Əli Əkbər Yıldırım
DUNYA (Türkiyə), 30.03.2016
Rusiya təyyarəsinin məhv edilməsiylə bağlı böhranın başlanmasından beş ay və Rusiyanın Türkiyədən faraş tərəvəz və meyvə idxalına yasağından üç ay keçib.
Yasaq o qədər də güclü təsirə malik deyildi. Çünki bir çox məhsul növləri üzrə mövsümün sonuna düşdü. Buna baxmayaraq, Aralıq dənizi bölgəsi faraş tərəvəz və meyvə ixracatçıları Birliyinimn məlumatına görə, ilin ilk iki ayında Rusiyaya ixracat keçən ilin eyni dövrü ilə müqayisədə 75% azalıb.
Ən çox böhrana məruz qalan sahə kənd təsərrüfatı və xüsusən də faraş tərəvəz-meyvə sektorudur. Lakin bu yöndə gözlənilən və arzulanan tədbirlər görülməyib. Böhran praktik olaraq yaddan çıxıb. İstehsal bundan sonra necə planlaşdırılacaq? Rusiyanı hədəfləməklə bu ölkəyə ixracat edənlər nə edəcəklər? Alternativ bazarlar axtarışı nə dərəcədə uğurlu ola bilər?
Bundan başqa, Rusiya ilə böhran və terror aktlarına görə ciddi problemlər təkcə ixracat sahəsində yox, həm də turizmdə müşahidə olunur. Turistlər gözlənilən miqdarda gəlməsələr, daxili bazarda da istehlak azalacaq. Problemin bu il, bu mövsümdə həll edilməsi üçün hökumət nə edir?
Bu mövzu bu gün hökumətin gündəliyindən, demək olar, tamamilə çıxıb. Turizmə gəlincə, burada müəyyən tədbirlər zərfi açıqlanıb. Aqrar sahədə hətta Antaliya kənd təsərrüfatı şurasının və başqalarının sorğuları cavabsız qalıb. İstehsalçılar ümidsiz durumdadır və nə edəcəklərini bilmirlər. İxracatçılar isə alternativ və yeni bazarlar tapmaq üçün böyük cəhdlər göstərirlər. Sərgilərə qatılır, Uzaq Şərq bazarları üzərində işləyirlər. Lakin yeni bazar tapmaq elə də asan deyil.
Türkiyə faraş meyvə-tərəvəz ixracatçıları İttifaqının məsləhətçisi Salih Çalının qeyd etdiyi kimi, məhsulu hər hansı ölkəyə ixraca başlamaqdan ötrü, hər şeydən öncə, uyğun icazə alınmalı və bunun üçün ölkələr arasında karantin haqda saziş bağlanmalıdır. Eyni zamanda, “fitosanitar sertifikatı” alamaqdan ötrü ilkin şərt səciyyəsi daşıyan bu saziş uzun vaxt aparır. Həm də o qədər ki, bu proses bəzən 20, hətta 20 il çəkə bilər. Məsələn, Türkiyədən Yaponiyaya qreypfrut ixracatına icazə almaq müddəti səkkiz il (2003-2010), limona isə 12 il (2003-2014) çəkdi. Türkiyədən Yaponiyaya gilas ixracatına icazə almaq üzər işlər rəsmən 2003-cü ildə başlanıb və indiyədək davam edir. Eyni hal qara əncirin ABŞ-a ixracatına icazəyə də aiddir – icazə almaq işi rəsmən 2008-ci ildən başlanıb.
Əlbəttə, bəzi ölkələr olduqca ağır şərtlər irəli sürməklə bu prosesi çətinləşdirirlər. Texniki məqamlardan başqa, “antilobbiləşdirmə” də normal prosesdən kənarda ortalığa çıxan maneələr yaradır. Bununla belə, Rusiya ilə böhran meydana çıxmamışdan xeyli əvvəl alternativ bazar axtarışına başlayan və uğur qazananlar da var. Belə şirkətlərdən biri mərkəzi Adanada olan Özler Tarim-dır.
Məhsulu dünya bazarında satmaqdan ötrü 1982-ci ildə yaradılmış şirkətin təmsilçisi Özbək Özlər deyir ki, Rusiyaya alternativ Çin ola bilər. O, qeyd edir ki, Rusiya bazarı Türkiyə üçün son dərəcə önəmlidir və onun itirilməsi dərin nəticələr törədəcək: bura hamının bələd olduğu və işi olduğu bazardır.
Özlər yeni bazarlar haqda deyir: “Rusiya bazarından fərqli olaraq yeni bazarlara uyğunlaşmağımız lazımdır. Bu, həqiqətən, çətindir. Əksər ixracatçıların alışdığı və yaxşı işləyən Rusiya bazarı var idi. Və birdən bağlandı. AB bazarı var. Rusiya ilə müqayisədə daha mürəkkəb bazardır. Sertifikat, qanunvericilik, tədarük həcmi baxımından daha həssas bazardır. Lakin Avropa da Türkiyə üçün olduqca bazardır. Bundan başqa, daha uzaq, lakin yüksək potensiala malik bazarlar var. Çin, Yaponiya, Sinqapur dedikcə iri, inkişafı davam edəcək bazarlardır. Cəhd göstərsək, onlara çıxa bilərik. Faraş meyvə-tərəvəz sektoru məhsulunun əksər növləri bir həftə qalır. Bu məhsulu təyyarə ilə göndərməsəniz, Yaponiyaya 45 günə çatar. Buna görə də sistemi dəyişmədən Yaponiya və Çinə məhsul tədarük edə bilmərik. Bu bizə Rusiya və Avropa qədər yaxın bazarlar deyil. Həm də çoxillik vərdişləri dəyişmək gərəkdir. Nisbətən sadə, yaxın və alışılmış bazarlarn əvəzinə daha uzaq bazarlara çıxırsansa, biznes aparmaq vərdişini mütləq dəyişməli olursunuz. Bundan başqa, bu ölkələrə mal tədarük etmək üçün karantin haqda saziş imzalanmalıdır. Məsələn, Çinə gilas ixrac etməyə başlamışıq. Lakin tədarük həcmini artırmağımız lazımdır. Lakin bu məhsulu Yaponiyaya hələlik ixrac edə bilmərik. Dövlətlər arasında uyğun sazişlər bağlanmalıdır”.
Beləliklə, söhbət Türkiyə hökumətinin yaddan çıxardığı Rusiya ilə böhrandan gedir. İstehsalçılar və ixracatçılar öz qüvvələri ilə probelmin həllini tapmağa çalışırlar. Bu yolu tapmağa nail olmasalar, təkcə istehsalçılar və ixracatçılar yox, bütövlükdə bütün ölkə ziyan görəcək. İşsizliyin göstəriciləri də xüsusən bu haqda siqnal verir. Antalya Əmtəə birjası və kənd təsərrüfatı şurasının rəhbəri Əli Çandır diqqəti bu fakta yönəldir ki, Antalyada və civarlarında kənd təsərrüfatından işçi qüvvəsinin axıb getməsi güclənir, Rusiya ilə böranın təsiri ilə turizm və kənd təsərrüfatında da işsizlik çoxalır. Rusiya ilə böhranın müzakirəyə çıxarılması və son beş ayda yerinə yetirilməyən təcili tədbirlərin görülməsi lazımdır.
Tərcümə Strateq.az-ındır.