Elxan ŞÜKÜRLÜ,
“Strateq.az” saytının baş redaktoru
Qarabağda savaşın müddətinin uzanmasının düşməndə yaratdığı böyük məyusluq və bizə qazandırdığı üstünlük aşkar görünməyə başlayıb.
Xatırlayırsınızsa, əks-hücum əməliyyatlarına başladığımız 27 sentyabrdan üzübəri, birləşmiş rus-erməni təbliğat maşını məqsədli şəkildə belə bir tezisi qabardırdı ki, guya, Azərbaycan “blitskriq”ə hazırlaşıb – hansısa konkret zaman çərçivəsində, maksimum, 7-10 gün ərzində hərbi əməliyyatları durduracaq, bu səbəbdən də ciddi müqavimət göstərilməlidir.
Ancaq Azərbaycanın əks-hücum və cəzalandırma əməliyyatlarının iki həftədir davam etməsi, təzyiqin getdikcə artırılması, gözlənilməz istiqamətlərdən yarılma zərbələrinin endirilməsi, eyni zamanda düşmənin öncə resurs savaşına çəkilərək, əsas texnikalarının sıradan çıxarılması və tədricən hücum arealının genişləndirilməsi ermənilərin qısamüddətli müqavimət potensialına və əzminə çox böyük zərbə vurub.
Artıq onlar savaşın tezliklə bitməyəcəyi qənaətinə gələrək, döyüşməkdən yayınır, Azərbaycan Ordusunun getdikcə yaxınlaşan, sıxlaşan və intensivləşən atəş xəttinin altında məhv olmamaq üçün döyüş mövqelərini qoyub qaçırlar.
Bu gün separatçı “DQR”in lideri Araik Arutunyanın böyük təlaş içində “vəziyyət kritikdir” deyərək, bütün əhalini səfərbərliyə çağırması məhz Qarabağdakı erməni hərbi birləşmələrinin gözləntilərinin alınmaması, sınmış ovqatlarının bariz göstəricisidir…
Bu savaşı uzatmağın bizə verdiyi daha iki üstünlüyü də xüsusi qeyd etməyə dəyər.
Birincisi, real döyüş şəraiti bizim üçün çox vacib olan yeni milli hərbi elitamızı formalaşdırır.
Artıq iki həftədir gedən döyüşlərdən əldə edilən informasiyalar və tez-tez dəyişən hərbi xəritə göstərir ki, Azərbaycanın milli hərbi məktəblərinin məzunları olan gənc zabitlərimiz misilsiz şəxsi şücaət və qəhrəmanlıq nümunələri yaratmaqla, həm də real döyüş şəraitinin mahir idarəedicilərinə çevrilirlər.
Deməli, uzun müddət Rusiya təsiri altında olan Silahlı Qüvvələrimizdə artıq döyüşə-döyüşə yeni və milli hərbi elita formalaşır ki, bu da bizə çox yaxın gələcəkdə hava-su qədər gərəkli olacaq.
Digər mühüm amil isə bu savaşda Rusiya istehsallı silahların Türkiyə istehsallı silahlara ciddi şəkildə uduzmasıdır: türk PUA-ları rusların öyündüyü tank və artilleriya qurğularını, raket sistemlərini, faktiki, heç döyüşə girməmiş məğlub etdi!
Deməli, Rusiyanın əsas silah alıcılarından biri olan və həm də özü silah istehsaletmə sənayesinə sahib Azərbaycan bu ölkədən faydasız silah alqısına son qoymalı və öz arsenalını özünü doğrultmuş Türkiyə istehsallı silahlarla yeniləməli, eyni zamanda özünü doğrultmuş silahların təkmilləşdirilməsi işinə başlamalıdır…
Bizi savaş xilas edəcək, dostlar, savaşa davam!