XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 15:55

Türkiyənin gələcək geostrategiyası:Rusiya ilə yaxınlaşma ona yeni üstünlüklər qazandıracaq - TƏHLİL

Elşən NƏSİBOV,

siyasətşünas alim

 

Türkiyə orta gücə malik olmaqla regional iddialı dövlət rolunu oynayır. Bu iddialı maraqların təmin olunması üçün Türkiyə ətraf regionlarda (Asiyada-Şərqdə və Avrasiyada)  güclənmək strategiyasını müəyyən edir.

Türkiyə bu addımı böyük və super gücə malik olan dövlətlərlə yaxınlıq fonunda, strateji planda müəyyən edir. Türkiyə hərbi-siyasi alyanslarda təmsil olunmaq və iştirak yolu ilə öz fundamental mövqeyini möhkəmləndirməyə can atır. Daha dəqiq desək, Türkiyə ABŞ, Avropa və Rusiya arasında aralıq mövqe tutmaqla özünün regional yaylı strategiyasını təmin etmiş olur. Regional güc kimi özünü təsdiq etmək strategiyasını tətbiq edir.

Türkiyə regional enerji layihələrini və digər nəhəng infrastruktur magistralları (şəbəkələşmiş avtomobil yolları, gəmi yolları, qatar yollarının öz ərazisindən keçməsi ilə) özünə çəkməklə ətrafa təsir imkanları əldə edir. Həmçinin hərbi gücü ilə ətrafda hərbi geostrategiya formalaşdırır. Bu yöndə regionda geoiqtisadi və geohərbi gücə çevrilir.

Onun coğrafi mövqeyi əlavə olaraq geosiyasətinə güc verir. Türkiyə “Marin dövləti” (yəni, “Dənizlər dövləti”) olmaq iddiasındadır. Belə ki, Qara dəniz, Xəzər dənizi, Mərmərə və Egey dənizləri, həmçinin Aralıq dənizi və Fars körfəzində, su hövzələrinin geosiyasi akvatoriyalarında təsir imkanları əldə etməyə çalışır. Bu baxımdan da:

– Xəzər dənizi akvatoriyasında Mərkəzi Asiyanın türk coğrafiyası, Rusiya, Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və yaxın gələcəkdə Ermənistan, həmçinin Rusiya ilə;

– Qara dəniz akvatoriyasında Bolqarıstan, Ukrayna, Moldova, Rumıniya, həmçinin Rusiya ilə;

Aralıq dənizi akvatoriyasında Ərəb dünyası (Suriya da daxil) və Rusiya ilə, Yunanıstan və digər ölkələrlə;

– Fars körfəzi ətrafında Qətər və İraqla, eləcə də İranla sıx əməkdaşlıq fonunda özünün regional gücünü artırmağa, regionda bufer zonalar yaratmaqda israrlıdır.

Türkiyə Rusiya ilə yaxınlıq edərək, həm onun Avropa enerji layihəsindən birinə sahib olur, həm də Suriya və Liviya maraqlarına şərik olur. Rusiya Türkiyəyə arxayındır. Ona görə ki, Türkiyə artıq NATO üçün kövrək strateji tərəfdaş rolunu oynayır. Hər an Alyansdan çıxa və çıxarıla bilər.

Bunu Rusiya və İran görür. Məsələn, RusiyaAlmaniya Türkiyənin NATO-dan çıxmasında maraqlıdırlar.

Bu baxımdan da Türkiyənin regional güc statusu möhkəmlənməkdədir. Türkiyə Avro-Asiya strateji üfüqündə, müstəvisində Rusiyanın strateji tərəfdaşı olmaqda israrlıdır.

Türkiyə Rusiya ilə strateji yaxınlıq planına mane olan münaqişələri aradan qaldırmaqda və Rusiya ilə sabit, dinamik inkişaf edən tarazlı mühitdə və məkanda strateji tərəfdaşlıq siyasətinə önəm verir.

Təbii ki, Rusiya da Türkiyəyə arxayındır və xüsusilə, onun regional iddialarını və regionda güclənməsini qəbul edir. Türk-Slavyan dünyası yaxınlaşması fonunda Türkiyə pravoslav dünyasına yaxınlaşmaq strategiyasını tətbiq edir. Bu baxımdan da gələcəkdə Ukrayna ilə Rusiya arasında sıx yaxınlaşmanın baş verməsində maraq nümayiş etdirəcək.

Türkiyə Rusiya ilə yaxınlığını Cənubi Qafqazda münaqişələrin həll olunması fonunda, oynadığı rollarda daha da qabarıq nümayış etdirəcək.

Türkiyə-Rusiya strateji tərəfdaşlığına zərbə vuran ən böyük amil həll olunmamış Qarabağ münaqişəsidir. Türkiyə bu münaqişənin həllində çox maraqlıdır. Onun regional tarazlı siyasəti üçün təhdiddir. Rusiya ilə regionda yaxınlaşmasına ən böyük təhddidir.

Türkiyə münaqişənin həll olunması və Ermənistanda maraqlarının güclənməsində də maraqlıdır.  Belə qəbul etmək olar ki, Rusiya ABŞ və Fransanın Qarabağ münaqişəsində aktiv iştiraklarını və təsir mexanizmlərinin meydana gəlməsini qəbul edə bilmir. Yəni, ABŞ-ın Cənubi Qafqazda maraqlarını qəbul edə bilmir. Ancaq Türkiyə və İranın, xüsusilə Türkiyənin regiondakı aktiv və arxayınlaşdırıcı rolu Rusiyaya sərf edir və Rusiyanın maraqlarına uyğundur, onu sintezləşdirir. Rusiya Türkiyənin aktiv iştirakı ilə özünün maraqlarını da həmin regionlarda uzlaşdırmış, uzatmış, yaymış olur.

Azərbaycanın ərazi bütövlüyü bir tərəfdən sağlam Cənubi Qafqaz regionuna xidmət edəcək, digər tərəfdən də Türkiyə-Rusiya yaxınlaşması üçün maneedici ünsür və amil kimi aradan qalxacaq. Rusiya münaqişənin həll olunması ilə özünün Cənubi Qafqaz maraqlarını sabitləşdirə biləcək və arxayınlaşacaq. Türkiyə və Azərbaycan kimi gücləri, birləşdirici həlqələri özünə yaxınlaşdıracaq.




Yuxarı Əvvələ Ana Səhifə