Dağlıq Qarabağda yaşanan son hadisələrin nüvə sammiti ərəfəsinə düşməsi diqqət çəkicidir. İstər Azərbaycan, istərsə də Ermənistan prezidentlərinin birgə iştirak etdiyi sammit bitməmiş Dağlıq Qarabağda məlum gərginliyin yaşanması bir sıra suallara yol açır: Bu gərginlik kimə lazım idi? Niyə məhz belə bir zaman seçildi?
Hadisələrin analizi göstərir ki, Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması ən çox Azərbaycana sərf etmirdi. Çünki nüvə sazişi çərçivəsində ABŞ-a səfər edən Prezident İlham Əliyev Qərblə yaxınlaşmaq niyyətini ortaya qoymuş və bu məqsədlə də sammitdən əvvəl bir sıra addımlar atmışdı. Rusiyayla münasibətləri korlanan Türkiyəni dəstəkləməsi, səfər öncəsi bəzi siyasi məhbusları azadlığa buraxması rəsmi Bakı tərəfindən Qərbə göstərilən birlik mesajına bənzəyirdi. Sözsüz ki, sammitə əliboş getmək istəməyən ölkə rəhbərinin okeanın o tayında keçirdiyi görüşlərdə ABŞ yetkililəriylə bir sıra məsələlərdə uzlaşdığı ehtimalı böyükdür. Xüsusilə “Cənub Qaz Dəhlizi” məsələsində hər iki ölkənin eyni mövqedən çıxış edəcəyi gözlənilirdi. ABŞ Dövlət Departamentinin katibi Con Kerrinin mətbuata açıqlamasında Azərbaycanı dəstələdiklərini açıq şəkildə bəyan etməsi də gözləntini doğrulayır. “Cənub Qaz Dəhlizi”nin Rusiyanın qaz strategiyasının əleyhinə olması bu məsələdə əldə olunan istənilən razılaşmanın Moskvanı qıcıqlandıracağı sirr deyildi. Öz enerji maraqları naminə Azərbaycanı cəzalandıracağı güman olunan Kremlin bunun üçün bəhanə axtardığı da bəlliydi. Belə bir vəziyyətdə rəsmi Bakının Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaması qətiyyən mümkün görünmürdü.
Maraqlıdır ki, dünyada getdikcə öz mövqeyini itirən Ermənistan da, prinsip etibarilə, belə bir təxribatda maraqlı olmamalıydı. Əks təqdirdə pozduğu atəşkəsin bədəlini ağır ödəyə bilərdi. Necə ki ödəyir də.
Görünür, enerji maraqlarını təhlükə altında hiss edən Rusiya öz “kiçik qardaşının” əliylə növbəti təxribata əl atıb. Qarşısında dayanan problemi birdəfəlik həll etməyə qərar verən rəsmi Bakı isə yaranmış situasiyanı fürsət bilib çoxdan bəri gözlədiyi addımı atıb. Və yəqin ki, rəsmi Bakının bu adekvat cavabı verməyə həvəsləndirilməsində Qərb ölkələrinin, o cümlədən, ABŞ-ın da mühüm rolu olub.
Bu versiyanı qüvvətləndirən iki başlıca amil var. Amillərdən biri erməni təxribatına ordumuz layiqli cavab verdiyi an ölkə başçının ABŞ-da olmasıdır. Mümkündür ki, Qərb ölkələrinə Dağlıq Qarabağda yaşanan təxribatın əsl mahiyyətini anlatmağı bacaran və böyük ehtimalla, əks-həmlələrə beynəlxalq razılıq alan rəsmilərimiz orduya yaranmış fürsətdən faydalanıb erməni separatizminin burnunu ovması tapşırığını verib.
Rəsmi Bakının öz haqlı tələbini beynəlxalq aləmə qəbul etdirməsi ehtimalını Prezidentin ölkəyə qayıdaraq, keçirdiyi Təhlükəsizlik Şurasında bəyan etdiyi fikirlər də təsdiqləyir. İlham Əliyev məlum çıxışında deyib: “Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Əfsuslar olsun ki, Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir. Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları dəfələrlə bildirmişlər: status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır”.
Prezidentin fikrincə, beynəlxalq qüvvələrin tələb etdiyi status-kvonun dəyişməsi prinsipi Dağlıq Qarabağ probleminin Azərbaycanın torpaq bütünlüyü çərçivəsində həllini ehtiva edir.
Beynəlxalq birliyin razılığıyla Azərbaycanın əks-həmləyə keçmək ehtimalını təsdiqləyən digər bir amil dünya dövlətlərinin hadisəylə bağlı verdikləri bəyanatlardır. ATƏT-in Minsk qrupu və Avropa Şurası atəşin dayandırlması ilə bağlı mövqe ortaya qoysa da, insafən, Azərbaycanın öz ərazilərində keçirdiyi hərbi əməliyyatlara dünya dövlətlərinin reaksiyası əvvəllər olduğu qədər sərt deyil. Yalnız Rusiyadan və İrandan atəşkəsin yenidən təmin olunması barədə “tövsiyyələr” gəlib və Azərbaycan bu istiqamətdə ondan "tələb olunan" addımı atıb. Amma cəbhə xəttində ciddi itkilər verən ermənilərin emosional davranışları və rəsmi Bakının birtərəfli atəşkəs qərarına məhəl qoymaması milli ordumuzun öz torpağını müdafiə missiyasını davam etdirməsinə əsas yaradır.
Əslində beynəlxalq siyasətin bir çox məsələsində Rusiyayla müttəfiq kimi hərəkət etməsinə və Qarabağda yaşanan son hadisəyə, təxminən, eyni bəyanat verməsinə baxmayaraq, İranın mövqeyi ondan fərqlənir. Rusiya kimi, tərəfləri atəşkəsə çağıran rəsmi Tehran bəyanatında həm də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində arzusunu dilə gətirib. Bu da isə əslində ölkəmizin sərgilədiyi mövqe ilə üst-üstə düşür. Rəsmi Bakı da beynəlxalq hüququn tələbinə ermənilərin hörmət göstərmədiyini bildirir və təxribata adekvat cavab verir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daxil olan ölkələrin də hadisəyə münasibəti ermənilərin keyfinə soğan doğrayıb. Xüsusilə Belorus və Qazaxıstan tərəfləri atəşkəsə uymağa çağırsa da, münaqişəsinin son çözüm yolunu da göstəriblər: "ərazi bütövlüyü, süverenlik və dövlət sərhədlərinin pozulmaması şərti ilə".
Qərb xəttində yalnız Fransanın mövqeyi bir qədər arzuolunmazlığıyla seçilsə də, digər ölkələrdən, hələ ki, ciddi reaksiyalar gəlməyib. Qardaş Türkiyə isə hər zamankından daha konkret şəkildə Azərbaycanı dəstəkləyib. Hətta Ankaranın bu mövqeyi Ermənistan tərəfindən “tərəfkeşlik” kimi qiymətləndirilib.
Qısası, dünyanın indiyə qədər konfliktlə bağlı mövqeyi, hələ ki, Azərbaycanın leyhinədir. Görünür, bütün bunlar səbəbsiz deyil. Mümkündür ki, Moskva və onun “peykləri” beynəlxalq münasibətlərdə tərəflərin öz mövqeyini açıq şəkildə ortaya qoyduğu bir vaxtda Cənubi Qafqazın açar dövləti və Rusiyanın qaz strategiyasının alternativi rolunu oynaya biləcək Azərbaycanı itirmək istəmir, Qərb ölkələri isə “erməni məsələsinin” çox ələ-ayağa dolaşdığının fərqindədir və ilkin mərhələdə regionun bu buxovunu zərərsizləşdirməyi planlaşdırır.
Beynəlxalq münasibətlərdə yaranmış bu fürsətlərdən faydalanan Azərbaycan cəbhə xəttində yardığı düşmən səddi yenidən möhkəmlənməmiş bacardığı qədər irəliləməli, ermənilərə kiməsə arxayın olub dövlət qurmaq və öz ərazilərini böyütmək xəyalına düşməyin acı nəticələr yaşadacağını bir daha sübut etməlidir. Qarabağdan gələn məlumatlar indiyədək siyasətin bu istiqamətdə yürüdüyündən xəbər verir.
Ordumuza uğurlu əməliyyatlar arzulayırıq!
Heydər Oğuz
Strateq.az