XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 11:03

Gürcüstanda Rusiya təhlükəsi güclənir – Təhlil

Mayın 9-da Qorinin mərkəzində Rusiya bayraqları qaldırılıb

Qərbin Ukrayna fiaskosundan sonra Rusiya GUAM-ın başqa bir ölkəsini – Gürcüstanı ciddi şəkildə hədəfə götürüb. İnosmi.ru saytından Strateq.az-ın oxucularına təqdim etdiyimiz mətbu xülasə bu haqdadır.

Gürcü nəşri “Rezonansi” sual edir: yeddi il əvvəl Rusiya təcavüzündən daha çox əziyyət çəkən şəhərdə qırmızı bayraqlar niyə yellənir? Rusiya aviasiyası 2008-ci ilin avqustunda Qorini bombardman etdi, indi isə gürcülər 2015-ci il mayın 9-da Qorinin mərkəzində Rusiya bayraqları qaldırıblar. Rusiyayönlü qüvvələr bu günə qədər əsasən antiqərb təbliğatı ilə məşğul olurdusa, mayın 9-da faşizm üzərində qələbəni qeyd etdilər, onlar tərəfdən Rusiyanın yeni imperiya iddialarının ucadan dəstəklənməsi də üzə çıxdı. Lakin insanlar Qələbənin 70 illiyi münasibətilə yürüşə Rusiya ilə siyasi birlik tələb etməklə Stalinin şəkli olan plakatlar və yellənən sovet bayraqları ilə çıxmışdılar.

Qəzet yazır ki, Tiflisdə, adətən, veteranların yığışdığı Vake parkında qırmızı bayraqlar yox idi, lakin Avrasiya Birliyinin tərəfdarları ora “Rusiyanın imperiya rəmzləri” –Georgi lentləri ilə gəlmişdilər ki, bu da iştirakçılar arasında münaqişə doğurdu. Lentlər həmçinin Kaspidə, Telavidə göründü. Akura kəndində isə bircə gündə hətta Stalinin büstlərini qaytarıb əvvəlki yerinə qoydular. Beləliklə, “Gürcüstanda Rusiya təbliğatı aparılırmı?” sualna cavab birmənalıdır: bəli! Rusiyayönlü köklənmiş qüvvələr artıq öz mövqelərini ucadan səsləndirməkdən çəkinmirlər.

“Rezonansi” mövzuya davam edərək yazır: “Rusiya tanklarla mübarizəsinə təkcə Gürcüstanda deyil, bütün Avropa və Amerikada apardığı ideoloji savaşı da əlavə edib. Adi müharibədənsə hibrid müharibə daha təhlükəli və effektlidir. Səsli-küylü 9 may günündə Gürcüstanın müxtəlif şəhərlərində rusiyayönlü və antirusiya güclərinin təşkil etdiyi aksiyaları, “gecə canavarları” baykerlərinin səyahətini, Avrasiya Birliyi tərəfdarlarının artmasını müşahidə edən mütəxəssislər bu hadisələri doğuran bir neçə səbəb göstərirlər. Hakimiyyət dəyişikliyi və nisbi azadlıq, ağır sosial durum və əhalinin narazılığı, AB və NATO-ya daxil olmaqla bağlı bədgümanlıq – məhz bu amillər rusiyayönlü güclərin başqa qüvvələrə alternativ qismində dirçəlməsini şərtləndirdi”.

Politoloq Xatuna Laqazidzenin sözlərinə görə, RF-nın dəstəklədiyi qrupların 2012-ci ildən başlanmış fəallığı artır: “Bu barədə danışmaq olar ki, biz Rusiya ilə “hibrid müharibə” şəraitindəyik. Bunu bir neçə müəyyənləşdirici əlamətlər təyin edir: informasiya meydanına yiyələnmək və ona nəzarət, başlıca müddəası Qərbin heç nəyə yaramadığı və Gürcüstana faydalı heç nə gətirmədiyi, həm də perspektivsiz olduğu və gürcü adət-ənənələri və əxlaqı ilə mübarizə apardığı fasiləsiz təbliğat”.

Gürcülərin 31%-i Avrasiya Birliyinə, 65%-i NATO-ya, 68%-i isə AB-yə üstünlük verir. Bu, Milli Demokratiya İnstitutnun (ABŞ) apardığı sorğunun nəticəsidir. Respondentlərin üçdə birindən çoxunun Avropa ilə assosiasiya haqda məlumatı yoxdur. Amma bir o qədər adam da ölkənin Avrasiya Birliyinə girməsindən danışır.

Həm də “Versiya”nın yazdığı kimi, çoxları araşdırma aparıb adamların Avrasiya Birliyi ilə Avropa Birliyini tez-tez qarışdırdığını iddia edən təşkilatın özünə də inanmır.

NATO-nun İnformasiya Mərkəzinin keçmiş direktoru, professor Tornike Şaraşanidze bununla bağlı deyir ki, “Bu, hələ hökm deyil”. Lakin , ehtimal ki, faiz göstəriciləri daha da artacaq, çünki “bunun üçün çox gözəl şərait yaradılıb”.

Rusiya xüsusi xidmətlərinin birbaşa maliyyələşdirdiyi rusiyayönlü qurumlar fəallaşıb. Onlara rahat şərait yaradılıb və onların rıəqibləri gerçək şəkildə sıxışdırılır. Rusiyanın informasiya vasitələri də bu prosesə qoşulub və heç kim onların təcrid edilməsi haqda düşünmür. Həmin sorğuya görə, cəlbediciliyinə görə məhz Rusiyanın telekanalları qalanları arasında liderlik edir. Professor bunu onunla izah edir ki, yaşlı nəsil xarici dillərdən rus dilini daha yaxşı mənimsəyib. Lakin etiraf etmək lazımdır ki, Rusiyanın əyləncə və estrada kanalları keyfiyyətcə Gürcüstanınkılardan çox yaxşıdır. Politoloq deyir ki, “Bu, təkcə Gürcüstanın deyil, həm də digər ölkələrin problemidir. Eşidirik ki, bu, demokrartiyanın tərkib hissəsidir və Rusiya telekanallarını ayırmaq olmaz. Lakin məsələ işğalçı ölkənin telekanallarına aiddirsə, nədən söhbət gedə bilər? Həm də onlar bütün təməl prinsipləri pozur, dezinformasiya yayır, zorakılığa çağırır”.

“Mühafizəkarlar” parlament fraksiysının sədri Giqa Bukiya ilə “Yeni nəsil” nəşrindəki müsahibə də həmin mövzuya həsr edilib. Əhalidə Milli Demokratiya İnstitutunun Tiflis ofisinə hiss olunacaq dərəcədə inamsızlıq yaranıb. Dəfələrlə təsdiq olunub ki, onun araşdırmaları gerçək göstəricilərə uyğun gəlmir. Siyasətçi deyir ki, yalnız bir şeyi qəti şəkildə təsdiq etmək olar: 31% nəticə məntiqsiz görünür. Əhalinin mütləq əksəriyyətinin AB-yə inteqrasiya tərəfdarı olduğu halda bu qədər adamın Avrasiya Birliyini dəstəkləməsi mümkünsüzdür.

Deputat rusiyayönlü əhvali-ruhiyyənin güclənməsinə görə rahatsız deyil: “Gürcüstanda onlar, sadəcə, yoxdur”.

“Rezonansi” prezident Georgi Marqvelaşvilidən sitat gətirir: “31% Qərb seçimi bütün strateji siyasi qruplar üçün ciddi siqnaldır. Bizim Avropa və Avroatlantik inteqrasiyamızın dönməzliyini aydın görən siyasi qüvvələr bu ideyaların populyarlaşması baxımından böyük inad nümaiş etdirməlidir”.

Politoloq Soso Siskarişvilinin fikrincə isə, bu 31%-ə indiki Rusiyanın nə demək olduğu haqda dəqiq və qəti məlumatı olmayan insanlar daxildir. Onun sözlərinə görə, yaşlı nəslin bir qismində Sovet İttifaqına görə nostalji hələ də möhkəmdir. İş tapmaq arzunun son həddi olduğu bir ölkədə işsizin tüfeyli ilə eyniləşdirildiyi dövr haqda xülyaya uyurlar. “Həftənin palitrası” nəşrinin xəbər verdiyi kimi, Pankis dərəsində vəhhabilik kök atır, Suriyaya qaçan yerli gənclər haqda məlumatlar tez-tez səslənir. Qəzet qeyd edir ki, burada baş verənləri qonşu çeçenistandan da izləyirlər: “Ramzan Kadırov vəhhabiliyin varlığını gerçək təhlükə qaynağı hesab edir və əvvəllər – həm də dəfələrlə – Pankisidə öz maraqlarını yeritməyə cəhd edib”.

2011-ci
ilin noyabrında Qroznıdan şayiələr gəldi ki, Kadırov arzu edənlərin hamısına çeçenistana keçməyi təklif edir. Həm də onları evlə, təmin etmək, torpaq ayırmaq və maliyyə yardımı vəd edir. O zaman 300 ailə Pankisini tərk etmək niyyətini bildirdi, hətta siyahı da tutuldu. Hazırda Kadırov məxsusi yaradılmış fond vasitəsilə pankisililəri ələ almağa çalışır və Qroznıda deyildiyi kmi, hətta onlara pasport verməyə və müxtəlif problemlərin həllində kömək etməyə hazırdır. Bu, ac insanlar üçün şirnikləndirici görünür.

Məsələnin kökünü görə bilənlər qeyd edirlər ki, Kadırovun uzaqmənzilli planları var. Nəşr istisna etmir ki, hətta ola bilsin, gözəl günlərin birində öz vətəndaşlarının müdafiə etmək üçün Pankisidə görünər.

İnosmi.ru, 19.05.2015