən istifadə edəcək. 

 

Ovqat.com