XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 06:57

Qoca Avropa həyəcan siqnalı çalır: “Doğuş sürətlə azalır!” – Təhlil

Barrozu: “Avropanın daha çox cavana ehtiyacı var”

Strateq.az qoca Avropanın hazırda yaşamaqda olduğu fəlakətli demoqrafik problemi bir neçə dəfə işıqlandırıb. Və biz həmişə çalışmışıq ki, bu mövzuda daha çox Avropa müəllifləri, siyasətçiləri və analitiklərinin yazı və mövqelərinə üstünlük verək. Yəni bu ağrılı və Avropa üçün təhlükəli mövzu baxımından öz mövqeyimizi mümkün qədər bitərəf saxlamağa çalışmışıq.

Yeri gəlmişkən, doğuşun azalması təkcə Qərbi Avropaya xas olan müşkül deyil. Oxucu xatırlayırsa, Avropa mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Rusiyanın da hazırda bu yöndə ciddi problemlərlə üzləşdiyi barədə material dərc etmişdik.

Avropada nələr baş verir? Doğrudanmı, son 1000 ildə Avrasiya qitəsindəki bütün sosial, iqtisadi, siyasi və elmi proseslərin önündə gedənlərdən biri olan qoca Avropa öz sonuna yaxınlaşır?

Və bu uçurum qaçılmaz görünürsə, bunun səbəbləri nədir?

Ruslar bunu ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması ilə izah etməyə cəhd etsələr də (hərçənd ki bu – demoqrafiyanı tarazlayan bir neçə amilin sonuncusu və qismən az önəmə malik olanıdır), qəribədir ki, indiyə qədər yazı və mövqelərinə yer verdiyimiz müəlliflərin heç biri Qərbin yaşamaqda olduğu bu fəlakətin qaynaqları barədə ya düşünmür, ya da düşünmək istəmir. çünki olduqca elementar bir həqiqətdir ki, problemin həlli və yaxud xəstəliyin şəfalanması, birinci növbədə, düzgün diaqnozdan asılıdır. Avropalılar isə məhz bu nöqtədən – doğuşun azalma səbəbini aramaqdan yayınır və nəticəni – fəlakətli demoqrafik durumu təsvir edirlər.

Növbəti buraxılışımzda Avropanın demoqrafik durumunu şərtləndirən amillər barədə fikirlərimizi oxucularımızla bölüşəcəyik. İndi isə çağdaş Qərbi Avropanın nüfuzlu və qocaman siyasətçilərindən biri – Portuqaliyanın keçmiş baş naziri (2002-2004) və Avropa komissiyasının eks-prezidenti (2004-2014) Joze Barrozunun bu barədə düşüncələrini sizə təqdim edirik.

Portuqaliyanın keçmiş baş naziri və Avropa komissiyasının eks-prezidenti Joze Barrozu bildirib ki, Avropanın demoqrafik problemini mühacirət və doğuşa təşviq vasitəsilə həll etmək mümkündür: “Bizə təqaüdçürlərə ödəniş etmək üçün işləyən insanlar lazım olacaq. Piramida isə əslində təpəsi üstə çevrilib. Gənclik də bizə buna görə lazımdır. Biz isə bu məqsədə mühacirəti ağıllı və adekvat şəkildə idarə etməklə – yeni gettoların yaranmasını önləmək üçün mühacirlərə təhsil verməklə çata bilərik. çünki bu, dəhşətlidir. Həm də doğuşun dəstəklənməsi üzrə fəal tədbirlər görməklə”.

Keçmiş baş nazir bu fikirləri “Dayanıqlı artım üçün platforma” vətəndaş assosiasiyasının təşkil etdiyi və Lissabondakı sosial və siyasi elmlər İnstitutunda keçirilən konfransda deyib. Onun sözləri Avropa demoqrafik piramidası və onun dəyşdirilməsi üsulları haqda suala cavab idi. çünki bu piramidanın təməlini gənclər deyil, daha qoca adamlar təşkil edir. Avropa komissiyasının keçmiş prezidenti çıxışının lap əvvəlində etiraf edib ki, “Avropanın daha çox cavana ehtiyacı var” və bu, mühacirət sahəsində daha keyfiyyətli idarəçiliyi nəzərdə tutur. “Lakin bu, son dərəcə incə və ağrılı mövzudur. Əldə etdiyim son yeniliklər – məsələn, Almaniyadan – xeyli maraq doğurur. Hazırda Avropaya gələn qaçqınlara öz doğma dillərində təhsil almaq imkanı yaradılır”.

Duran Barrozu mühacirlərin daxil olduğu ölkənin dilini mənimsəməyinin vacibliyini qeyd edib: “Əslində, biz uzun illər ərzində Portuqaliyada portuqaldilli ölkələrdən mühacirəti təşviq etmişik. Bu öz müsbət rolunu oynayıb, çünki daha artıq inteqrasiyaya şərait yaradıb. Həm də düşünürəm ki, bu yöndə Portuqaliyanın qürur duymaq üçün xeyli səbəbi mövcuddur”.

Barrozu sonra deyib ki, “Portuqaliya Avropanın nadir ölkələrindəndir ki, burada ultrasağ hərəkatlar, ksenofobiya (özgədən xoflanma-red.) və yaxud irqçi partiyalar yoxdur”.

Barrozu əmindir ki, bu həm də portuqallar üçün qürur duyğusu olmalıdır: “Ehtimal ki, mədəniyyətimizin özəllikərindən biri bunda ehtiva olunub, lakin xoşbəxtlikdən Portuqaliyada indiyə qədər bu cür təzahürlərdən yayınmağa nail olmuşuq. Bu daha çox Luzofoniya (mədəniyyəti portuqal dili ilə sıx bağlı olan ölkələr-red.) ölkələrindən gələn adamlar hətta etnik baxımdan bizdən fərqlənsələr də, onları öz cəmiyyətimizə qəbul etmək bacarığımızın asanlığı ilə izah olunur”.

Keçmiş baş nazir öz çıxışını bu sözlərlə yekunlaşdırıb ki, Avropa “mühacirətin ağıllı və uyğun şəkildə yönəldilməsinə əl atmalıdır. Ən azı, ona görə ki, təqaüdçülərin gələcəyini təmin edə bilsin”.

“Jornal de Noticias” (Portuqaliya)

27.05.2015