XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 16:14

Suriya federallaşmağa doğru gedir –Təhlil

suriye-f-1

 

Nilgün Təkfidan Gümüş

"Hürriyet" (Türkiyə)

 

Türkiyə Ankaradakı dəhşətli teraktın ağrısını yaşayınca xarici siyasətdə böhranlı mühüm hadisələr baş verir. Rusiyanın Suriyadan çıxmaq qərarı və Suriya kürdlərinin federasiya elan etməsi bunların içindədir.  

Niyə keçən il sentyabrın 30-da gözlənilmədən Bəşər Əsədin köməyinə gəlmiş Putin administrasiyası yenə də gözlənilmədən bölgədən gedir? Hər şeydən öncə, Rusiya döyüş meydanındakı durumu Əsədin xeyrinə dəyişməyə nail oldu. 

Müharibəyədək təkcə Tartusda bazası olan Rusiya müharibə aparmaq üçün öz vəsaitlərini Latakiyadakı aviabazada cəmləmək imkanı əldə etdi. Putin administrasiyası sanksiyalar altında və Ukrayna böhranına görə təcrid içində Yaxın Şərqdə önəmli oyunçu rolunda çıxış etdi və bunu nəzərə almamaq olmaz.

 

Niyə məhz indi?

 

Digər tərəfdən, Rusiya dərhal getmir. İŞİD-dən çox müxalifəti hədəfə götürən Moskva “terrorçu qruplar”a münasibətdə kampaniyanı davam etdirməyə imkan verən həcmdə bölgədə qüvvə saxlayır. Türkiyə ilə təyyarə böhranından sonra gətirilmiş raketdən müdafiə sistemi S-400 də qalır. İddia olunur ki, Putin Əsədə “biz daha sənin əsgərlərin ola bilmərik və qalanını özün həll edəcəksən” siqnalını verib sülh danışıqlarını sürətləndirir. Rusiya lideri istəmir ki, Rusiya sovetlərin Əfqanıstanda batıb qaldığı kimi Suriyada bataqlığa batsın. Həmçinin mümkündür ki, neft qiymətlərinin ən aşağı həddə düşdüyü dövrdə əməliyyata gündə üç milyon dollar xərcləyən Putin seçkilərə bir il qalmış özünə gəlməyi kəsdirdi.

Beləliklə, bütün bunlar öz siyasəti ilə dünyanı bu cür “sürprizlər”lə heyrətləndirən Putin administrasiyasının taktiki üstünlük verdiyi gedişlər ola bilər.

***

Rusiyanın Suriya müharibəsinə daxil olması döyüş meydanındakı durumu necə dəyişdirdi?

Əsəd Hələbdə müxalifəti mühasirəyə aldı, İdlibədək gedib çıxdı, müxalifətin və yaxud İŞİD-in əlindəki 400 yaşayış məntəqəsinə nəzarəti geri qaytardı. Rusiya bombardmanları Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrin dəstəklədiyi müxalifət üçün əsil zərbə oldu. Suriya kürdləri isə ABŞ və Rusiyanın dəstəyi ilə əldə saxladıqları əraziləri genişləndirmək imkanı qazandılar. Nəticədə ölkədəki rabitəsizlik və etnik-dini sınma xətləri daha güclü şəkildə bəlirləndi. 

 

Suriya dağılır?

 

Eyni zamanda Suriyada döyüş meydanındakı hadisələrə Rusiya müdaxiləsi münaqişə tərəflərinin sülh bağlamağa və Cenevrədə danışıqlar masasına əyləşməyə məcbur etdi. Rusiya son anadək təkid edirdi ki, Suriya kürdləri də İsveçrədə BMT-nin nəzarəti altındakı danışıqlara dəvət edilməlidir. Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd etdi: “Kürdlər danışıqlardan kənara atılsa, onda necə nəzərdə tutmaq olar ki, bu dövlətin tərkibində qalmaq istəyəcəklər?”

Lakin Türkiyəni narahat etməmək üçün terrorçu təşkilat PKK-ya bağlı olan Suriya “Demokratik birlik” (PYD) kürd partiyasını və bəzi başqa qrupları Cenevrəyə dəvət etmədilər.

Əsəd rejimi təmsilçiləri və müxalifət Cenevrədə vasitəli danışıqlara başlarkən məlumat gəldi ki, Suriya kürdləri Rimelan konfransında Suriyanın federasiya elan edilməsi haqda məsələ müzakirə etməyə başlayıblar. Suriya kürdlərinin təmsilçisi Rodi Osman Moskvada Rusiyanın RİA Novosti rəsmi agentliyi üçün açıqlamada qeyd etdi: “Cenevrədə danışıqlar başlandı. Lakin Suriyanın önəmli hissəsi olan biz kürdləri ona qatılmağa dəvət etmədilər. Bununla bağlı bir çıxış yolu görürük – kürdlərin nəzarətindəki üç kantonu birləşdirmək və Suriyanın şimalında federasiya yaratmaq”.

PYD təmsilçilərindən İbrahim İbrahim isə New York Times qəzeti ilə söhbətdə sıradakı açqılamanı verdi: “Federasiya Suriyanın vahidliyini saxlamağa imkan verir”.

Federal quruluş Suriyanın bütövlüyünü saxlayacaqmı və yaxud onun dağılmasını sürətləndirəcək? Zaman göstərər.

***

Federasiyanın yaradılması haqda Rimelanda səsləndirilmiş təşəbbüs buna səbəb oldu ki, Suriya, Türkiyə və ABŞ-dan da oxşar bəyanatlar gəldi. Dəməşq rejiminin təmsilçsi Cenevrədə qeyd etdi: “Suriyanın parçalanmasına aparan təşəbbüslərlə oynamaq cəhdləri iflasa məhkumdur”.

Ankara etiraz etdi: “Bu, qeyri-qanunidir”.

ABŞ Dövlət Departamentinin təmsilçisi Mark Toner bildirdi ki, ABŞ Suriyanın strukturunda hansısa muxtariyyəti, yaxud yarımmuxtariyyəti dəstəkləmir. Lakin ondan “Bəs suriyalılar federal bölgələrə parçalanmaq istəsələr?” soruşan kimi cavab verdi: “Bu, suriyalıların özlərinin qəbul edəcəyi qərardır”.

Deməli, federal Suriya ideyası rədd edilmir.

Suriya müxalifəti federal quruluşu bəyənmir. Müxalif liderlərdən Riad Hicab ehtimal edir: “Federalizmi deyil, yerli administrasiyaların böyük səlahiyyətə sahib olacağı mərkəzsizləşdirməni müdafiə edirik. Federalizm ölkəni parçalayar”.

Suriya kürdləri də İraq kürdlərinin ardınca de-fakto müstəqil struktur əldə etsələr, bu, təkcə Türkiyənin deyil, İranın da narahtlığına səbəb ola bilər. Bununla belə, Suriyadakı durum artıq çoxdan federal sistemə sarı dönüşür…

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə