XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2016 - 18:51

Polşalı ekspert:"Əsəd qələbə çalsaydı, Yaxın Şərqdə Rusiya gərəksiz olar, İran isə güclənərdi"

esed-1

 

Varşava Şərq araşdırmaları mərkəzinin Qafqaz, Türkiyə və Orta Asiya bölməsinin rəhbəri Kşiştof Straxotanın Suriya prosesləri barədə Polşa nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Bəşər Əsəd Putinin girovuna dönübmü?

– Əsəd Suriya müharibəsinin lap əvvəlindən Rusiyanın, eyni zamanda həm də İranın girovu idi. Onun taleyi bu ölkələrin ona göstərdiyi yardımdan asılıdır.

– Rusiyanın Suriyada iştirakı statusunun dəyişilməsindən kim uddu? Moskva əsas qüvvələrinin çıxarıldığı və münaqişədə birbaşa hərbi iştirakının başa çatdığını bildirib.

– Birincisi, Rusiya olduqca məhdud miqyasda qüvvə çıxardır. Bu, siyasi jestdir. Moskva bombardmançıların, helikopterlərin bir qismini çıxardıb, lakin çoxhədəfli təyyarələri saxlayıb (onlardan yerüstü hədəflərin bombalanması üçün istifadə etmək mümkündür: xüsusən də Qərb koalisiyasının qüvvələri onlardan bu cür yararlanır). Bundan başqa, o, bazaları saxlayıb. Bütün bunlar artıq kiçik miqyasda olsa da, istifadəsi davam edən önəmli hərbi qüvvədir. Rusiya hər an qayıda bilər. Qoşunların aparılması xeyli dərəcədə siyasi və media, az dərəcədə isə hərbi faktdır.

İkincisi, Rusiya əməliyyatının yarım ili ərzində Suriyada durum o qədər dəyişildi ki, hazırda təşəbbüs Əsədin əlindədir. Hərbi baxımdan bir neçə mühüm strateji ərazi üzərində nəzarət əldə etdi və Birləşmiş Ştatların və “Cəbhət ən-Nusra”nın dəstəklədiyi müxalifətin potensialını bir qədər zəiflətdi.

– Bəs onda Putin niyə Suriyadan getmək qərarına gəldi?

– Bu, siyasi oyun ünsürdür. Putin Əsədin həlledici yekun qələbəsində və onun düşmənlərinin darmadağın edilməsində maraqlı deyildi. Söhbət ondan gedirdi ki, ona əks-hücuma keçmək imkanı verilsin – lakin o qədər yox ki, bütün ölkə üzərində tam nəzarətə malik olsun. Moskvaya sabitsizliyin saxlanması vacibdir ki, heç bir öhdəlik götürmədən nisbətən az qüvvə ilə həlledici rol oynasın. Əsəd tam qələbə çalsaydı, onda Yaxın Şərqdə bölgə kontekstində Rusiya gərəksiz olacaqdı, İran isə güclənərdi. Bunu İranın nüvə proqramının tarixçəsi ilə tutuşdurmaq olar. Nə qədər ki danışıqlar gedirdi, Rusiya bütün tərəflər üçün əhəmiyyətli oyunçu idi: danışıqlara mane ola bilərdi, kömək edə bilərdi. Lakin saziş bağlananda Moskva Qərbə və İrana lazım olmadı, Yaxın Şərqdə onunla hesablaşmağı tərgitdilər. Suriya əməliyyatı bölgədəki proseslərə təsir alətini ona qaytardı.

– Suriya münaqişəsinə başqa qüvvələr qoşuldu. Ən önəmlilərindən biri kimi yalançı dövlət Rojavanı yaratmış Suriya kürdləri çıxış edirlər: onu dünyada tanımırlar, lakin bu dövlətin öz qurumları və silahlı qüvvələri var. Tezis irəli sürmək olar ki, Suriyanın şimalında bir çox baxımdan İraq Kürdüstanına bənzər dövlət meydana çıxır?

– Bəli, proses bu yöndə irəliləyir: çox ehtimalı ki, kürdlər Suriyanın şimalında baş verənlərin üzərində tam nəzarəti saxlayacaqlar. Onların “dövlət”ini ləğv etməyə qadir qüvvə yoxdur. Onlar Yaxın Şərq oyununun daimi ünsürü olacaqlar (hələ olmayıblarsa). Buna bənzər şey çərək əsr əvvəl İraq Kürdüstanında baş verirdi. Bu, Türkiyəni rahatsız etdi, lakin belə də bu qurumu məhv etməyə cürət etmədi. Dəməşq hökuməti kürd ərazilərini öz ölkəsinin tərkib hissəsi saymaqla özünü aldatmağı davam etdirəcək.

– İraq və Suriya kürdləri vahid dövlət yaratmağa cəhd edəcəklərmi?

– Mən bu cür perspektiv görmürəm. Bu “dövlətlər”i öz aralarında rəqabət aparan kürd qüvvələri yaradıb. Bərzaninin İraq klanı ilə PKK-ya bağlı Suriya kürdlərinin razılığa gələcəyi istisna olunur. Bu qüvvələr arasında rəqabət artıq çoxdan başlanıb, hətta hərbi güc işlətməklə insidentlər də baş verib. Bu, yalnız lokal fəlakət və tərəflərdən birinin devrilməsi zamanı baş verə bilər. Bərzaninin mövqeyi daha zəif görünür, lakin PKK-nın da elə bir gücü yoxdur ki, ona qalib gəlsin. Bundan başqa, Suriya kürdlərinin “dövlət”inin varlığına göz yumurlarsa, iki orqanizmin birləşməyi heç kimə sərf etməyən gerçəkliklər yaradar.

– Cenevrədə birinci növbədə Əsəd və amerikalıların dəstəyindən yararlanan müxalifətin qatıldığı sülh danışıqları gedir. Suriya kürdləri danışıq masasının arxasında yoxdur. Göründüyü kimi, Qərb bir neçə aydan sonra demokratik seçkilər keçirməkdən ötrü müvəqqəti Əsədlə razılaşmağa meyllidir. Bu danışıqların formatı utopikdirmi?

– Bəli, birincisi, nə kürdlər və aydındır ki, nə də İŞİD danışıqlara qatıldığından danışıqlar heç bir nəticə verməyəcək. İkincisi, biz güman edirik ki, kimsə Suriya müxalifətinə təsir göstərə bilər. Bu, müxtəlif oyunçuların təsir göstərdiyi və qəyyumlarını tez-tez dəyişən olduqca rəngarəng mühitdir. Düşünürəm ki, xarici qüvvə Suriya müxalifətini nəyəsə məcbur etməyə qabil deyil.

 

Zbiqnev Rokita 

Nowa Europa Wschodnia (Polşa)

 

Tərcümə Strateq.az-ındır.